İmam Hüseyn (ə) əzadarının diqqət etməli olduğu ən mühüm nüanslar
Əhliman Rüstəmov: “İmam Hüseynin (ə) getdiyi yoldan örnək götürüb, Həzrətin məktəbinə sadiq qalmaq hər bir inanclı ins anın borcudur”
Peyğəmbərin (s) yolunu davam etdirən və haqq-ədalət rəmzi olan İmam Hüseyn (ə) Hicrətin 61-ci ili, Məhərrəm ayında Kərbəla çölündə əməvi xəlifəsi Yezid tərəfindən şəhid edildi. 1370 il bundan qabaq baş verən faciə nəticəsində Peyğəmbər (s) nəvəsi, İmam Əli (ə) və Həzrət Fatimə (s.ə) övladı İmam Hüseyn (ə) tərəfdarları ilə birlikdə zülmə məruz qalaraq amansızcasına şəhid edildi. İmam Hüseyn(ə) Allah və onun dini uğrunda canını qurban verdi. Məhz Kərbəla faciəsi həqiqi İslamı olduğu kimi müsəlmanlara çatdırdı. O, zamandan, bu günə kimi müsəlmanlar İmam Hüseynin (ə) şəhid olduğu günü dərin hüzn və kədər hissi ilə yad edərək, əza saxlayırlar. Hər il milyonlarla müsəlman məscidlərə axışaraq İmam Hüseyn (ə)-a göz yaşı tökürlər. Bəs görəsən həqiqi İmam Hüseyn(ə) əzadarı hansı dəyərlərə sahib olmalı və əzadarlıqla bağlı nələrin fərqinə varmalıdır? İslaminSesinin sualını ilahiyyatçı alim Hacı Əhliman Rüstəmov cavablandırıb. İlahiyyatçı bildirib ki, İmam Hüseyn(ə) din yolunda şəhid olub. Hədislərdə də buyurulur ki, “İslam, Peyğəmbərin (s) qurduğu və İmam Hüseynin (ə) saxladığı bir dindir”. Əgər İmam Hüseyn(ə) bu din uğrunda şəhid olubdursa, onun əzadarları da tam şəkildə Həzrətin yolunu davam etdirməlidir : “Yəni Həzrət Hüseyn (ə) əzadarı təqvalı, imanlı, layiqli, dini ayin və ibadətləri düzgün yerinə yetirən bir mömin olmalıdır”. Hacı Əhliman Rüstəmov qeyd edib ki, möminlərin başlıca vəzifələrindən biri də dini düzgün tanımaqdan ibarətdir: “ İmam Hüseyn (ə) Aşura xütbələrində buyurur: “ Həmd olsun o Allaha ki, bizi din başa düşən qərar verib”. Həzrəti Peyğəmbər (s) isə buyurur: “Dünyada dini başa düşən mömin, ağıllı insan olmaq, dini mövzularda və ümumiyyətlə həyatda xeyirlə-şəri bir-birindən ayırmağı bacarmaq, riyakarlıqdan kənar durmaq, İmam Hüseynin (ə) getdiyi yoldan örnək götürüb, Həzrətin məktəbinə sadiq qalmaq hər bir inanclı insanın borcudur”. Bütün bu xüsusiyyətlər isə sonda yenə də dini düzgün anlayıb, dərk etməyə bağlanır”. İlahiyyatçı- alimin sözlərinə görə, İmam Hüseyn (ə) qiyam edərkən, “məqsədim insanları yaxşılığa dəvət etmək, cəddim Peyğəmbər (s) və atam Əlinin (ə) yolunu getməkdir” – deyirdi. Odur ki, möminlər Məhərrəm ayından və bu ongünlükdən istifadə edərək insanları düz yola yönəltməyə, haqq yolu göstərməyə, ibadət və itaətə təşviq etməyə çalışmalıdırlar”. Oxşar xəbərlər
|