Ayətullah Xameneinin nəzərində Məhərrəm ayının hökmləri
Sual 1: Məhərrəm ayında xeyriyyəçi insanlardan müəyyən məbləğ yığmaq və bu məbləği müxtəlif paylara ayıraraq bir hissəsini Quran qarisinə, mərsiyə oxuyana və xətibə (xütbə edənə) vermək, qalanını isə məclislərin təşkil edilməsi üçün sərf etmək olarmı?
Cavab: Əgər bu məbləği verənlərin razılığı ilə olarsa, maneəsi yoxdur. Sual 2: İmam Hüseynin (ə) Aşura mərasimi üçün yığılan xərclərdən artıq qalanı hansı yerə xərclənməlidir? Cavab: Bu xərcləri hədiyyə edənlərin icazəsini alıb, artıq qalan vəsaiti xeyriyyə işlərinə sərf etmək, yaxud onu gələn ilin əzadarlıq məclislərinə xərcləmək üçün saxlamaq olar. Sual 3: Hüseyniyyədən Quranın qiraəti və imam Hüseyn (ə) məclislərinin səsi olduqca ucadan yayımlanır. Belə ki, bu səs şəhərdən kənarda da eşidilir. Bu isə, hüseyniyyənin qonşuluğunda olanların dincliyini almışdır. Hüseyniyyənin məsulları və xətibləri bu əməli davam etdirirlər. Bu əməlin hökmü nədir? Cavab: Baxmayaraq ki, hüseyniyyədə dini mərasimlərin və şüarların uyğun zamanlarda təşkil edilməsi ən yaxşı işlərdən və böyük müstəhəb əməllərdəndir, amma mərasimləri təşkil edənlər və əza saxlayanlar qonşuları incitmək və onlara maneəçilik törətməkdən mümkün qədər çəkinməlidirlər. Məsələn, səsucaldanın səsini azalda və ya səsi hüseyniyyənin daxilində yayımlaya bilərlər. Sual 4: Bir çox məntəqələrin, xüsusilə də kəndlərin hüseyniyyələrində və məscidlərində qədim ənənəvi mərasimlərdən olan şəbih (Kərbəla hadisələrinə həsr olunmuş faciəli tamaşa) göstərilir. Bu mərasimlər bəzən insanlarda müsbət təsirlər qoyur. Bu mərasimlərin hökmü nədir? Cavab: Əgər şəbih çıxarma mərasimləri yalan və yanlış məsələlərə şamil olmazsa, fəsada yol açmazsa və dövrün tələbləri nəzərə alınaraq haqq məzhəbin gözdən düşməsinə səbəb olmazsa, bu mərasimləri icra etməyin maneəsi yoxdur. Amma eyni zamanda, daha yaxşı olar ki, bu mərasimlərin yerinə moizə və maarifləndirmə məclisləri təşkil edilsin, imam Hüseynin (ə) müsibətlərindən danışılsın və mərsiyələr oxunsun. Sual 5: Əgər qadın bilsə ki, naməhrəm kişilər onun səsini eşidirlər, bu halda onun əzadarlıq məclislərində növhə və mərsiyyə oxumasına icazə verilirmi? Cavab: Əgər fəsad qorxusu olsa, bu işdən çəkinməlidir. Sual 6: Əzadarlıq mərasimlərində sintizator, sinc və başqa musiqi alətlərindən istifadə etməyin hökmü nədir? Cavab: Musiqi alətlərindən istifadə Seyyidüş-şühədanın (ə) əzadarlığına uyğun deyildir və layiqlisi budur ki, əzadarlıq mərasimi qədimdə keçirildiyi ənənəvi şəkildə keçirilsin. Sual 7: Əgər əzadarlıq məclislərində iştirak etdiyinə görə mükəlləf bəzi vacib əməlləri əldən versə, məsələn, sübh namazını qəzaya versə, bundan sonra belə məclislərdə iştirak etməməsi daha yaxşıdır? Yoxsa belə məclislərdə iştirak etməmək onun Əhli-beytdən (ə) uzaq düşməsinə səbəb olar? Cavab: Aydın məsələdir ki, vacib namaz Əhli-beytin (ə) əzadarlıq məclislərində iştirak etməyin fəzilətindən öndə durur. Əhli-beytin (ə) əzadarlıq məclislərində iştirak etmək bəhanəsi ilə namazı tərk etmək və ya qəzaya vermək caiz deyildir. Amma namaza maneəçilik törətməyəcək tərzdə əzadarlıq məclislərində iştirak etmək mümkün və təkid olunmuş müstəhəb əməllərdəndir. Sual 8: Məhərrəm ayının gecələrində əzadarlıq dəstələrinin yürüşünün təbil və neyin müşayiəti ilə gecə yarısına qədər davam etməsi barədə sizin nəzəriniz nədir? Cavab: Seyyidüş-şühəda (ə) və onun səhabələri üçün əzadarlıq dəstələrinin yürüşünü təşkil etmək və bu mərasimlərdə iştirak etmək bəyənilən bir işdir və insanı Allaha yaxınlaşdıran böyük əməllərdəndir. Amma başqalarının narahatlığına səbəb olan və ya şəriət baxımından öz-özlüyündə haram olan işlərdən çəkinmək lazımdır. Sual 9: Qadınların öz hicablarını qoruyaraq və bədənlərini örtən xüsusi bir geyim geyinərək sinə vuran və zəncir vuran dəstələrdə iştirak etmələrinə icazə verilirmi? Cavab: Qadınların sinə vuran və zəncir vuran dəstələrdə iştirak etmələri uyğun deyil. Sual 10: Əgər insan İmamların (ə) ziyarətgahında özünü yerə yıxsa və üzlərini və sinələrini qan gələnədək yerə sürtən, sonra həmin vəziyyətdə ziyarətgaha daxil olan bəzi insanlar kimi əməl etsə, hökmü nədir? Cavab: Hüzn və kədərin təzahürü, ənənəvi əzadarlıq və İmamlara (ə) sevgi hesab olunmayan bu əməllərin şəri baxımdan əsası yoxdur. Əksinə, əgər bədənə nəzərə çarpacaq bir zərərin dəyməsi və ya məzhəbin gözdən düşməsi ilə nəticələnərsə, bu işlərə icazə verilmir. Sual 11: Seyyidüş-şühədanın (ə) əzadarlıq mərasimində bayraqdan istifadə etməyin – bayrağı məclisə qoymaq və ya gəzdirməyin – hökmü nədir? Cavab: Bu işin öz-özlüyündə maneəsi yoxdur. Amma bu işlər dini göstərişlərdən hesab olunmamalıdır. Sual 12: Bəzi müsəlmanlar kimi, bədənə zəncir vurmağın hökmü nədir? Cavab: Əgər adi və ənənəvi qaydada olsa, həmçinin ürfün nəzərində əzadarlıqda hüzn və kədərin təzahürü hesab olunduğu tərzdə olsa, maneəsi yoxdur. Sual 13: Aşura günü qəmə vurmaq və ayaqyalın odun, közərən kömürün içərisinə girmək kimi mərasimlər icra olunur. Bu işlər on iki imam şiə məzhəbinin adına İslam məzhəblərinin alimləri və ardıcıllarının, eləcə də dünya xalqlarının nəzərində ləkə gətirməklə yanaşı, bu işləri görənlərə cismi və ruhi zərərlər də vurur. Həmçinin məzhəbin adına nalayiq sözlərin deyilməsinə səbəb olur. Bu barədə sizin nəzəriniz nədir? Cavab: İnsana zərəri olan və ya dinin və məzhəbin gözdən düşməsinə səbəb olan hər bir iş haramdır və möminlər bundan çəkinməlidirlər. Gizli deyil ki, ən çox bu işlər Əhli-beyt (ə) məzhəbinin adına ləkə gəlməsinə və gözdən düşməsinə səbəb olur. Bu isə ən böyük zərərlərdən və xəsarətlərdəndir. Sual 14: “Zərər”in istər cismin, istərsə də ruhun zərərinin şəri meyarı nədir? Cavab: Meyar ürfün nəzərində diqqəti cəlb edən və etina olunan zərərdir. Sual 15: Gizli şəkildə qəmə vurmaq (başı xəncərlə yarmaq) halaldırmı? Yoxsa sizin fətvanız ümumidir? Cavab: Qəmə vurmaq ürfün nəzərində hüzn və kədərin təzahürü sayılmır, həmçinin bu əməl İmamların (ə) dövründə və sonrakı dövrlərdə görünməmiş, onun barəsində Məsumlardan (ə) xüsusi və ya ümumi şəkildə bir dəlil bizə gəlib çatmamışdır. Bütün bunlardan əlavə, bu əməl hazırkı dövrdə məzhəbin gözdən düşməsinə və adına ləkə gəlməsinə səbəb olur. Buna görə də, heç bir halda buna icazə verilmir. Leader.ir Oxşar xəbərlər
|