İmam Rzadan (ə) İmam Hüseynə (ə) ağlamaq insanın günahlarını yuyar
Qurani-Kərimin məntiqi belədir ki, Allah Təala heç bir zülmün gizli qalmasını istəmir. Ona görə də bəndələrinə icazə verir ki, ifşa edərək həmin zülmü aşkar etsinlər. Allah istəmir ki, hər bir məzlumun ahı qəlbində gizli qalsın. “Kim Allahın nişanələrinə ehtiram göstərsə, şübhəsiz, (bu ehtiram) qəlblərdəki təqvadan hasil olur”. (“Həcc” 32). Bu ayə hər birimizi İlahi şüarları böyük tutmağa təşviq edir. O əməldə ki, Allah yada salınar, həmin əməl İlahi şüar sayıla bilər. Ona görə də Allah yolunda canlarını qurban verənlər üçün əza məclisləri saxlamaq da İlahi şüarlardandır. Çünki insana Allahı yada salır və bu işdə müsibət görmüşlərin qəminə şərik olmaq – Allahın bəyəndiyi işlərdəndir. Quranın başqa bir ayəsində oxuyuruq: “Və qəm-qüssədən (qəm-qüssənin çoxluğundan)onun hər iki gözünə ağ gəldi və onu daim qüssə boğurdu”. (“Yusif” 84). Bu ayə Həzrət Yəqubun (ə) çəkdiyi qəm və əza haqqında bizə məlumat verir. Əgər hədislərimizə nəzər salsaq, görərik ki, əza saxlamaq müstəhəb əməllərdən hesab olunur. Həzrət Peyğəmbər (s) Həzrəti Zəhraya (s.ə) buyurur: “Qiyamət günü hər bir göz ağlardır, o gözdən başqa ki, Hüseynə (ə) ağlamışdır. Bu cür insan həmişə gülərüz olar və behişt nemətləri ona müjdə verilər”. İmam Rza (ə) İbni Şəbibə buyurur: ”Ey Şəbibin oğlu! Məhərrəm o aydır ki, insanlar cahiliyyət dövründə müharibə etməyi və qətl etməyi haram ediblər. Ancaq bir dəstə müsəlman bu haramı tanımadılar. Peyğəmbərin (s) övladını öldürdülər, övladlarını və xanımlarını əsir götürdülər. Əgər kiməsə ağlamaq istəyirsənsə, Hüseyn ibn Əli (ə) üçün ağla. Həmçinin onun 18 nəfər Əhli-beytini ki, Yer üzündə heç kəs onlara bənzəmirdi, şəhid etdilər. Bu müsibət o qədər böyükdür ki, yerlər və göylər şəhadətində ağladılar. Aşura günü gözlərimizə qan yükləyibdir. Ürəklərimizi yandırıbdır, göz yaşlarımız axar olubdur və əzizlərimizi xar edibdir. Kərbəla diyarı Qiyamətə qədər bizim üçün bəla qoyubdur. Bilin ki, Hüseynə (ə) ağlamaq insanın günahlarını tökər və insanı pak edər”. İmam Rza (ə) buyurur: “Hər kim bizə rəva görülən müsibəti yada salar və onun üçün ağlayar - Qiyamət günü bizimlə birlikdə olar. Hər kim bizim müsibətimizə ağlayar və başqalarını ağladar – bütün gözlərin ağlar olduğu gündə gözləri ağlar olmaz. Həmçinin o kəs ki, bizim əmrimizin bərpa olduğu məclisdə əyləşər – ürəklərin öldüyü gün onun ürəyi sağ olar”. Bu hədislərdən də göründüyü kimi Kərbəla şəhidlərinə ağlamaq və əza saxlamaq xüsusi inayətə malikdir. Aşura elə bir vücudi yaradır ki, Qiyamətə qədər sağalmaz. Aşura ona görə mühüm bir hadisədir ki, bu hadisədə fədakarlıq və öz haqqından keçmək öz pik nöqtəsinə çatmışdır. Bu, elə bir fədakarlıq idi ki, misli-bərabəri indiyə qədər görülməmişdir. Oxşar xəbərlər
|