AŞURA İNQİLABININ MAHİYYƏT VƏ SƏBƏBLƏRİ
Mьəllif: admin1
Tarix: 12-10-2016, 22:17
AŞURA İNQİLABININ MAHİYYƏT VƏ SƏBƏBLƏRİ
İmam Hüseynin (ə) inqilabı barədə bir sıra suallar qarşıya çıxır ki, o həzrətin inqilabının səbəblərinin aydın olması məhz həmin sualların cavabından asılıdır. Suallar belədir:

Əgər Yezid imam Hüseyndən (ə) beyət almaq üçün təzyiq göstərməsəydi, o həzrət (ə) yenə qiyam edəcəkdimi? Kufə camaatı imam Hüseyni (ə) Kufəyə dəvət etməsəydi, yenə bu qiyam baş verəcəkdi? Bu qiyam bugünkü zəmanədə materialistlərin irəli sürdüyü kor-koranə və hesabsız ictimai partlayışdır, yoxsa hesab-kitablı və əvvəlcədən hazırlıqlı bir qiyam?

Bu sualların cavablarının aydınlaşması üçün əvvəlcə qeyd etməliyik ki, adətən, təkmahiyyətli olan təbii işlərdən fərqli olaraq ictimai hadisələr bir neçə mahiyyətə malik ola bilər. Məsələn, bir filiz eyni zamanda həm qızıl, həm də mis mahiyyətini daşıya bilməz. Ancaq ictimai hadisələrin eyni zamanda həm bir neçə cəhəti, həm də onun meydana çıxmasında bir neçə vasitə təsirli ola bilər. Məsələn, bir inqilab və onun mahiyyəti mümkündür, bir işə qarşı reaksiyadan ibarət olsun. Lakin eyni zamanda həmin inqilabın hücum mahiyyəti də ola bilər. Üstəlik, reaksiya mahiyyəti daşıdığı anda, mümkündür, bir hadisəyə qarşı mənfi, digər bir hadisəyə isə müsbət reaksiya versin.

İmam Hüseynin (ə) inqilabı da belə hadisələrdəndir və bu cəhətlərin hamısı onda mövcud olduğundan, həmin inqilabın müxtəlif səbəbləri vardır. İndi həmin səbəbləri nəzərdən keçirək:

1. YEZİDƏ BEYƏTLƏ MÜXALİFƏT

Zaman nöqteyi-nəzərindən imam Hüseynin (ə) inqilabının ilk səbəbi Yezidin hökuməti tərəfindən imam Hüseyndən (ə) beyət istəmək və o həzrətin bununla müxalifəti olmuşdur. Tarixçilərin qeydləeinə əsasən, hicrətin 60-cı ili Rəcəb ayının 15-də Müaviyə öldükdən sonra Yezid Mədinənin valisi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazdı ki, imam Hüseyndən (ə) onun üçün beyət alsın və bu işi əsla yubatmasın. Məktub çatan kimi Mədinənin valisi imam Hüseyni (ə) çağırıb, onu məsələdən agah etdi. Hələ Müaviyənin sağlığında Yezidin vəliəhdliyi ilə müxalif olan imam Hüseyn (ə) bu dəfə də beyətdən boyun qaçırtdı. Çünki Yezidə beyət etmək təkcə Yezid kimi alçaq bir şəxsin hakimiyyətini təsdiqləmək deyil, həm də əsasını Müaviyə qoymuş diktatura rejimi kimi böyük bidəti təsdiqləmək idi.

Mədinənin hakimi tərəfindən təzyiqlər davam etsə də, ancaq bu təzyiqlər imam Hüseynin (ə) müqavimətini qıra bilmədi. Təzyiqlərin artması nəticəsində imam Hüseyn (ə) Rəcəb ayının 28-də ailəsi və Bəni-Haşimdən bir dəstə ilə birlikdə Mədinəni Məkkə məqsədilə tərk etdi və Şəban ayının 3-ü Məkkəyə çatdı. Şəhərlər arasından məhz Məkkəni seçməyin səbəbi oranın əmin-amanlıq yeri olması idi. Bundan əlavə, qarşıdan həcc mərasimi gəlirdi. Hacıların tez bir zamanda Məkkəyə yığılacağını nəzərə aldıqda, bu şəhər imam Hüseynin (ə) öz məqsədini müsəlmanlara çatdırması üçün ən münasib yer idi.

İmam Hüseynin (ə) inqilabı bura qədər reaksiya mahiyyəti daşıyırdı – özü də qeyri-şəri istəyə qarşı mənfi reaksiya! Çünki Yezid hökuməti ondan zor gücünə beyət almaq istəyir, amma imam Hüseyn (ə) buna razı olmurdu. Məlumdur ki, imam Hüseyn (ə) Kufə əhalisinin dəvətindən qabaq Yezid hökumətinin təzyiqlərinə qarşı müxalifət edirdi. Əgər Kufə əhalisinin dəvəti olmasaydı da, imam Hüseyn (ə) Yezidə beyət etməyəcəkdi.

2. KUFƏLİLƏRİN DƏVƏTİ

İmam Hüseyn (ə) Şəban ayının 3-də Məkkəyə çatıb, orada düşərgə saldı və hökumətin əsl mahiyyətini açıqlamağa başladı. O həzrətin Yezidin hökumətinə qarşı müxalifəti və Məkkədə düşərgə salması İraq əhalisinə çatdı. Təxminən, iyirmi il qabaq imam Əlinin (ə) ədalətli hakimiyyəti yadında qalmış, o həzrətin təlim-tərbiyəsi hələ tamamilə yadlarından çıxmamış Kufə əhalisi qərara gəldi ki, Yezidin hakimiyyətinə qarşı çıxaraq imam Hüseyni (ə) Kufəyə dəvət edib, ona itaət etsinr.

Kufə şiələrinin başçıları, o cümlədən, Süleyman ibn Sürəd, Müsəyyib ibn Nəcəbə, Rüfaə ibn Şəddad Bəcəli və Həbib ibn Məzahir imam Hüseynə (ə) məktub yazıb onu dəvət etdilər ki, İraqa gəlib onlara rəhbərlik etsin. İlk məktub hicrətin 60-cı ili Ramazan ayının 10-da o həzrətə çatdı.

Hər gün Kufənin müxtəlif şəxsiyyət və dəstələri tərəfindən məktublar gəlməkdə davam edirdi. Belə ki, imam Hüseynə (ə) təkcə bir gündə altı yüz məktub çatdı. Məktubların ümumi sayı təxminən on iki minə çatırdı. İmam (ə) camaatın müsbət reaksiya göstərməsini, məktubların axınını və istəkləri nəzərə alaraq iraqlıların dəvətinə müsbət cavab verməyi qərara aldı. Buna görə də, əmisi oğlu Müslim ibn Əqili oranın vəziyyətini araşdırıb nəticəni ona xəbər vermək üçün İraqa göndərdi. Əgər Kufə camaatı yazdıqlarına əməli olaraq vəfalı qalacaqdısa, İmam (ə) özü də ora yola düşəcəkdi.

Göründüyü kimi, imam Hüseyn (ə) kufəlilərin dəvətinə qarşı münasibəti və münasibətin mahiyyəti müsbət olmuş və iraqlılarla bir növ həmkarlıq xüsusiyyəti daşımışdır. Tarixi faktlardan məlum olur ki imam Hüseyn (ə) Məkkədə Yezidə beyət etməməkdən başqa vəzifəsi yox idi. Onu da yerinə yetirmişdi. Ancaq Kufə camaatının dəvəti hadisəyə yeni bir cəhət verdi və imam Hüseyn (ə) üçün yeni bir məsuliyyət ortaya çıxdı. Elə bil, İmam (ə) belə bir nəticəyə gəldi ki, əgər Kufə camaatı bu cür həvəslə məni dəvət edirsə, onda, mən də İraqa getməliyəm. Əgər vədələrinə vəfa etsələr, çox yaxşı, əgər etməsələr, yenə də Məkkəyə qayıdaram, ya da başqa bir İslam məntəqəsinə gedərəm.

Buna əsasən, imam Hüseynin (ə) Yezidlə beyətdən imtinası kufəlilərin dəvətindən qabağa düşür. Hələ İmam (ə) Məkkəyə çatdıqdan qırx gün sonra Kufədən ilk məktub yetişir. Bütün faktlar göstərir ki, İmamın Yezidlə beyətdən imtinasına kufəlilərin dəvəti yox, hər bir halda onun hakimiyyəti ilə barışmamazlığı olub.

3. “ƏMR BE MƏRUF VƏ NƏHY ƏZ MÜNKƏR” VƏZİFƏSİ

İmam Hüseyn (ə) elə Mədinədən “əmr be məruf və nəhy əz münkər” (yaxşılığa dəvət və pislikdən çəkindirmək) şüarı ilə hərəkata başladı. Deməli, bunu yalnız beyətdən boyun qaçırmaqla əlaqələndirmək olmaz. İmamdan beyət tələb olunmasaydı da, o, yenə inqilab edəcəkdi. Həmçinin bunu sırf kufəlilərin dəvəti ilə də düyünləməməliyik. Öncə qeyd olunduğu kimi, İmamın beyətdən imtinasından hələ bir ay yarım sonra Kufədən məktublar gəlməyə başlayır. Bu onu göstərir ki, İmam hakimiyyəti qanunsuz buxovlamış dinsiz rejimlə heç cürə barışmaq fikrində deyildi. Beləliklə, İmamın hədəfi İslam və dini süquta sürükləyən, sütunlarını zülm, fəsad, bidətlə laxladan Müaviyənin tərəfindən miras qalmış hakimiyyətin devrilməsinə yönəlmişdi.

Bəli, bu üç amilin hər biri imam Hüseynin (ə) inqilabında xüsusi rola malik olub.

Birinci amilə qarşı İmamın (ə) mövqeyi müdafiə xarakterli idi. Çünki onu zorla beyətə çağırırdılar, o da imtina edirdi. İkinci amilə qarşı İmamın (ə) mövqeyi yardım xarakterli idi. Çünki kufəlilərin ardı-arası kəsilməyən çağırışlarına biganə qala bilməzdi. Üçüncü amilə qarşı isə İmamın (ə) mövqeyi tam qiyam xarakterli idi. Çünki o, Yezidin qanunsuz hakimiyyəti ilə əsla barışmaq istəmirdi.

HƏR ÜÇ AMİLİN ÖZ DƏYƏRİ

İndi görək bu üç amildən hansı biri daha çox əhəmiyyət daşıyır? Şübhəsiz, Kufə camaatının dəvətini qəbul etmək amilinin özünəməxsus əhəmiyyəti vardır. Çünki imam Hüseyn (ə) Yezidin qanunsuz hakimiyyətinə etiraz edib, camaata öz hazırlığını bildirdi. Əgər şərait yaxşı olsaydı, sözsüz, İmam (ə) İslam dövləti quracaqdı. Lakin İmamın Yezidə beyətindən imtina etməsi amili daha çox əhəmiyyət daşıyır. Çünki İmam (ə) dəfələrlə elan etmişdi ki, nəyin bahasına olursa olsun, bütün təzyiqlərə dözüb, Yezidə beyət etməyəcək. Bu da İmamın təzyiq və zorakılığa qarşı dözüm və müqavimətini göstərir.

Bunlardan daha çox əhəmiyyətlisi isə üçüncü amil, yəni “əmr be məruf” və “nəhy əz münkər” amilidir. Burada imam Hüseynin (ə) hərəkəti nə hökumətə qarşı bir reaksiya, nə müdafiə, nə də kömək və dəvətə qarşı cavab idi. İmamın hərəkəti yalnız hökumətə qarşı etiraz və hücum idi.

Əgər Kufə camaatının dəvəti əsas səbəb olsaydı, kufəlilərin vəfasızlıq xəbəri o həzrətə yetişərkən öz məqsədindən dönüb, mövqeyini dəyişərək İraq səmtinə hərəkətini saxlayardı. Ancaq görürük ki, İmamın ən əsas xütbələri, ən həyəcanlı və təhrikedici çıxışları məhz Müslimin şəhadətindən sonra olmuşdur. Buradan imam Hüseynin (ə) “əmr be məruf” və “nəhy əz münkər” amilinə nə qədər üstünlük verməsi və Yezidin azğın hökumətinə kəskin etirazla hücuma keçməsi məlum olur.

Bura qədər verilən şərhlərdən öncə qeyd edilən birinci və ikinci sualın cavabı aydınlaşır. Belə ki, Yezid beyət məqsədilə imam Hüseyni (ə) təzyiqlərə məruz qoymasaydı da, o həzrət yenə Yezidin hakimiyyətinə qarşı müxalifətçilik edəcəkdi. Həmçinin kufəlilər İmamı (ə) dəvət etməsəydilər belə, yenə bu inqilab həyata keçəcəkdi.

İndi isə üçüncü sualın cavabının aydın olması üçün bu inqilabda İmamın “əmr be məruf” və “nəhy əz münkər” amilinə nə dərəcədə diqqət yetirdiyini göstərən bir neçə canlı sənədə nəzər yetirək:

1. İmam Hüseynin (ə) etiqadi-siyasi vəsiyyətnaməsi: İmam Hüseyn (ə) Mədinədən hərəkət etməzdən öncə qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islahı, “əmr be məruf” və “nəhy əz münkər”, cəddi Peyğəmbər (s) və atası Əlinin (ə) sünnəsinin dirçəldilməsi ilə əlaqələndirmiş, özünün tövhid, nübüvvət və məada əqidəsini bildirdikdən sonra belə yazmışdır: «...Mən Mədinədən nə özümü qorumaq, nə azğınlıq, nə nəfsin istəklərinə tabe olmaq, nə də (yer üzündə) fəsad və zülm törətmək üçün çıxıram. Mənim məqsədim ancaq cəddimin ümməti arasında islahat aparmaq, “əmr be məruf” və “nəhy əz münkər”i icra etməkdir. Mən (islahat fikrindəyəm,) cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq naminə bu yolda mənə qoşulsa, mən öz yolumla gedəcəyəm. Qoy, Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən, O, hakimlərin ən yaxşısıdır.” (“Biharul-ənvar”, c.44, s. 329)

Göründüyü kimi, imam Hüseyn (ə) vəsiyyətnaməsində aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd edir: 1) ümmət arasında islahat aparmaq; 2) “əmr be məruf”; 3) “nəhy əz münkər”; 4) cəddi Peyğəmbərin (s) və atası Əlinin (ə) sünnəsinə bağlılıq və onu dirçəltmək.

2. Bağışlanılmaz sükut: İmam Hüseyn (ə) İraqa gedərkən yolda Beyzə adlı məntəqədə Hürrün qoşunu ilə üzləşdi. İmam (ə) üzünü Hürrün qoşununa tutub xütbə söylədi və öz inqilabının səbəbini belə açıqladı: “Camaat! Allahın Peyğəmbəri buyurmuşdur: “Kim Allahın haramını halal edən, Onun əhdini pozan, Peyğəmbərin (s) qanun və sünnəsinə müxalif olub insanlar arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə, ona qarşı sözü və əməli (hərəkəti) ilə etiraz etməsə, Allah (sükut edən) həmin şəxsi o hökmdarın düçar olacağı əzaba (cəhənnəm əzabına) düçar edər. Camaat! Agah olun, bunlar (Bəni-Üməyyə) Allahın itaətindən çıxıb, şeytan itaətinə keçməyi özlərinə vacib bilmişlər. Onlar fəsadı yaymış, ilahi qanunların icrasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus payı özlərinə götürmüşlər. Mən müsəlman cəmiyyətini doğru yola yönəldib onlara rəhbərlikdə, cəddimin dinini min cür fəsadlarla dəyişmiş hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm...” (“Məqtəlül-Hüseyn”, səh. 85)

3. Sünnənin bidətlərlə əvəz olunması: İmam Hüseyn (ə) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. Məktubda keçmiş xəlifələrin dövründə İslamın həqiqi rəhbərlərinin siyasət səhnəsindən uzaqlaşdırıldığını, onların ixtilaf və təfriqənin qarşısını alıb İslamın ali məsləhətləri naminə bu vəziyyətə dözmələrini vurğuladıqdan sonra belə yazır: “...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərir, sizi Allahın kitabı və Peyğəmbərin sünnəsinə dəvət edirəm. İndi elə vəziyyətdəyik ki, Peyğəmbərin sünnəsi tamamilə aradan getmiş və yerini bidətlər tutmuşdur. Əgər sözümə qulaq assanız, sizi düz yola hidayət edərəm...” (“Tarixul-uməmi vəl-muluk”, c.6, s. 200)

4. Аrtıq hаqqа әmәl оlunmur: İmam Hüsеyn (ә) İrаq yоlundа Zi-Hüsum аdlı yеrdә sәhаbәlәrinә belə buyurdu: “Vәziyyәti аrtıq özünüz görürsünüz. Zәmаnә dоğrudаn dа dәyişmişdir. Pisliklәr mеydаnа çıхmış, yахşılıqlаr vә fәzilәtlәr аrаdаn gеtmiş, qаbın dibindәki bir-iki dаmcı su qədər qаlmışdır. Cаmааt zillәt vә аlçаqlıq içindә yaşayır. Hәyаt sәhnәsi dаş-kәsәkli, аz оtlu bir оtlаğа, çәtin vә dözülməz vəziyyətə çеvrilmişdir. Görmürsünüz ki, dаhа hаqqа әmәl оlunmur vә bаtilin qаrşısı аlınmır? Bеlә bir vахtdа imаnlı bir şәхsin (cаnındаn kеçib) Аllаhа qоvuşmаğа hаqqı vаr. Bеlә çirkin vә аlçаq hәyаtdа mәn ölmәyi sәаdәt, zаlımlаrlа bir yеrdә yаşаmаğı isә zillәt vә аlçаqlıq hеsаb еdirәm. Bu cаmааt dünyа qullаrıdır. Din оnlаrın dilindә lаğlаğıyа çеvrilib. Asаyiş vә rifаhdа olduqlаrı vaxta qәdәr dinә kömәk еdir, imtаhаnа çәkildikdə isə sаylаrı аzаlır.” (“Məsum imamların həyatı”, Mehdi Pişvayi.)

Rza Şükürlü
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031