Aşura günündə məhv edilən İmam Hüseyn (ə) qatili
İbn Kəsir də öz tarixində İbn Ziyadın hicrətin 67-ci ilində elə məhz Aşura günü öldürüldüyünü yazıb.
Ziyadın oğlu Übeydullah atasından sonra Muaviyət ibni Əbu-Sufyanın əmri ilə 672-ci ildə ildə Xorasana vali təyin olundu. 675-ci ildə Müaviyə Bəsrəni ona təslim etdi. Übeydullah da atası kimi Əhli-beytin qatı düşməni idi. İraqda bir neçə məscid tikdirib, bu məscidlərin minbərindən Həzrət Əliyə (ə) lənət oxutdururdu. Onun xəbisliyinin səbəbini əsl-nəcabətində axtarmaq lazımdır. Übeydullahın anası Mərcanə adlı kəniz idi və əxlaqsızlıqda ad çıxarmışdı. Hətta Həzrət Zeynəb Kufədə söylədiyi xütbədə Übeydullahı “yəbnə Mərcanə” (ey Mərcanənin oğlu) adlandırmışdı ki, bu da ərəblərdə böyük rüsvayçılıq və təhqir sayılır. Ubeydullah ibni Ziyad Kərbəlada baş verənlərin Yeziddən sonra əsas səbəbkarıdır. Yezid İbni-Ziyada İmam Hüseyndən beyətin alınmasını, qəbul etməzsə öldürülməsini istəmişdi. İbni-Ziyad isə İmamın qətlinə hamıdan çox susuz idi. İmam və Əhli-beytinin faciəli şəkildə öldürülməsi, əsirlərin qarət edilməsi və onlara verilən əziyyətlər əsasən Ubeydullahın əmrlərindən irəli gəlirdi. Kərbəla faciəsindən sonra İbn Ziyad Əməvi hökumətinə daha bir neçə dəfə xidmət göstərdi. Yezidin ölümündən və vəliəhd ikinci Yezidin hakimiyyətdən imtina etməsindən sonra yaranmış qarışıqlıq fonunda Übeydullah əvvəlcə xilafət tacını ələ keçirmək istədi. Amma məqsədinə çata bilməyəcəyini anlayanda İraq torpaqlarını buraxıb Şama qaçdı. Burada ustalıqla manevr edib Mərvan ibni Həkəmin hakimiyyətə gəlməsinə şərait yaratdı. Daha sonra İmam Hüseynin (ə) intiqamını almaq şüarı altında qiyam qaldırmış təvvabin (tövbə edənlər) hərəkatını məğlub edib, minlərlə Əhli-beyt (ə) tərəfdarını qanına boyadı. Nəhayət, Əməvi xəlifəsi Əbdül-Məlik ibni Mərvanın əmri ilə Muxtarın üzərinə qoşun çəkdi. Hicri 67-ci ildə (686-cı ildə) tərəflər arasında baş vermiş şiddətli döyüşdə Muxtarın qoşununa başçılıq edən İbrahim ibn Malik Əştər Übeydullah ibn Ziyadı qılıncla iki yerə bölüb öldürdü. İbn Kəsir də öz tarixində İbn Ziyadın hicrətin 67-ci ilində elə məhz Aşura günü öldürüldüyünü yazıb. (əl-Bidayə vən-Nihayə, Məqtəl ubeydullah ibni Ziyad) İbrahim Übeydullahın başını kəsib Muxtara göndərdi. Muxtar da onu İmam Əlinin oğlu Mühəmməd ibn Hənəfiyyəyə yolladı. Mühəmməd başı görəndə şükr səcdəsi etdi, sonra onu Mədinəyə – İmam Zeynül-abidinə (ə) göndərdi. Übeydullahın başını İmam Zeynül-abidinin (ə) hüzuruna gətirəndə o həzrət yemək yeyirmiş. İmam qalxıb şükr səcdəsi etdi, sonra buyurdu: “Atamın kəsik başını Übeydullahın hüzuruna gətirəndə o, süfrə arxasında oturub yemək yeyirdi. O zaman Allaha dua etdim ki, eyni vəziyyətdə intiqamımı alana kimi mənə ömür versin. Indi duam yerinə yetdi”. Bəzi rəvayətlərə görə, Muxtar kəlləni aparan adama tapşırmışdı ki, İmam yemək yeyəndə Onun hüzuruna daxil olsun. İmam Zeynül-abidin (ə) hər gün günorta vaxtı iri süfrə açıb ehsan verərdi. Həmin gün camaat ehsana toplaşanda qasid gəlib Übeydullahın kəsik başını təhvil verdi. Oxşar xəbərlər
|