XANIM ZEYNƏB (Ə) İBN ZIYADIN SARAYINDA
“Aşura” faciəsindən sonra Yezidin adamları təbliğata başlayıb Yezidin qələbəsini Allahın istəyi kimi göstərməyə çalışırdılar. İbn Ziyad imam Hüseynin (ə) şəhadətindən sonra camaatı Kufə məscidinə yığıb öz işlərinə dini don geydirdirərək dedi: “Həmd olsun Allaha ki, haqqı qələbəyə yetirdi, əmir Yezid və onun tərəfdarlarına kömək etdi...”
Qürur badəsi ilə məst olan İbn Ziyad özünü həmişəkindən qüdrətli görürdü. Kufə əhalisini qorxutmaq üçün onların hamısına öz sarayında keçirdiyi məclisdə iştirak etməyə icazə verdi. O, hər şeyin tamamlandığını güman edib Yezidin ordusunun qələbəsini bu məclisin keçirilməsi ilə bayram etmək istəyirdi. Ona görə də, şəhidlər sərvəri imam Hüseynin (ə) mübarək başının gətirilməsini fərman verdi. İmamın başını onun qarşısına qoydular. İbn Ziyad öz xam xəyalı ilə böyük qələbə əldə etdiyini düşünürdü. Əsirlər karvanını İbn Ziyadın məclisinə gətirdilər. Xanım Zeynəb (s.ə.) köhnə paltarda, tanınmaz şəkildə bir guşəyə çəkildi və əyləşdi. Əhli-beytin digər qadınları da onun ətrafına yığışdılar. İbn Ziyad dedi: “O qadın kim idi ki, öz kənizləri ilə kənarda oturdu?” Dеdilər: “Bu Peyğəmbər balası Fatimənin qızı Zeynəbdir.” İbn Ziyad dedi: “Gördün, Allah ailənizin başına nələr gətirdi?!” Xanım Zeynəb (s.ə.) buyurdu: ما رَأَيتُ إِلّا جَمِيلاً هَؤُلاءِ قَومٌ كَتَبَ اللهُ عَلَيهِمُ القَتلِ فَبَرَزُوا إِلى مَضاجِعِهِم... “Gözəllikdən başqa bir şey görmədim. Allah onların şəhadətini qabaqcadan müqəddər etmişdi. Onlar da itaət edib öz axirət mənzillərinə yollandılar. Tezliklə Allah səninlə onları bir araya gətirəcək və sən onlarla üzləşəcəksən. İndi gör qalib və xoşbəxt kimdir? Anan matəmində əyləşsin, ey Mərcanənin oğlu!” (“Lühuf”, Seyid ibn Tavus, səh.117.) İbn Ziyad elə güman edirdi ki, başı müsibətlər çəkib əzizlərini itirmiş Zeynəb (s.ə.) kiçik bir tənə ilə təslim olacaq, göz yaşı tökəcək, ağlayıb-sıtqayacaq. Lakin xanım Zeynəb (s.ə.) onun sözlərini ağzındaca dondurub qürurunu sındırdı. İmam Əlinin (ə) şücaətli qızı Zeynəb (s.ə.) ürəyində qorxuya yol vermədi, təsirli və kəsərli sözləri ilə İbn Ziyadı öz qüdrətini göstərmək üçün məclisə yığdığı camaatın gözləri qarşısında rüsvay etdi. Peyğəmbər xanədanına rəva qıldığı cinayətlərini ifşa etdi. Əli qızı dilləndi: “Şükr olsun o Allaha ki, öz peyğəmbəri Mühəmməd (s) ilə bizə kəramət buyurub çirkinliklərdən pak etdi. Yalnız günahkar rüsvay olar və günahkar yalan danışar. Şükr olsun o Allaha ki, o biz deyilik, başqasıdır!” Zeynəb (s) İbn Ziyadla rəftarında göstərdi ki, mömin insan əsarət olsa da, heç vaxt güclü və qüdrətli düşmənin qarşısında başını zillətlə aşağı salmayacaq. Zeynəbin İbn Ziyadın qüdrəti qarşısında yenilməzliyi, əzəməti və iftixarı, onun Allaha olan imanın və xatircəmliyindən qaynaqlanırdı. O, imam Hüseyn (ə) kimi xatircəm bir nəfsə malik idi. Bütün bu xatircəmlik və qorxmazlığı qəlbində ilahi təfəkkürü yaşatmaqla əldə etmişdi. Allahı düşünüb Onu yad edən insan heç vaxt sərgərdan qalmaz və məğlub olmaz. Necə ki, imam Hüseyn (ə) tərəddüd etmədən Yezidlə beyət zillətini qəbul etmədi, qəlbləri ələ aldı, möminlərin və Allah dostlarının ürəklərinə malik oldu. “Aşura” imanlı qəlblər üçün ən böyük cazibə oldu. İmam Hüseyn (ə) yolunu davam etdirən və onun məktəbinin şagirdi olan Zeynəb (s.ə.) öz sözləri ilə qanlı Kərbəla hərəkatının izzət və əzəmətini artırdı. (“Həzrət Zeynəbin (s.ə.) həyatı”, Ustad Məhəmmədi İştihardi, səh. 60-61.) Rza Şükürlü Oxşar xəbərlər
|