ŞƏFAƏTİN ŞƏRTLƏRİ
İman əldən gedəndə insanın bağışlanma ilə olan əlaqəsi birdəfəlik kəsilir və o, bir də bu böyük lütfdən bəhrələnmək imkanına malik olmur Şəfaətin Allaha nisbət veriləndə həmin bağışlama, rəhmət vasitələrinə nisbət veriləndə isə şəfaət adlandırılmasını nəzərə alanda məlum olur ki, bağışlama üçün lazım olan hər bir şərt şəfaət barəsində də vardır. Əqli baxımdan bağışlanmanın şərti, şəxsin bağışlanma qabiliyyətinə malik olmasından başqa bir şey deyil. Əgər kimsə Allahın bağışlama rəhmətindən məhrum olursa, bu, ilahi rəhmətin məhdud olmasında deyil, həmin şəxsin bu qabiliyyətə malik olmamasındadır. Allahın rəhməti hansısa bir varlı şəxsin bank hesabı kimi məhdud deyil. Allahın rəhməti qeyri-məhduddur, amma qabiliyyətlər bir-birindən fərqlidir. Ola bilər ki, bir nəfər qətiyyən bağışlanma qabiliyyətinə malik olmasın və Allahın rəhmətindən bəhrələnməsin. Dini mənbələr baxımından aydındır ki, Allaha kafir olmaq və şərik qail olmaq əfv və bağışlanmanın insana çatmasına mane olur. Qurani-kərim belə buyurur: «Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlar...» (Nisa-116.) İman əldən gedəndə insanın bağışlanma ilə olan əlaqəsi birdəfəlik kəsilir və o, bir də bu böyük lütfdən bəhrələnmək imkanına malik olmur. İnsanın qəlbinə küfr möhürü vurulanda o, dünyanın bütün okeanlarına atılsa belə, içinə bir damcı su getməyən ağzı bağlı qaba bənzəyir. Həmin şəxsin vücudu, Haqqın rəhmət sularının gül əvəzinə tikan kolları yetişdirdiyi şoranlıqlara bənzəyir. Təbiətinin lətifliyində heç bir şübhə olmayan yağış bağçada lalə, şoranlıqda isə tikan bitirir. Əgər şoranlıqda gül bitmirsə bu, yağışın azlığı deyil, yerin o şeyə hazır olmamasındandır. Qurani-kərim mələklərin dilindən Allahın rəhmətinin genişliyini belə bəyan edir: «Ərşi daşıyanlar və onun ətrafında olanlar öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ihtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!». Bu ayədən həm Allahın rəhmətinin məhdud olmamasını və həm də bağışlanmadan bəhrələnmək ləyaqətinin əsas şərtini başa düşmək olar. Quranın ayələrindən belə başa düşülür ki, Allaha iman, şəfaət və bağışlanmaya nail olmağın əsas və zəruri şərtlərindəndir. Amma bu yeganə şərt deyil və heç kəs bütün şərtlərin nədən ibarət olmasını qəti şəkildə deyə bilməz. Bunu ancaq və ancaq Allah özü bilir. Şirkdən başqa digər bütün günahların bağışlanmasına müjdə verilmiş ayədə «Allaha istədiyi şəxslər» şərti vardır və həmçinin şəfaət barəsində olan ayələrdə «Allah razı olduğundan başqa heç kəsə şəfaət etməzlər» qeydi gətirilib. Bunların hər ikisi eyni məna əks etdirir. Quran sanki şəfaətin bütün şərtlərini aşkarcasına bildirmək istəməyib. Deyəsən ürəkləri qorxu və ümid arasında saxlamaq niyyətində olub. Buradan başa düşmək olar ki, «şəfaətə inam, insanı günah etməyə cürətləndirir» iradı yersizdir. Oxşar xəbərlər
|