KƏRBƏLANIN ƏN ƏTİRLİ ŞƏHİDİ – COVN
Covn qaradərili bir qualm idi. İmam Əli (ə) onu yüz əlli dinara alıb, Əbuzər Qifariyə bağışladı.
Əbuzər Qifari Osman (üçüncü xəlifə) tərəfindən Rəbəzəyə sürgün edildikdə, Covn da onunla birgə Rəbəzəyə gedir və 32-ci hicri-qəməri ilində Əbuzər şəhadətə yetdikdən sonra, Covn Mədinəyə qayıdıb imam Əlininin (ə), o həzrətdən sonra, imam Həsənin (ə) və o həzrətdən sonra da imam Hüseynin (ə) xidmətində dayanır. Ona dəfələrlə deyilmişdi ki, sən azadsan, gedə bilərsən! Amma o deyirdi:”Mən Allahla əhd bağlamışam ki, ölənə qədər Peyğəmbərin (s) Əhli-beytinə (ə) xidmət edəcəyəm.” Odur ki, imam Hüseyn (ə) Mədinədən Məkkəyə, Məkkədən də Kərbəlaya doğru hərəkət edərkən, Covn da o həzrətdən ayrılmadı. (“Əbsarul-eyn”, səh.105.) Aşura günü döyüş başladıqdan sonra, Covn imam Hüseynin (ə) hüzuruna gəlib döyüşmək üçün icazə istədi. İmam Hüseyn ona baxıb buyurdu: اَنْتَ فِی اذْن مِنّی، فَاِنَّما تَبِعْتَنا طَلَباً لِلْعافِیَهِ فَلا تَبْتُلْ بِطَریقِنا “Sən mənim tərəfimdən azadsan. Sən afiyət və sağlamlıq arzusu ilə (bu səfərdə) bizdən ayrılmadın. Odur ki, bizim yolumuzda özünü çətinliyə salma!” Covn İmamın (ə) ayaqlarına düşüb yalvararaq dedi: یَابْنَ رَسُولِ الله! اَنَا فِی الرَّخاءِ اَلْحَسُ قِصاعَکُمْ وَفِی الشِّدَّهِ اخْذُلُکُمْ؟ “Ey Peyğəmbərin övladı! Xoş günlərdə sizin süfrənizdən yeyirdim, indi ki, çətinlikdəsiniz, sizdən ayrılımmı?!” Sonra əlavə edərək dedi: وَ اللهِ اِنَّ ریحِی لَمُنْتِنٌ وَ اِنَّ حَسَبی لَلَییمٌ وَ اِنَّ لَوْنِی لاََسْوَدٌ فَتَنَفَّسْ عَلَیَّ بِالْجَنَّهِ لَیَطیبَ ریحِی وَ یَشْرُفَ حَسَبِی وَ یَبْیَضَّ لَوْنی لا وَ اللهِ لا اُفارِقُکُمْ حَتّى یَخْتَلِطَ هَذَا الدَّمُّ الاَْسْوَدُ مَعَ دِمایِکُمْ “Allaha and olsun! Bilirəm ki, bədənimdən pis qoxu gəlir, nəsil-nəcabətim bəlli deyil, dərim də qaradır. Elə isə, məni behiştlə mügdələ ki, bədənim ətirlənsin, nəsil-nəcabətim şərəflənsin, rəngim də ağarsın. Allaha and olsun ki, qanım qanınıza qarışmayınca sizdən ayrılmayacağam!” (“Məqtəlul-Huseyn”, Muqərrəm, səh.252; “Nəfəsul-məhmum”, səh.150; “Əyanuş-şiə”, 1-ci cild, səh.605.) İmam Hüseyn (ə) Covna icazə verdi. O, sevinə-sevinə aşağıdakı rəcəzi oxuyaraq döyüşə yollandı: کَیفَ تَرَى الفُجّارُ ضَربَ الأَسوَدِ بِالمَشرَفِیِّ القاطِعِ المُهَنَّدِ بِالسَّیفِ صَلتا عَن بَنی مُحَمَّدِ أذُبُّ عَنهُم بِاللِّسانِ وَالیَدِ أرجو بِذاکَ الفَوزَ یَومَ المَورِدِ مِنَ الإِلهِ الواحِدِ المُوَحَّدِ إذ لا شَفیعَ عِندَهُ کَأَحمَدِ “Facirlər bu zənci qulamın iti və kəsici qılıncını necə görəcəklər? Mən Peyğəmbərin (s) övladlarını qılıncım, əlim və dilimlə müdafiə edərək, qiyamət günü yeganə və tək Allahdan nicat və qurtuluş (cənnət) arzulayıram; o zaman ki, Onun dərgahında Əhməd (s) kimi bir şəfaətçi olmayacaq!” (“Əyanuş-şiə”, 4-cü cild, səh.297; “Biharul-ənvar”, 45-ci cild, səh. 22-23.) Covn şəhadətə yetənə qədər döyüşdü. İmam Hüseyn (ə) onun başı üstə gələrkən, onun haqda belə dua etdi: اَللّهُمَّ بَیِّضْ وَجْهَهُ، وطَیِّبْ ریحَهُ، وَاحْشُرْهُ مَعَ الاَْبْرارِ، وَعَرِّفْ بَیْنَهُ وَ بَیْنَ مُحَمَّد وَ آلِ مُحَمَّد “İlahi! Onun üzünü ağart və bədənini ətirləndir. Onu yaxşı insanlarla məhşur et, (cənnətdə) Mühəmməd və ali-Mühəmmədlə tanış et.” (“Nəfəsul-məhmum”, səh.150.) İmam Səccaddan (ə) nəql olunur ki, Kərbəla şəhidlərini dəfn etməyə gələnlər Covnun bədənini bir neçə gündən (bəzi nəqllərə əsasən, on gündən) sonra tapsalar da, bədənindən xoş ətir iyi qalxırdı. (“Müntəhəl-amal”, Şeyx Abbas Qummi, 1-ci cild, səh.684.) Rza Şükürlü Oxşar xəbərlər
|