KƏRBƏLA ŞƏHİDİ HƏCCAC İBN MƏSRUQ
Məsruqun oğlu Həccac “Məzhəc” qəbiləsindən və imam Əmirəlmöminin Əlinin (ə) Kufədə yaşayan məşhur şiələrindəndir.
O, imam Hüseynin (ə) Məkkədən Kərbəlaya (və yaxud Mədinədən Məkkəyə) doğru hərəkət etdiyini eşitdikdə, Kufədən Məkkəyə doğru yola düşərək, yolda imam Hüseynə (ə) qoşuldu. (“Əbsarul-eyn”, səh.89.) İmam Hüseynin (ə) karvanı Hürrün qoşunu ilə üzləşdiyi gün, Həccac İmamın (ə) əmri ilə zöhr azanını verdi. (Bəzi tarixi mənbələrdə göstərilir ki, Həccac yol boyu imam Hüseynin (ə) azançısı olmuşdur.) Azandan sonra imam Hüseynin (ə) imamlığı ilə camaat namazı qılındı və Hürr də o həzrətə iqtida etdi. (“Əl-irşad”, Şeyx Müfid, səh.427; “Müntəhəl-amal”, Şeyx Abbas Qummi, 1-ci cild, səh.684.) Kərbəla yolu üzərində yerləşən “Qəsri Bəni-Muqatil” məntəqəsində imam Hüseyn (ə) bir çadırın qurulduğunu görüb, onun kimə məxsus olduğunu soruşduqda dedilər: “Übeydullah ibn Hürr Cöfinindir.” İmam Hüseyn (ə) Həccaca əmr etdi ki, Übeydullah ibn Cöfi ilə danışıb, onun öz yoldaşları ilə birlikdə Aşura karvanına qoşulacağını bildirsin. Həccac onunla daışsa da, o, imam Hüseynə (ə) qoşulmadı. (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.188.) Aşura günü döyüş başladıqdan sonra Həccac ibn Məsruq imam Hüseynin (ə) hüzuruba gəlib, meydana getmək üçün icazə istədi. Həzrət ona icazə verdi. O, döyüş meydanına qədəm qoydu və qanlı döyüşdən sonra qana boyandığı halda, imam Hüseynin (ə) hüzuruna qayıtdı. O, həmin vaxt bu rəcəzi oxuyurdu: فَدَتْکَ نَفْسی هادیاً مَهْدِیّاً اَلْیَوْمَ اَلْقى جَدَّکَ النَّبیَّا ثُمَّ اَباکَ ذَا النَّدى عَلِیّاً ذَاکَ الَّذی نَعْرِفُهُ الوَصِیّا “Canım sənə fəda olsun, ey hidayət edən və hidayət yolunda olan! Bu gün cəddin Peyğəmbərlə (s), ondan sonra da bəxşiş və ehsan sahibi olan Əli (ə) ilə görüşəcəyəm; həmin kəs ki, onu Peyğəmbərin (s) canişini tanıyırıq!” İmam Hüseyn (ə) ona buyurdu: نَعَمْ وَاَنَا اَلْقاهُما عَلى اَثَرِکَ “Bəli! Mən də səndən sonra onlarla görüşəcəyəm!” Həccac ibn Məsruq yenidən döyüş meydanına yollandı və ağır mübarizədən sonra şəhadətə yetdi. (“Məqtəlul-Huseyn”, Müqərrəm, səh.254.) “Nahiyeyi-müqəddəsə” ziyarətində oxuyururq: السَّلامُ عَلی حَجَّاجِ بْنِ مَسْرُوقِ الْجُعْفِی “Salam olsun Məsruq Cöfinin oğlu Həccaca!” (“İqbalul-əmal”, 3-cü cild, səh.345.) Rza Şükürlü Oxşar xəbərlər
|