Ustad Qiraəti: “Məgər Allahın əfvi, günahın təbii təsirini aradan aparırmı?”
Ustad Qiraəti öz təfsir dərsində “Bəqərə” surəsinin 38-ci ayəsi ilə bağlı buyurmuşdur: “Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar»”. (“Bəqərə” 38). Bu ayə göstərir ki, Adəmin (ə) tövbəsindən sonra da Allah onlara yerə enməyi əmr edir ki, güman etməsinlər ki, behişt bağlarına qayıda bilərlər.
Bəli, Allahın əfvi günahın cəzaını aradan aparar, ancaq günahın təbii təsiri, əfvi ilə aradan getməz. Necə ki, əgər şərab içən tövbə edərsə Allah onu bağışlayar. Ancaq şərabın məstedici təsiri bədənində qalar. Adəmin (ə) behiştdən çıxması qadağan olunmuş bitkidən yeməyə görə olmuşdu. Bu təsir, tövbə etməklə aradan getməz. Hər bir halda həm Adəm (ə) və həm də həyat yoldaşı behiştdən çıxmalı idilər. Adəmin (ə) behiştdən çıxması onun övladlarının və nəslinin də behiştdən çıxmasına səbəb oldu. Çünki Allah bu əmri bütün insanlar üçün vermişdi. Ancaq eyni zamanda bəşərin hidayətini də bəyan etmişdir. Belə ki, Allah buyurur: “Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar». Bu hidayət vasitələri istər peyğəmbərlər olsun, istərsə də kitab – insanlar onun qarşısında iki dəstəyə bölünərlər: bir dəstə itaət edənlərdir, bir dəstə isə kafirlərdir. Allah xilqətin əvvəlində Adəmə (ə) varlıq aləminin həqiqətlərini öyrətmişdi və həmin elm onun mələklərdən üstün olmasına səbəb olmuşdu. Lakin bu elmi onu şeytanın vəsvəsəsindən xilas edə bilmədi. Adəm (ə) ilk vəsvəsəyə aldandı və yolunu azdı. Allah da tövbəsini qəbul etdikdən sonra ona hidayət vasitələri göndərdi. Ancaq bu yolla haqqı batildən ayıra biləcəkdi. Vəhyin nazil olması Allahın ona verdiyi ikinci nemət idi. Allah heç bir insanı məcbur etmir ki, onun vəhyini qəbul etsin. Onlara azadlıq və ixtiyar verir və hər kəs öz etiqadını seçməkdə azad olur. İnsan özü seçir və əgər istəsə İlahi hidayət yolunda gedir, istəməsə boyun qaçırdır. İnsanın ən mühüm nigarançılığı gələcəyinə görədir. Həm dünyada və həm də axirətdəki gələcəyinə görə. Hər kim İlahi hidayəti qəbul edər, Allah onun gələcəyini təmin edər və gələcəyindən nigaran olması üçün yer qalmaz. Öz keçmişinə görə qəm yeməz, çünki öz vəzifələrinə əməl etmişdir. Bu ayədən öyrənirik: - Bəzən bir xata bütün nəsillərə və irqlərə təsir qoyur. Necə ki, Adəm (ə) etmişdi. - Allah heç bir zaman lütfünü insandan götürmür, baxmayaraq ki, üsyan etsə belə. Allah onun üçün tövbə yolunu açıq qoyur və hidayət vasitələri göndərir. - İlahi hidayət insanın yerdə sakin olması ilə başlamışdır və Allah insanı öz halına buraxmamışdı. - İlahi hidayət olanlar həqiqi rahatlıq içindədirlər və hər cür nigarançılıqdan uzaqdırlar”. (Həvzəh) /Deyerler.org/ Oxşar xəbərlər
|