HƏMİŞƏ AÇIQ OLAN İLAHİ RƏHMƏT QAPILARI
“Həmd olsun O Allaha ki, pərdəsi yarılmaz, dərgahına açılan qapı bağlanmaz, ondan bir şey diləyən rədd olunmaz”. Bəndənin öz Ağası ilə söhbət etməyə layiq olması çox mühümdür. Məbud ilə ünsiyyət və raz-niyaz ən üstün dəyərdir. Əgər bəndə ağanın nəzərində dəyərli olarsa, ona raz-niyaz, dərdləşmək, xəlvətə çəkilmək və söhbət üçün icazə verib, onun sözlərinə diqqət yetirər. İnsanlar arasında isə bu sayaq münasibətlərə və fürsətlərə az təsadüf olunur. Xüsusi ilə Ağanın macalı yoxdursa! Bu qayda ilə O öz qulları ilə sakitlikdə söhbət edib onlara qulaq asmağa vaxt tapmayacaq. Qul isə hətta öz Ağasının aşiqi olsa belə, Onunla söhbət imkanından məhrumdur. Lakin Allah vəsfəgəlməz sonsuz əzəməti ilə üzüqara bəndəni qəbul edib, onların raz-niyazını eşitmək intizarında olan bir Ağadır. Bəndə Onu çağıran zaman onu qəbul edib “xoşgəldin” deyir. Qüdsi hədisdə Allah Bəni-İsrail peyğəmbərlərindən birinə buyurur: “Gözüm bəndələrimin yolunda nə qədər qalasıdır və Mənə üz tutmaları üçün nə qədər intizar çəkəsiyəm. Onlar Mənə arxa çevirib uzaqlaşmaqdadırlar; lakin Mən yenə də onların qayıdışı intizarındayam”. “Həmd olsun O Allaha ki, pərdəsi yarılmaz, dərgahına açılan qapı bağlanmaz, ondan bir şey diləyən rədd olunmaz”. Böyük şəxslərin kərəmindən yalnız bəzi zamanlarda faydalanmaq olur. Hətta ədaləti ilə məşhur və böyüklüyü ilə tanınan sultanlar da ildə cəmi bir dəfə xalqı qəbul edirdilər; hər məkanda, hər gün və hər saat yox! Lakin Allahın rəhmət qapıları Onun feyzini istəyənlərin üzünə həmişə açıqdır. Onu hər nə vaxt çağırsalar, cavab eşidəcəklər. İmam Səccad (ə) Allah ilə münacatda buyurur: “Gözlər yatmış, ulduzlar sayrışmada! Sən ölməz və qüdrətli padşahsan. Bütün padşahlar qəsrlərinin qapılarını bağlayıb keşişçi qoymuşlar; lakin Sənin rəhmət qapıların sual edənlərin üzünə açıqdır. Gəlmişəm ki, rəhmətli baxışlarla mənə baxasan. Ey mehribanların ən mehribanı.” Bəzi dualarda oxuyuruq: “Pərvərdigara, indi elə bir zamandır ki, hər bir aşiq öz məşuqu ilə xəlvət edib dərdləşir”. Eşqdən uzaq olanlar isə yatmışlar; heyvanlar da yuxudadır. Bütün qapılar bağlı, lakin Sənin səxavət və kəramət qapıların açıqdır. Sənin feyz dərgahına daxil olmağa heç bir qapıçı mane olmur. Hər kim istəsə, Səni çağırır və Sən də onu qəbul edirsən. Hətta Sən özün saysız bəndələrini dəvət edib onları özünə doğru çağırırsan. Sənin “həlmintaib (tövbə edən varmı?)” nidan həmişə ucalmaqdadır: “Öz əməlindən peşiman olub qayıtmaq istəyən bir şəxs varmı ki, onu qəbul edim?” Səni saymayıb, öz ismətlərini rəzilətə bulaşdırmış günahkarlar üçün nə qədər rəhmət və kəramət! “Cəllət əzəmətukə və təqəddəsət əsmaukə!” Bəndənin yalvarıb qəbul istəməsi əvəzinə Özü onu dəvət edir: “Gəl, gəl ki, səni qəbul edim!” Gərək Ağamızın kim olduğunu bilək, Onu tanıyaq, Ona qarşı daha çox mərifət əldə edək. O, növbə təyin etmədən hamını qəbul edir. İmam Səccad (ə) buyurur: “Heç bir iş Onu başqa bir işdən saxlamır.” Peyğəmbərlər, yaxın mələklər və vəsilər Onunla raz-niyaz etdiyi zaman O başqalarından xəbərsiz qalmır. Kiçik bir mövcud varlıq mülkünün bir guşəsində Onu çağırarsa, “ləbbeyk” (“qəbul edirəm”) eşidər. Belə bir Ağası olan şəxsin uzun illər və aylar Onu unutması layiqlidirmi? Məgər namaz və dua vaxtı hamını düşünüb, Allahı unutmağımız düzgündürmü? Süstlük, haqsızlıq və çətinliklə ona ibadət edib, üstəlik “Sənə ibadət etdik” deyə minnət qoymağımız ədəbsizlik deyilmi? Oxşar xəbərlər
|