NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
Əgər Allahın sizə nəzər yetirməsini, icabət və rəhmət qapılarının üzünüzə açılmasını istəyirsinizsə, onda o qapını çox döyün. Həzrət Peyğəmbərin (s) Əbuzərə nəsihətlərindən. «Ey Əbuzər! İndi ki, namazda Cabbar padşahın evinin qapısını döyürsən, bil ki, hər kəs padşahın qapısını çox döysə, qapını onun üzünə açarlar». Bu, insanı namaza təşviq edən daha bir bəyandır. Peyğəmbər (s) buyurur: «Namaz qılan adam Allahın qapısını döyür. Allahla işi olan kəs gərək Onun evinə getsin və namaz «insanın Allah evinə yollanması»dır». Ola bilməz ki, bir nəfər israrla bir şəxsin qapısını döysün, amma qapını onun üzünə açmasınlar. O ki, qalsın Allahın qapısını. Əgər Allahın sizə nəzər yetirməsini, icabət və rəhmət qapılarının üzünüzə açılmasını istəyirsinizsə, onda o qapını çox döyün və davamlı namaz qılın. Mümkündür, ilk vaxtlarda – birinci, ikinci dəfədə insanın bulaşdığı günahlar səbəbi və ya ilahi hikmət üzündən qapı açılmasın, lakin nəhayət, bu qapılar insanın üzünə açılır. Şübhəsiz ki, ilahinin rəhmət qapıları həmişə insanların üzünə açıqdır. Çünki insanları bir tərəfdən özünə tərəf dəvət edib, başqa bir tərəfdən öz rəhmət qapılarını onların üzünə bağlamaq olmaz. Allahın rəhmət qapıları ancaq ilahi ayələri dananın və təkəbbür sahiblərinin üzünə bağlıdır ki, əlbəttə, onların da özləri rəhmət qapılarını öz üzlərinə bağlamışlar: «Göyün qapıları heç vaxt Allahın ayələrini dananın və təkəbbür üzündən ona boyun əyməyənlərin üzünə açılmaz». («Əraf» surəsi, ayə 40.) Namaz ibadətlərin ən üstünüdür. Peyğəmbər (s) hədisin davamında namaz qılan şəxsin əldə etdiyi bəhrə barəsində buyurur: «Ey Əbuzər! İmanlı insan namaz qılmağa başladığı zaman Allah-təalanın rəhməti ərşə qədər onu əhatə etmiş olur. Onun üçün bir mələk təyin edilir və (həmin) mələk nida edib deyir: «Ey Adəm övladı, əgər namazdan sənə nəsib olanı və kiminlə söhbət etdiyini bilsəydin, heç vaxt namazını dayandırmazdın». Peyğəmbər (s) buyurur: «Namaz qılan adam təpədən ərşə qədər ilahi rəhmətə bürünür». Təbiidir ki, bu məqam və mövqeni arzulayan şəxs namazını uzatmağa çalışar. Bundan əlavə, Allah bir mələyi məmur edir ki, daim namaz qılan şəxsi bu sözlərlə səsləsin: «Ey Adəm övladı! Əgər kiminlə dərdləşdiyini, kiminlə söhbətə oturduğunu bilsəydin, namazdan əl çəkməzdin və heç vaxt «yoruldum» deməzdin». Kimin qarşısında dayandığına və kiminlə rabitəyə girdiyinə diqqət yetir ki, bunun əhəmiyyətini dərk etməklə namazına da əhəmiyyət verəsən. Namazın sənə nə kimi mənfəət, fəzilət, savab bəxş etdiyini bilsəydin, namazdan əl çəkməzdin. Oxşar xəbərlər
|