Ayətullah Məkarim Şirazi İmam Zaman ağanın (ə.f) zühurunun müqəddiməsi barədə
Ayətullah Məkarim Şirazi Həzrət İmam Zamanın (ə.f) inqilabında əmr-be-mərufun və nəhy-əz-munkərin yeri barəsində buyurmuşdur: “İnsan ictimai bir varlıqdır. İnzivadan və təklikdən həmişə qaçır. İnsanın ictimai varlıq olmasının bir çox müsbət tərəfləri vardır ki, onlardan biri də müştərək hədəfə çatmaq üçün edilən həmrəylikdir.
İnsan cəmiyyətində bəzən fərdi təhlükələr ictimai təhlükələrə çevrilir. Əgər çarə düşünülməzsə, cəmiyyət təhlükə altına düşər. Bəli, bir çox fəsadlar qorxulu bir xəstəlik kimi çox sayda insana ziyan vurar. Ona görə də cəmiyyətin heç bir fərdi gərək o biri fərdin rəftarına biganə qalmasın. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanların arasında olan bir günahkar şəxs ona bənzəyir ki, bir dəstə insanla gəmiyə minmişdir və dənizin ortasında qərar tutan zaman baltanı götürüb əyləşdiyi yeri deşməyə çalışar. Nə zaman ona etiraz etsələr, cavabında deyər ki, mən öz payıma düşəni ələ keçirmişəm. Əgər bir başqası onu bu işdən çəkindirməsə, bir müddətdən sonra dənizin suyu gəmiyə dolacaqdır və hamı dənizdə qərq olacaqdır”. Həzrət Peyğəmbər (s) bu maraqlı misalı çəkərək əmr-be-mərufun və nəhy-əz-munkərin nə qədər əhəmiyyətli olduğunu bizlərə çatdırmağa çalışmışdır. Hər bir insan həm özünün və həm də başqalarının əməllərinə görə məsuldur. Əgər İslami mənbələrə nəzər salsaq görərik ki, həlak olmuş millətlərin çoxu məhz bu vacibatı yerinə yetirmədiklərinə görə məhv olmuşdular. Allah Təala Qurani-Kərimdə buyurur: “Bəs nə üçün sizdən qabaqkı insan cəmiyyətlərindən (məsələn Nuhun, Hudun, Salehin və Lutun qövmlərindən) onların xilas etdiyimiz az bir qismindən (peyğəmbərlər və onların ardıcıllarından) başqa (insanları) yer üzündə fəsad törətməkdən çəkindirən ağıl və düşüncə sahibləri olmadı (ki, onlar da o cür əzaba düçar olmayaydılar)?”. (“Hud” 116). Hər kəs çalışmalıdır ki, bacardığı qədər cəmiyyəti islah etmək üçün səy göstərsin. Əgər bu məsuliyyət hissi aradan gedərsə və insanlar bir-birinə qarşı laqeyd olarsa, fəsad və zülm tez bir zamanda hər yeri bürüyər. İmam Rza (ə) bu barədə xəbərdarlıq etmiş və buyurmuşdur: “Əgər əmr-be-mərufu və nəhy-əz-munkəri tərk etsəniz, pis əməl sahibi sizə hakim olacaqdır. Hər nə qədər dua etsəniz, yerinə yetməyəcəkdir”. İmam Hüseyn (ə) öz qiyamının hədəfini belə bəyan etmişdir: “Məgər görmürsünüz ki, haqqa əməl olunmur və batilin qarşısı alınmır?! Belə bir şəraitdə möminə lazımdır ki, (qiyam etsin) və Allahla görüşə məftun olsun. Mən sadəcə cəddimin ümmətini islah etmək üçün qalxmışam və istəyirəm ki, əmr-be-məruf və nəhy-əz-munkər edəm. Mənim hərəkətim cəddimin və atam Əli ibn Əbutalibin (ə) sünnəti əsasındadır”. Bu mübarizə İmam Zaman ağanın (ə.f) dövrünə qədər davam edəcəkdir. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Elə bir zaman gəlib çatacaqdır ki, insanlar əmr-be-məruf və nəhy-əz-munkər etməyəcəklər. Ondan da pisi elə bir zaman gələcəkdir ki, insanlar pisliyə əmr edəcək və yaxşılıqlardan çəkindirəcəklər. Hətta elə bir zaman gələcəkdir ki, insanlar mərufu münkər və münkəri isə məruf kimi görərlər”. Ona görə də demək olar ki, yol – həmin yol və sünnət – həmin sünnətdir. Hər bir şərəfli insan bilməlidir ki, əgər çirkin əməllər qarşısında sükut edərsə, iş o yerə gəlib çatacaqdır ki, yaxşılıqlar yerini pisliklərə verəcəkdir. Hər bir insan öz vəzifəsini tanımalıdır və ona bacardığı qədər əməl etməlidir. Sonra başqalarını doğruluqlara dəvət etməlidir. Nalayiq işlərdən çəkindirməlidir. Əgər belə olarsa, İmam Zaman ağanın (ə.f) zühurunun zəminələri meydana gələr və Mövlanın (ə.f) inqilabının müqəddimələrini hazır etmiş olar”. /Deyerler.org/ Oxşar xəbərlər
|