“SANKİ ONU GÖRÜRSƏN”
Mьəllif: admin1
Tarix: 4-11-2016, 14:40
“SANKİ ONU GÖRÜRSƏN”

“Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik” deyərkən insan Allahın qarşısında durduğunu unutmamalıdır.
Rəvayətə görə Əbuzər Həzrət Peyğəmbərdən (s) ehsan haqqında soruşur. Həzrət (s) buyurur: “Ehsan odur ki, Allaha Onu görürmüş kimi ibadət edəsən. Əgər sən Onu görmürsənsə, bil ki, O, səni görür”. (“Biharul-ənvar”, 70–ci cild.) İnsan namazda müraciət halında olmalı, qiyabi də olsa, kiminləsə söhbət etdiyini təsəvvüründə canlandırmalıdır. Allahın hüzuru bütün vücudla dərk edilməlidir. “Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik” deyərkən insan Allahın qarşısında durduğunu unutmamalıdır. İslam Peyğəmbəri (s) Əbuzərin nəzərinə çatdırır ki, əgər Allahı görürmüş kimi ibadət edə bilmirsənsə, heç olmasa, Onun səni gördüyünü təsəvvür et. Sözsüz ki, Həzrət Peyğəmbər (s) və Məsum İmamlar (ə) “sanki” təbirindən daha yüksək halda Allahı “görə bilmişlər”.
Bir rəvayətdə nəql olunur ki, İmam Sadiq (ə) müstəhəb namaz qılarkən bir ayəni təkrar–təkrar dedi və haldan çıxdı. Ondan soruşulanda ki, bu hala düşməyinizin səbəbi nədir, Həzrət (ə) buyurdu: “Bu ayəni o qədər təkrar etdim ki, sanki onu nazil edənin dilindən eşitdim”. (“Miftahul–fəlah” səh.372.) Əhli-beyt məktəbinin həqiqi davamçıları buna oxşar hala nail ola bilərlər. Məsumların yolunu davam etdirənlər arasında həmin halı yaşayanlar az olmayıb.
Əlbəttə, adi insanlar ilk addımda namaz zamanı Allahın nəzərlərini hiss etməyə çalışmalıdırlar. İnsanın “sanki Allahı görürmüş kimi ibadət” məqamına çatması çox çətindir. Həzrət Peyğəmbər (s) Əbuzərə tövsiyəsində məhz bu incə nöqtəyə işarə edir. Ali mərtəbəyə çatmaq üçün bir çox hazırlıq mərhələlərindən keçmək lazımdır və təkcə istəməklə bu məqama çatmaq olmaz. Bu hazırlıqlardan biri namazdan bir neçə dəqiqə qabaq uyğun mövzular barədə düşünməkdir. İnsan öz nəfsinin cilovunu əlinə almaq üçün çox çalışmalıdır. Unutmaq olmaz ki, Allahın hüzurundayıq və O, bizim bütün istəklərimizdən xəbərdardır. “Bəqərə” surəsinin 115-ci ayəsini xatırlayaq: “Hara dönsəniz üzünüz Allaha tərəfdir”. Əsas məsələ qəlbimizi Allaha yönəltməkdir. Kiminləsə danışarkən ona arxa çevirmək olarmı? Dil Allahla danışarkən qəlbin dünyaya meyl etməsi həmsöhbətə arxa çevirmək kimidir. Bu olduqca çirkin və ədəbsiz bir işdir. Namaz zamanı Allahı unudub dünya haqqında düşünən kəs insan surətindən çıxarılmağa layiqdir. Həmsöhbətə arxa çevirmək heyvana məxsus xüsusiyyətdir. Yalnız heyvan eşitdiyi sözlərə məhəl qoymayıb, axura boylanır.
Əgər bütün deyilənlər haqqında ətraflı düşünə bilsək, dilimizlə qəlbimiz arasında yaxınlıq yaranar. Bu işdə Allahdan yardım istəyək.
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930