Bəni-Haşim şəhidlərinin sayı neçədir?
Aşura günündə Kərbəla səhrasında şəhid olanlar arasında Bəni-Haşimə mənsub olanların sayı barədə tarix kitablarında bir-birinə zidd məlumatlar verilmişdir. Müxtəlif mənbələrdə Bəni-Haşim şəhidlərinin sayını 13 nəfərdən 30 nəfərə qədər göstərmişlər.
Məşhur tarixçi Məsudi “Mürucüz-zəhəb” kitabında Bəni-Haşim şəhidlərinin 13 nəfər olduğunu qeyd edir. Xarəzmi “Məqtəlül-Hüseyn” əsərində bir rəvayətdə 14 nəfər barədə məlumat verir, başqa bir rəvayətdə isə İmam Hüseyndən (ə) əlavə daha 16 nəfərin həlak olduğunu göstərir. “Ziyarəti-Nahiyeyi-Müqəddəsə”də adı çəkilən Bəni-Haşim şəhidlərinin siyahısında İmam Hüseyndən (ə) əlavə, daha 17 nəfərin adı mövcuddur. Şeyx Müfid də “İrşad” əsərində yazır ki, Aşura günü şəhid olan Bəni-Haşim nümayəndələrinin sayı 17-dir ki, 18-cisi İmam Hüseynin (ə) özüdür. Məşhur tarixçi Təbəri qeyd edir ki, Bəni-Haşim şəhidləri 19 nəfərdir. Lakin Təbəri onların sırasında Müslim ibn Əqilin və Əbu Bəkr ibn Əlinin (ə) də adlarını vermişdir. Halbuki, Müslim ibn Əqil aşura günündə deyil, bundan xeyli əvvəl Kufədə öldürülmüşdü. Əbu Bəkr ibn Əli (ə) barəsində isə Təbəri özü etiraf edir ki, onun Kərbəlada şəhid olması şübhəlidir. Beləliklə, Təbəri tarixində qeyd edilmiş Bəni-Haşim şəhidlərinin sayı 17-yə enir. Xarəzmi də “Məqtəlül-Hüseyn”də Həsən Bəsridən nəql etdiyi rəvayətlərin birində Bəni-Haşim şəhidlərinin 17 nəfər olduğunu bəyan edir. Əbülfərəc İsfahani “Məqatilüt-Talibiyyin” kitabında 22 nəfər Bəni-Haşim şəhidi haqqında məlumat verir ki, İmam Hüseynin (ə) özünü və Müslim ibn Əqili çıxmaq şərtilə 20 nəfər qalır. Etibarlı mənbələrdə Bəni-Haşim şəhidlərinin sayı barədə nəzəriyyələrdən biri də 25 nəfərin olmasıdır. Xarəzmi “Məqtəlül-Hüseyn”də təqdim etdiyi siyahıların birində 27 nəfərin adını çəkir ki, onların cərgəsindən İmam Hüseyni (ə) və Müslimi çıxsaq, bu rəqəm 25-ə enər. Nəhayət, Seyyid Mühsin Əmin “Əyanüş-şiə” adlı ensiklopedik əsərində 30 nəfər Bəni-Haşim şəhidini xatırladır. Lakin bu, mötəbər tarix kitablarındakı rəqəmlərdən xeyli çoxdur. Aşağıda aşura günündə Kərbəla səhrasında şəhadətə yetirilmiş Bəni-Haşim nəslinin nümayəndələrinin adlarını qeyd edirik. Bildiririk ki, Azərbaycan dilində yazılmış və dilimizə tərcümə olunmuş ədəbiyyat nümunələrində Bəni-Haşim şəhidlərinin barəsində qısaca da olsa müəyyən informasiyalar vardır. Buna görə həmin şəhidlərin şəxsiyyəti, həyatı, şəhid olma xüsusiyyətləri haqqında bu kitabda yazmağı lazım bilmədik, onların yalnız adını göstərməklə kifayətləndik. Aşağıda adları sadalanan 17 nəfərin hamısı barəsində Təbəri ("Tarixi-Təbəri"), Şeyx Müfid ("İrşad"), Xarəzmi ("Məqtəlül-Hüseyn"), Əbül-Fərəc İsfahani ("Məqatilüt-talibiyyin") məlumat vermiş, "Ziyarəti-Nahiyeyi-Müqəddəsə"də onların adları çəkilmişdir. 1. Əli ibn Hüseyn ibn Əli (ə) ibn Əbi Talib (Əli Əkbər): Bəni-Haşimdən şəhadətə yetmiş ilk adam. 25 yaxud 27 yaşı var imiş. Anası - Leyli bint Əbu Mərrə ibn Ürvə ibn Məs’ud Səqəfi. Bəzi kitablarda yazıldığının əksinə olaraq, Leylinin (Ümmi-Leyla) aşura günündə Kərbəlada olması şübhəlidir. 2. Abdullah ibn Əli (ə) ibn Əbi Talib: Həzrət Abbasın qardaşı, 25 yaşı var idi. Anası – Ümmül-Bənin bint Həzam. 3. Cə’fər ibn Əli (ə) ibn Əbi Talib: Həzrət Abbasın qardaşı, 19 yaşı var idi. Anası – Ümmül-Bənin bint Həzam. 4. Osman ibn Əli (ə) ibn Əbi Talib: Həzrət Abbasın qardaşı, 21 yaşı var idi. Anası – Ümmül-Bənin bint Həzam. 5. Abbas ibn Əli (ə) ibn Əbi Talib: anası – Ümmül-Bənin bint Həzam, şəhid olarkən 34 yaşı var idi. 6. Mühəmmədül-Əsğər ibn Əli (ə) ibn Əbi Talib: anası kəniz idi, başqa rəvayətə görə anası Əsma bint Ümeys idi. 7. Abdullah ibn Hüseyn ibn Əli (ə) ibn Əbi Talib (Əli Əsğər): 6 aylıq körpə idi, anası – Rübab bint Imrəül-Qeys Kəlbi. 8. Əbu Bəkr ibn Həsən ibn Əli (ə) ibn Əbi Talib: anası – kəniz idi. 9. Qasim ibn Həsən ibn Əli ibn (ə) Əbi Talib: anası kəniz idi, Əbu Bəkr ibn Həsənlə atabir-anabir qardaş idilər. 10. Abdullah ibn Həsən ibn Əli (ə) ibn Əbi Talib: 11 yaşı vardı, anası – Ümmi-Vələd, yaxud Süleyl ibn Abdullahın qızı idi. 11. Övn ibn Abdullah ibn Cəfər ibn Əbi Talib: anası – Zeynəb bint Əli (ə) ibn Əbi Talib. 12. Mühəmməd ibn Abdullah ibn Cəfər ibn Əbi Talib: anası – Xəvsa bint Həfs ibn Səqif. 13. Cəfər ibn Əqil ibn Əbi Talib: anası – Ümmi-Səğər bint Amir ibn Həssan Amiri. 14. Əbdürrəhman ibn Əqil ibn Əbi Talib: anası - kəniz. 15. Abdullah ibn Müslim ibn Əqil ibn Əbi Talib: anası – Ruqəyyə bint Əli (ə) ibn Əbi Talib. 16. Abdullah ibn Əqil ibn Əbi Talib: anası – kəniz idi. 17. Mühəmməd ibn Əbi Səid ibn Əqil ibn Əbi Talib. Daha 10 nəfərin aşura günündə şəhid olması müəyyən mənbələrdə göstərilmişdir: 1. Əbu Bəkr ibn Əli (ə) ibn Əbi Talib. 2. Übeydullah ibn Abdullah ibn Cəfər ibn Əbi Talib. 3. Mühəmməd ibn Müslim ibn Əqil ibn Əbi Talib. 4. Abdullah ibn Əli (ə) ibn Əbi Talib. 5. Ömər ibn Əli (ə) ibn Əbi Talib. 6. İbrahim ibn Əli (ə) ibn Əbi Talib. 7. Ömər ibn Həsən ibn Əli (ə) ibn Əbi Talib. 8. Mühəmməd ibn Əqil ibn Əbi Talib. 9. Cəfər ibn Mühəmməd ibn Əqil ibn Əbi Talib. 10. Şəxsiyyəti dəqiq məlum olmayan daha bir azyaşlı Bəni-Haşim şəhidi. Oxşar xəbərlər
|