QURANDA MÖMİNLƏRİN MƏQAMLARI
Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir Qurani-kərimdə müxtəlif məqamlara işarə olunmuşdur. Möminlər bu məqamlara malik olmaqda azaddır. Quran baxımından möminlərin bəzi məqamlarına qısa şəkildə işarə edirik: 1-Təslim məqamı: Yəni, insan tam vücudu ilə Allahın ixtiyarındadır və Ona təslimdir. Bu, həzrət İbrahimin (ə) Allahdan istədiyi məqamdır. (“Bəqərə” surəsi, ayə: 128.) Allaha təslimçilik, ona baş əymək əməldə ilahi əmrlərə itaət, günah və haramdan çəkinməklə yanaşı, insanın düşüncələrində aşkar olunmalıdır. (“Təfsiri mövzuiyi Qurani-kərim”, 1-ci cild, səh. 383-384.) 2-Əbrar məqamı: (“Mutəffifin” surəsi, ayə: 18-22.) Əllamə Təbatəbainin nəzərincə, bu məqam imanın ən yüksək məqamıdır. (“Əl-mizan”, 1-ci cild, səh. 430.) Quran baxımından, bu məqama nail olmaq üçün insan ehtiyac duyduğu və sevdiyi şeyləri (haqq yolunda) sərf etməli başqalarına bağışlamalıdır. (“Ali-İmran” surəsi, ayə: 92.) Bu məqam yalnız Allahın xalis və həqiqi bəndələrinə məxsusdur. (“Dəhr” surəsi, ayə: 5-6.) 3-Təqva məqamı: Allah-taala Qurani-kərimdə bu məqamın xüsusi bir məqam olmasını müxtəlif ifadələr və dəyərli cümlələrlə vurğulayaraq, təqvalıları Öz dostu kimi qələmə verir. (“Casiyə” surəsi, ayə: 19; “Ənfal” surəsi, ayə: 34; “Bəqərə” surəsi, ayə: 21; “Həcc“ surəsi, ayə: 37 və s.) Bəzi təfsirçilərin nəzərincə təqvanın müxtəlif dərəcələri olsa da əhəmiyyət kəsb edən budur ki, insan təqvada üç şərti gözləməlidir: a) Allahdan qorxmalıdır və qorxduğu üçün günahdan çəkinməlidir. b) Günahdan çəkinmək budur ki, insan günahdan uzaqlaşmalı, heç vəchlə günaha yol verməməlidir. v) Hər halda – istər qorxudan, istərsə də günahdan çəkinmək üçün – insan Allaha yaxınlaşmaq məqsədilə hərəkət etməlidir. (“Təfsiri mövzuiyi Quran”, 11-ci cild, səh. 205-219.) 4-İxlas məqamı: Mühəqqiq Tusinin təbirincə ixlas bir işi (yalnız) Allaha görə yerinə yetirməkdir. Yəni insan öz qəlbini Haqqa yönəltməli, onun qəlb hərəmində qəlbləri dəyişdirən Allahdan başqası yerləşməməlidir. Qurani-kərim baxımından, “ixlas” insanın əsl mahiyyətidir və o əksər vaxtlarda nəfsani istəklər pərdəsi altında gizli qalır. (“Loqman” surəsi, ayə: 32.) Ayələrdə bəyan olunduğu kimi, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə bir məqama nail olsa, istədiyi hər şeyə malik olmuşdur. (“Bəyyinə” surəsi, ayə: 7-8.) Haqq-taalanın görüşünə ümid edib, Onun cəlal və camal sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli və öz işlərində – istər əqidəsində, istərsə də əməlində – Allaha şərik qoşmamalıdır. (“Kəhf” surəsi, ayə: 110. “İxlas” bəhsi ilə əlaqədar bax: “Təfsri mövzuiyi Quran”, 11-ci cild, səh. 253-258.) Oxşar xəbərlər
|