CABİR İBN ABDULLAH ƏNSARİ – ƏRBƏİN YÜRÜŞÜNÜN BANİSİ
Cabir ibn Abdullah Ənsari şəhidlər sərvəri imam Hüseynin (ə) pak türbəsini “Ərbəin” günü ziyarət edən ilk şəxsdir.
O, Mədindən Kərbəlaya piyada gəlişi ilə özündən sonra “gözəl bir sünnə və adət”i – “Ərbəin yürüşü”nü yadigar qoydu və bu hadisədən 14 əsrə yaxın bir vaxt keçsə də, bu yürüş hər il daha da şövkət və əzəmətlə bərpa olunur. Cabir ibn Abdullah Ənsari İslam Peyğəmbərinin (s) böyük səhabələrindən biridir. Onun atası Abdullah da o həzrətin səhabələrindən olmuş və “Ühüd” döyüşündə şəhadətə yetmişdir. Cabir hicrətdən öncə İslam dinini qəbul etmiş və “İkinci Əqəbə” peymanında iştirak edən səhabələrdəndir. O, Peyğəmbərin on doqquz “qəzvə”sində, həmçinin “Bədr” döyüşündə iştirak etmiş, o həzrətdən sonra “Siffeyn” döyüşündə də imam Əlinin (ə) kənarında düşmənlə döyüşmüşdür. (“Tarixi mədineyi-Dəmşq”, İbn Əsakir, 11-ci cild, səh.214.) Əhli-sünnənin hədis qaynaqlarında Cabirdən 1540 hədis nəql olunmuşdur ki, bu da onun hədis sahəsində yüksək məqam və mənzilətini göstərir. O, “Məscidun-Nəbi”də (Peyğəmbər məscidi) fitva verir və Mədinə müsəlmanları ondan bəhrələnirdilər. (“Mən la yəhzuruhul-fəqih”, İbn Babəveyh, 1-ci cild, səh.232; “Siyəru əlamin-nubəla”, Zəhəbi, 4-cü cild, səh.194.) Peyğəmbəri-Əkrəmin (s) möhtərəm sahəbəsi Cabir ibn Abdullah Ənsarinin “Ərbəin” günü (Kərbəla şəhidləri və imam Hüseynin (ə) şəhadətinin 40-cı günü) şagirdi Ətiyyə Ovfi ilə birlikdə Kərbəlaya gəlib imam Hüseyni (ə) ziyarət etməsi bir çox mənbələrdə qeyd edilmişdir. “Bəşarətul-Mustəfa”, “Əl-məlhuf”, “Məsirul-əhzan” və s. qaynaq kitablarda onun Kərbəlaya doğru hərəkətnin başlanğıc nöqtəsi haqda məlumat verilməsə də, onun imam Hüseynin (ə) türbəsini ziyarət etməsi şübhəsiz və qəti bir hadisə kimi göstərilir. (“Bəşarətul-Mustəfa”, İmadəddin Təbəri, səh.74-75.) Əlbəttə, bəzi mötbər mənbələrdə onun Mədinə şəhərindən hərəkət edib “Ərbəin” günü Kərbəlaya çatması aşkar şəkildə qeyd olunur. (“Əl-misbah”, səh.489; “Misbahul-mütəhəccid”, 2-ci cild, səh.878; “Biharul-ənvar”, 98-ci cild, səh.334.) Alimlərin qeydlərinə əsasən, bu gözəl sünnə – Ərbəin yürüşü ilk dəfə Cabir ibn Abdullah Ənsari tərəfindən icra olunmuş və ondan sonra da Əhli-beyt imamları onu təsdiq, təbliğ və nəşr etmişlər. (“Milazul-əxbar fi fəhmi təhzibil-əxbar”, Əllamə Məclisi, 9-cu cild, səh.301.) SUAL: Amma burada belə bir sual irəli sürülür: “Nə üçün Cabir Kərbəla vaqiəsində iştirak etmədi?” CAVAB: Əsas etibarilə Cabirin Kərbəla vaqiəsində iştirak etməməsi onun yaşlı, gücsüz və gözünün kor olması ilə əlaqələndirilir. Necə ki, onun Ərbəin günü imam Hüseynin (ə) türbəsini ziyarət etməsini nəql edən Ətiyyə Ovfinin rəvayətində də Cabirin “Ey Ətiyyə, əlimi qəbrin üstünə qoy!” – deməsi və Ətiyyədən kömək istəməsi onun gözlərinin görməməsini bildirir. Sözsüz, əgər onun döyüş gücü olsaydı, bu vaqiədə iştirak edərdi. Onun yaşlı olması və gözlərinin görməməsinə rəğmən, Mədinə-Kərbəla yolunu piyada qət etməsi Əhli-beytə, məxsusən, imam Hüseynə (ə) məhəbbətinin göstəricisidir. (“Əl-imamətu vəs-siyasə”, İbn Qüteybə Dinəvər, 1-ci cild, səh.214.) Buna rəğmən, Aşura faciəsindən sonra İslam camiəsi Yezidin qəddarlığı və zülmkarlığından qorxduğu bir halda, Cabir qorxmadan-çəkinmədən haqq yolunun şəhidlərinin pak qəbrini ziyarət etməsi ilə Əhli-beyt düşmənləri və müxaliflərinə öz qəzəb və nifrət hissini elan etdi. O, bu hərəkəti ilə gələcək nəslə böyük bir dərs öyrətdi, özündən sonra İslam camiəsinə gözəl bir adəti yadigar qoydu. Həm də onun bu əməli qəbir ziyarəti ilə müxalif olan və onu şirk bilənlərə də möhkəm dəlil və tutarlı bir cavabdır. Axı Cabir adi bin insan deyildi, Peyğəmbər (s) səhabəsi idi! Əgər qəbri ziyarət etmək şirk olsaydı, Peyğəmbər (s) səhabəsi bu işi əsla yerinə yetirməzdi. Cabir imam Hüseynin (ə) qəbrinin kənarında ikən, öz mövqeini dilə gətirir, Yezid və yezidçilərə nifrətini bildirir, şəhadət verir ki, Kərbəla şəhidləri və imam Hüseynin (ə) Aşura hərəkatı “əmr be məruf” (yaxşılığa dəvət) və kafirlərlə cihaddır. O, açıq-aşkar imam Hüseynlə (ə) döyüşənləri kafir adlandırır. Cabir xüsusi ədəblə imam Hüseyni (ə) ziyarət edir, bu da onun kamalını, böyük mərifətini aşılayır. Ətiyyənin rəvayətində oxuyuruq ki, o, ziyarətdən öncə Fərat çayında qüsl edir, bədənini ətirləyir, hər addımında Allahı yad edir, zikr deyir, əlini qəbrin üstə qoyduqdan sonra hönkür-hönkür ağlamağa başlayır, huşdan gedir, özünə gəldikdən sonra üç dəfə “Ya Hüseyn!” – deyir, İmam və Kərbəla şəhidləri ilə söhbətə başlayır, Peyğəmbərə (s), canişininə və nəvəsinə məhəbbət və mərifətini dilə gətirir və beləcə, ilahi övliyaları ziyarət etməyin ədəb qaydalarını gələcək nəslə təlim verir. Bəli, Cabirin Ərbəin günü Kərbəla şəhidlərini ziyarət etməsi adi ziyarət deyildi, eşq-iman, qəhrəmanlıq, təlim və hökumət əleyhinə təbliğat xarakterli bir hərəkət idi. O, bu hərəkəti ilə gözəl bir sünnənin banisi oldu. 61-ci hicri-qəməri ilinin “Ərbəin”inindən təqribən 14 əsr keçməsinə baxmayaraq, Kərbəla ziyarəti şövkət və əzəmətlə bərpa olunur. Peyğəmbəri-Əkrəm (s) necə də gözəl buyurmuşdur: مَن سَنَّ سُنَّةً حَسَنَةً کانَ لَهُ أَجْرُ مَنْ عَمِلَ بِها مِنْ غَیْرِ أَنْ یَنْقُصَ مِنْ أُجُورِهِمْ شَیْءٌ “Gözəl bir sünnə və adəti qoyub gedən şəxs həmin sünnə və adətə əməl edən şəxsin savabı azacıq belə azalmadan asavabına şərikdir.” Demək, bu hədisə əsasən, Cabir ibn Abdullah Ənsari Ərbəin zəvvarlarının ziyarətinin savabına da şərikdir. (“Səhihi-Müslim”, Müslim Neyşapuri, 8-ci cild, səh.61; “Əd-durrul-mənsur”, Cəlaləddin Süyuti, 6-cı cild, səh.201; “Üsuli-kafi”, Kuleyni, 5-ci cild, səh.9 və s.) Allahdan istəyirik ki, bizə dünyada imam Hüeynin (ə) ziyarətini, axirətdə isə şəfaətini nəsib etsin! Amin! Rza Şükürlü Oxşar xəbərlər
|