Ailə həyatı qurmağın zəruriliyi
Mьəllif: admin1
Tarix: 25-11-2016, 22:20
 Ailə həyatı qurmağın zəruriliyi
Ailə həyatı qurmaq həyatın mühüm və zəruri məsələlərindəndir və bu məsələyə ciddi yanaşmaq lazımdır.

Tənhalıq, kimsəsizlik hissi, hisslərin ən əzablısıdır. Kişi və qadın evlənməmişdən qabaq bu cansıxıcı hisslərdən əzab-əziyyət çəkirlər. Amma böyük və mütəal Allah onların vücudunda bir-birinə qarşı elə bir cazibə yaratmışdır ki, bu cazibənin nəticəsində bir yerdə olsunlar və o yorucu, cansıxıcı, yandırıcı əzablardan xilas olub sakit, sağlam halda, asudə və aram bir mühitdə birlikdə, bir-birinin kənarında səfa və səmimiyyətlə yaşayıb, bir-birinə fiziki və mənəvi cəhətdən kömək edərək, bir-birini tamamlasınlar. Övlad dünyaya gətirib onun gülüb-ağlamasına, yıxılıb-qalxmasına, oturub-durmasına, gediş-gəlişinə tamaşa etsinlər.

Allah-Taalanın insanları heyrətə salan qüdrətini bir insanın – o insanın ki, onların vücudunun səmərəsidir - yaranmasında hiss etsinlər və məhəbbətin həqiqi mənasını tapsınlar, bir-birinə, övladlarına bəslədikləri şövq və məhəbbətlə həyatı davam etdirmək üçün çalışsınlar və həyatın böyük hədəfinə doğru - mütləq kamala çatmaq, Allaha yaxın olmaq və İlahi nura qovuşub əbədiləşmək üşün - sürət və həvəslə hərəkət etsinlər.

Buna görə də evlənmək həyatın vacib və zəruri məsələlərindəndir və bu məsələyə əhəmiyyət vermək lazımdır. Bu məsələdə cavanlara kömək olunmalıdır ki, özlərinə layiq, müvafiq və uyğun bir həyat yoldaşı taparaq, cansıxıcı təklikdən özlərini xilas edə bilsinlər. Valideynlər gərək cavanları evləndirməyi yersiz gecikdirməsinlər və onları bu işdə çətinə salmasınlar.

Bir məktubdan seçilmiş hissəyə diqqət edin:

"...Bu səs-küylü dünyada təkəm. Ancaq mehriban Allahıma ürək bağlamışam. Bilirəm, gərək sizin vaxtınızı almayım, amma nə edim? Başqa yolum yoxdur... Həyatımın 22-ci baharındayam. Atam mehriban və dindar bir kişidir, amma anam onun əksinə olaraq, çox kobud və bədxasiyyətdir. O, mənə tikanlı və yandırıcı sözlər deyir və bu sözləri ilə mənim qəlbimi qırır. Hər kim mənə elçi gəlir hərəsinə bir eyib tutur və hər dəfə bir söz deyib ərə getməyimin qabağını alır. Başqa bir tərəfdən də qardaşlarım müxtəlif bəhanələrlə elçiliyə mane olurlar və bu işin qarşısını alırlar. "Gələn elçi dövlət işində işləmir, vəzifəsi yoxdur, gələcəyi puçdur və səni dolandıra bilməyəcək", – deyirlər.

Bir neçə gün qabaq həyalı, imanlı və mömin ailədən olan bir oğlan mənim elçiliyimə gəlmişdi. Atam onunla evlənməyimə razılaşdı, amma anam və qardaşlarımdan biri razılaşmadılar. Dedilər ki, o, bizim ailəmizə yaraşmır və evi, qazancı yoxdur... faydasızdır.

İndi mən evdə qalmışam. Pak və imanlı bir həyat yoldaşımın olmasını arzulayıram və Allahdan istəyirəm ki, məni qadınların böyük cihadına (Allah və din yolunda döyüş) - yəni ərə xidmət göstərib, yaxşı övlad tərbiyə etmək - daxil etsin, həyatda tək-tənha qalmayım. Ancaq anam mənim bu hissimi və ehtiyacımı dərk etmir və deyir ki, bu olmadı, başqa birisi...

Mənim başqa bir narahatçılığım da budur ki, hər kim bizim evə gəlir mənə bir tənə vurur. Deyir ki, filankəsin qızı ərə gedib, sənin nə eybin var ki, səni almırlar? Bu kimi söz-söhbətlərlə məni hamının yanında təhqir edir.

Səni and verirəm Allaha ki, mənə Allah rizası üçün, kömək edin və hər hansı yolla bilirsiniz, mənim anamı və qardaşlarımı nəsihət edin. Bəlkə bu işlərindən əl çəkib mənim evlənməyimlə razılaşalar. Allaha and olsun ki, mən nə zahirə əhəmiyyət verirəm, nə mal-dövlətə, nə də ki, yaşa. Tək arzum ancaq imanlı və yaxşı əxlaqlı olmasıdır... Sizdən istəyirəm ki, mənə öz qızınız kimi kömək edəsiniz ... “

İmza: Sizin tənha və köməksiz qızınız ...

Əziz ana! Məlumdur ki, sizin qızınız kifayət qədər böyüyüb, ərə getmək vaxtı çatıb və özündə buna ehtiyac duyur. Buna görə də gərək onun fitri və təbii istəyinə cavab verib onun üçün ailə qurmaq şəraitini təşkil edəsiniz. Yersiz irad və bəhanələr gətirməkdən çəkinin. Çünki, qızın yaşı artdıqca, ailə qurmaq baharı, təravəti gecikə bilər və bunun da nəticəsində ər və arvad bir-birləriylə əxlaq, xüsusiyyət baxımından gec uyğunlaşacaq və aralarında ünsiyyət və məhəbbət çətin və daha gec çiçəklənəcək.

İmam Cavadın (ə) səhabələrindən biri sizin kimi düşünürdü və gözləyirdi ki, göydən behiştin camallı və kamallı mələklərindən birisi qızının elçiliyinə gəlsin. O, İmama (ə) belə bir məktub yazdı: “Mən bu vaxta qədər qızlarım üçün iman və əxlaqda özüm kimi olan bir şəxs tapa bilmədim, bu halda, mənim üzərimə düşən vəzifə nədir, mən nə edim?”

İmam həzrətləri (ə) onun cavabında yazır: “Qızlarının haqqında yazdığını və indiyə qədər özün kimi birisini tapa bilmədiyini oxudum. Allah sənə rəhm etsin! Bu məsələdə işi çox çətinə salma, çünki Allahın Peyğəmbəri (s) buyurmuşdur: “Əgər sizin övladlarınızın elçiliyinə gələn şəxs din və əxlaq baxımından xoşunuza gəlsə, onu kürəkənliyə qəbul edin, yoxsa, yer üzündə böyük fəsadlar yaranacaqdır.”[1]

“Bu olmadı, başqa birisi...”- deyib durmaq düzgün deyil. Bəlkə başqası elçiliyə gəlmədi və yaxud gəlsə də, əxlaqlı, imanlı, əmanətdar, sədaqətli və ağıllı olmadı.

"Bizim ailəmizə yaraşmır və uyğun gəlmir"- ifadəsi nə deməkdir?

Əgər “Bizə yaraşmır, uyğun gəlmir və ya bizim kimi deyil”, - kimi ifadələrdə məqsəd iman və əxlaq baxımından olarsa (buna şəriətdə ər və arvadın bir-biriylə kufv, yəni əqidə və əxlaqda həmtay olması deyilir) din tərəfindən dəstəklənir və doğru bir addımdır. Doğrudan da ər və arvad bir-birinə iman və əxlaq baxımından layiq olmalıdırlar ki, bu barədə İmam Sadiq (ə) buyurub: “Kufv kəlməsində məqsəd budur ki, elçi iffətli, əmanətdar, doğru-düzgün adam olsun, həmçinin sadə bir həyat və yaşayışı təmin edə bilsin”.[2]

"Kufv" və "həmtay" kəlmələrinin bu təfsirinə görədir ki, Peyğəmbər (s) zahiri gözəllik, mal-dövləti olmayan, amma yaxşı əxlaqlı və ləyaqətli bir müsəlman olan Cuybəri, Qureyş tayfasının varlılarından olan Ziyad bin Vəlidin qızı Dilfanın elçiliyinə göndərdi. Amma Ziyad bu məsələ ilə razılaşmaq istəmirdi. Peyğəmbər (s) ona buyurdu: “Ey Ziyad! Cuybər mömindir və mömin kişi möminə qadının kufv və həmtayıdır. Ey Ziyad! Cubəyri kürəkənliyə qəbul et və ondan qaçma...”[3]

Lakin yuxarıda qeyd olunan “Bizim tayımız deyil”- kimi və buna oxşar ifadələrdə məqsəd var-dövlət, zahiri gözəllik və bunlara oxşar şeylər olarsa, bu düzgün bir fikir sayılmır.

Burada bir məsələni də sizə xatırladım ki, şəriət qanunlarına əsasən nikahın doğruluğunda ancaq qızın və atasının razılığı şərtdir. Əlbəttə, daha yaxşı olar ki, bu işdə bütün ailə üzvlərinin razılığı əldə edilsin. Bu şərtlə ki, qızın ailə həyatı qurub, tənhalıqdan canlarını qurtarmış qardaşları da, gərək, öz pak və iffətli bacılarının hisslərini dərk edib ləyaqətli cavanı kürəkənliyə qəbul etsinlər. Bunu da bilsinlər ki, nigah bağlamaqla kişinin iradə, hünər-himməti, çalışqanlığı daha da artır və Allah-Taala da onların ruzisini çoxaldır.[4]

Hazırladı: Mirməhəmməd Bəşir

Mənbələr:

[1]. "Vəsailuş-şiə", Hürr Amuli, 14/51.

[2]. "Əl-Kafi", Şeyx Kuleyni, 5/346, Babul-kufv; "Təhzibul-əhkam", Şeyx Tusi, 7/394, Babul-kufv; "Vəsailuş-şiə", Hürr Amuli, 14/51.

[3]. "Vəsailuş-şiə", Hürr Amuli, 14/43-44.

[4] . "İslamda Ailə Əxlaqı", Ustad Seyid Əliəkbər Hüseyni, s.27.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031