İmam Rzanın (ə) məqbərəsi: Tarix boyu kimlər onu bərpa edib, kimlər qarət edib?
Məşhəd Həzrət İmam Rzanın (ə) dəfn olunduğu şəhər kimi əsrlərdən bəri müsəlmanların ən məşhur ziyarət məkanlarından biridir. “Məşhəd” sözünün lüğəti mənası “şəhid olunan yer” deməkdir və belə adlandırılması Həzrət İmam Rzanın (ə) orada şəhid edilməsi ilə bağlıdır. Qeyd edək ki, indiki Məşhəd bir zamanlar Abbasi xəlifəsi Məmunun xilafət mərkəzi seçdiyi Tus şəhəri ətrafında yerləşir. X əsrdə yaşamış məşhur tarixçi və coğrafiyaçı İbn Həvqəl yazır: “Əgər Tus da Nişapur vilayətinə aid olsa, o zaman onun şəhərləri Raykan, Təbəran və Noğandan (Toroğuz) ibarət olacaq. Əli ibn Musa ər-Rzanın (ə) qəbri Noğan şəhərinin yaxınlığında, Sənabad kəndində yerləşir”. Həzrət İmam Rza (ə) On iki Əhli-Beyt İmamının (ə) səkkizincisidir. O Həzrət (ə) Miladi təqvimlə 765-ci ildə Mədinə şəhərində dünyaya gəlib və 818-ci ildə 53 yaşında ikən Tus şəhərində şəhid edilib. İmam Rza (ə) xəlifə Məmunun göstərişi ilə Mədinədən Tusa gətirilir və xilafətin vəliəhdi təyin edilir. Lakin Abbasi xilafəti İmamın (ə) artan nüfuzundan ehtiyat etdiyi üçün 818-ci ildə o Həzrətin (ə) zəhərlətdirilərək şəhid edilməsini həyata keçirir. Həzrət İmam Rzanın (ə) pak cənazəsi Tus yaxınlığında, Sənabad adlanan məntəqədə, Xəlifə Harun ər-Rəşidin məqbərəsində torpağa tapşırılmışdır. Elə o zamandan Sənabad “Məşhəd” adı ilə tanınmağa başlamış və İmamın (ə) qəbri-şərifi müqəddəs ziyarətgaha çevrilmişdir. Sonralar İmam Rzanın (ə) ziyarətgahı ətrafında yaşayış massivi salınmış, müxtəlif yerlərdən köç edən ailələr orada məskunlaşmış və nəticədə Məşhəd bölgənin ən iri şəhərlərindən birinə çevrilmişdir. Qeyd edək ki, Səfəvilər zamanı, xüsusilə Şah Təhmasibin hakimiyyəti dövründə Məşhəd regionun ən əhəmiyyətli şəhərlərindən sayılmışdır. İmam Rza (ə) ziyarətgah kompleksi o Həzrətin (ə) məqbərəsi ilə yanaşı, Gövhərşad məscidi, Pirizad mədrəsəsi, Balasər mədrəsəsi və məscidi, Şeyx Bəhainin məqbərəsi, Zərrin Səqqaxanası, böyük kitabxana, muzey və digər tikililəri özündə birləşdirir. Kompleksdəki kitabələr məqbərə üzərində inşa edilən binanın tarixinin Samanilərdən Qacarlara qədər böyük bir dövrü əhatə etdiyini göstərir. Bu yazılarda məqbərənin “ilk abad edənləri” kimi Samanilərin adı çəkilir. Tarixi məlumatlara görə, Nuh ibn Mənsur Samaninin yaxınlarından olan Əbubəkr Şahmərd İmam Rzanın (ə) şəhid olduğu yeri abadlaşdırmış, Məhəmməd ibn Əbdürrəzzaq Tusi və Əmir Məhəmmədiyyə Samani dövrünün əmirləri isə müqəddəs ziyarətgaha xüsusi ehtiram göstərərək məqbərə binası üzərində müxtəlif bəzək işləri həyata keçirmişlər. X əsrdə Əzüdüd-dövlə Deyləminin əmri ilə İmamın (ə) məqbərəsi o dövrün İslam memarlığı üslubu əsasında təmir edilmiş və bəzədilmişdir. Daha sonrakı dövrdə Qəznəvilər ziyarətgah kompleksində təmir-tikinti işləri aparmışdır. Yəminüd-dövlə Sultan Mahmud Qəznəvi atası Səbüktəkin Qəznəvinin qübbədə törətdiyi dağıntıdan sonra onu yenidən bərpa etmiş və orada gözəl bir bina inşa etdirmişdir. Dəbir adı ilə tanınan Əbülhəsən Əraqi isə XI əsrdə müqəddəs ziyarətgahı təmir edərkən məzarın baş tərəfində məscid inşa etdirmişdir. XII əsrdə Səlcuqlar məzarın üstündə ilk günbəzi inşa edərək məqbərə kompleksini təmir etmişlər. Döşəmə və divarlar nəfis Səncəri kaşıları ilə bəzədilmiş, üzərində Hicri-qəməri təqvimlə 512-ci il (Miladi -1118) tarixi həkk edilmişdir. XIII əsrdə, Xarəzmşahların dövründə məqbərə kompleksində yenilənmə işləri aparılmış, kompleksin kaşıları özünə yeni rəng almışdır. Sonrakı dövrlərdə məqbərə kompleksində mərhələli şəkildə təmir və yenidənqurma işləri aparılmış, qəbirin ətrafı və üzbəüz hissəsi əla növ çini kaşılar və kitabə ilə bəzədilmişdir. Bu kitabədə gözəl süls xətti ilə İmam Rzanın (ə) adı və soyu Həzrət Əliyə (ə) qədər yazılmışdır. XV əsrdə, Teymurilər dövründə məqbərənin kənarında əzəmətli Gövhərşad məscidi tikilmişdir. Bu tarixi tikili müqəddəs hərəmin cənub tərəfində yerləşməklə Darül-Səyadə və Darül-Hifaz tağlarına birləşir. Məscid Cığatay əmirlərindən olan Əmir Qiyasəddin Tərxanın qızı və Teymurun oğlu Şahruxun həyat yoldaşı Gövhərşad xanımın tapşırığı ilə 1418-ci ildə məşhur memar Qəvaməddin Şirazi tərəfindən Teymurilər dövrünün memarlığı üslubunda tikilmişdir. Məscidin kaşıları Teymurilər dövrünün şah əsərlərindən hesab edilir, günbəz şəkilli tağları və xüsusi bəzəyə malik minarələri qabarıq üsulla bəzədilmişdir. Teymurilər dövrünün ən yaxşı süls xətti ustalarından olan Baysanqurun (Gövhərşadın oğlu) tarixi və gözəl kitabəsi səlis süls xətti ilə eyvanda gözə çarpır. Məscidin tarixi naxışları damara oxşayan kaşı üzərində bu kitabədə yazılmışdır. Məscidin mehrabı mərmər daşından ibarət olub oyma, bəzək və kitabə ilə o dövr memarlığının göstəricisidir. Gövhərşad məscidi 2800 kv. metrlik həyətə malikdir, təməli isə 9400 kv. metrdir. Məscid binasının səkkiz böyük eyvanı və yeddi otağı var. Məscidi inşa etdirən Gövhərşad xanımın adı tikilinin şimal eyvanında (Darül-Siyadə) sarı rəngli kaşı üzərində süls xətti ilə yazılmışdır. Kompleksdəki qədim memarlıq nümunələrindən biri də eyvan mehrabının yanında yerləşən Sahibəz-zaman (ə.c) minbəridir. Bu nəfis minbər ustad Məhəmməd Nəccar Xorasani tərəfindən Fətəli şah Qacar əsrinin taxta üzərində naxış üslubu ilə, eləcə də mismar işlədilmədən qoz və armud ağacından düzəldilmişdir. Eyvan üzərindəki hündür günbəz binanın əzəmətini daha da artırmışdır. Günbəzin hündürlüyü 41 metr, eni isə 10 metrdir, xarici səthi kərpic və kufi xəttində olan bir kitabə ilə bəzədilmişdir. Eyvanın iki tərəfində məscidin döşəməsindən ucalan 43 metrlik iki minarə düzəldilmişdir və onlar bir neçə kitabəyə malikdir. Səfəvilər dövründə məqbərə kompleksində daha mükəmməl təmir və yenidənqurma işləri aparılmışdır. Günbəzin və iki minarənin qızıl ilə işlənməsi, qəbir üzərində ilk zərihin hazırlanması, Tövhidxana tağları, Allahverdi xan günbəzi, Hatəm xan günbəzinin hamısı bu dövrə aiddir. Şah Təhmasib, Şah Abbas və Şah Süleyman əsaslı işlərlə bu dövrdə adlarını məqbərə kompleksinin tarixinə yazmışlar. Şah Təhmasib 1525-ci ildə ilk dəfə günbəzi qızıl ilə bəzətdirmiş, 1550-ci ildə qəbir üzərində ilk zərih düzəltdirmişdir. Bundan əlavə, Əmir Əlişir eyvanını və iki minarəni də qızıl ilə zinətləndirmişdir. Şah Abbasın zamanında kompleksin həyəti genişləndirilmiş, onun şərq, şimal və qərb hissəsində eyvanlar, hücrələr düzəldilmişdir. II Şah Abbasın dövründə isə həmin tikililər təmir edilmiş və kaşı ilə bəzədilmişdir. 1588-ci ildə özbək xanı Əbdülmömin ziyarətgahı və günbəzdə olan qızılları qarət etmişdir. I Şah Abbas Məşhədə etdiyi səfər zamanı yenidən günbəzi qızılla bəzətdirmişdir. Əlirza Abbasi Şah Abbasın Məşhədə gəlişini və günbəzin qızıl ilə bəzədilməsini süls xətti ilə abidənin aşağı hissəsindəki kitabədə həkk etmişdir. Şah Süleyman Səfəvi də Darül-Siyadə tağını təmir elətdirmiş və 1673-cü ildə zəlzələ nəticəsində günbəzin qopmuş qızıllarını yenidən düzəltdirmişdir. Bu işlər Məhəmməd Rza İmami tərəfindən günbəzin alt hissəsində yerləşən kitabədə qeyd edilmişdir. Əfşarlar dövründə kompleksdəki Ətiq həyətinin şimalındakı minarə və Əmir Əlişir eyvanı yenidən qızıl ilə bəzədilmişdir. Memarlıq baxımından Qacarlar dövrü də ziyarətgah kompleksi tarixinin mühüm dönəmlərindən sayılır. Belə ki, həmin vaxtlarda məqbərə kompleksi genişləndirilərək yeni həyətlər salınmış, hazırda Azadlıq adlanan həyətin qərb hissəsi qızıl ilə bəzədilmiş və Nasir eyvanı adı ilə məşhurlaşmışdır. Bundan əlavə, 1858-ci ildə Qaimməqam Nuri müqəddəs Rövzənin güzgü ilə bəzədilməsinə dair göstəriş vermişdir. Bu dövrdə Tövhidxana, Darül-Hifaz və Darül-Səyyarə tağları da güzgü ilə bəzədilmişdir. 1912-ci ilin martında İmam Rzanın hərəminin Çar Rusiyası ordusu tərəfindən topa tutulması, hərəmin bəzi hissələrinin dağılması xəsarət alması və oradakı bəzi əşyaların qarət edilməsi ilə nəticələndi. Həzrət İmam Rzanın (ə) ziyarətgah kompleksi müasir dövrümüzdə daha da genişləndirilmiş, burada möhtəşəm abadlıq işləri aparılmış, yeni həyətlər və binalar salınmışdır. Son illərdə inşa olunmuş binaların həcmi əvvəlkilərdən beş dəfə çoxdur. Binaların ərazisi 12 əsr ərzində təqribən 12 hektar olmuşdursa, son dövrdə təxminən 90 hektara çatmışdır. Son illərdəki çalışmalar nəticəsində üstü örtülü 26 bina, üstü açıq 9 həyət və 4 giriş qapısı düzəldilmişdir. Bütün binalarda müasir istilik və sərinləşdirmə sistemi quraşdırılmışdır. Hərəmin iki tərəfdən (cənub və şimal) qızıl qapılar vasitəsilə tağlara yol var və başqa iki tərəfdən (şimal və qərb) iki böyük otaqla başqa tağlara və məzarın baş tərəfindəki məscidə birləşir. Qeyd edək ki, ziyarətgahın idarəçiliyi xüsusi təsisat olan İmam Rza (ə) ziyarətgah kompleksi tərəfindən həyata keçirilir. Bu kompleks bir təsisat olaraq Səfəvilər zamanından fəaliyyətə başlayıb. Həmin təsisatın mülkündə çoxlu sayda əkin əraziləri, heyvandarlıq fermaları, zavod və fabriklər, ticarət mərkəzləri və s. obyektləri var. Ziyarətgah kompleksinin əmlakı olan torpaq sahələrinin təqribi dəyərinin 20 milyard ABŞ dolları məbləğində olduğu bildirilir. Təsisat gəlirləri hesabına Rəzəvi İslam Elmləri Universiteti və İmam Rza (ə) Universiteti olmaqla iki ali təhsil müəssisəsi, bir neçə elmi araşdırma mərkəzi, eləcə də kitabxanalar, xəstəxana və klinikalar, idman kompleksi, internet televiziya kanalı, internet portalı, “Qüds” qəzeti və s. fəaliyyət göstərir. İmam Rza (ə) ziyarətgah kompleksi bir təsisat olaraq İranın ən zəngin qurumu hesab edilir. Bu quruma bağlı müəssisələrdə 15 min nəfərin çalışdığı, illik gəlirinin isə 130 milyon dollardan artıq olduğu bildirilir. Məqbərə kompleksinin tikili hissəsinin sahəsi 267 079 kv. metr, həyətləri ilə birgə ümumi sahəsi isə 598 657 kv. metrə çatır. Burada eyni zamanda 700 min nəfər ibadət edə bilir. Həzrət İmam Rzanın (ə) məqbərə kompleksini hər il 20 milyondan çox zəvvar ziyarət edir. Oxşar xəbərlər
|