Allahın qəzəbi nə deməkdir?
Mьəllif: admin1
Tarix: 18-09-2021, 12:20
Allahın qəzəbi nə deməkdir?
Allah Təalanın rəhməti hər bir məxluqa şamil olur. Onun rəhmət yağışı həm xüsusi, həm də ümumi insanlara nazil olur.

Ancaq bu, insandır ki, həmin rəhmət yağışından nə qədər faydalanacağına özü qərar verir. Allah hər nə qədər deyirsə ki, namaza gəl, ibadət et, günahdan çəkin, ancaq biz yenə də günaha tərəf meyil edirik. Bunun nəticəsində də Allahın rəhmətindən uzaqlaşır və Allahın qəzəbinə düçar oluruq.

Allahın qəzəbi belə deyildir ki, qəzəblənib hirslənsin. Allah Öz qəzəbi barəsində belə buyurur: “Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır. Mənim qəzəbim kimə nazil olubsa, o mütləq həlakət burulğanına düşmüşdür”. (“Taha” 81).

Allahın qəzəblənməsinə səbəb olan bizik və bizim əməllərimizdir.

Allahın qəzəbi dedikdə o nəzərdə tutulur ki, insan Allahdan uzaqlaşır.

Əslində Allah heç bir zaman bizə qəzəblənmir. Biz özümüz Ondan əməllərimizə görə uzaqlaşırıq və bu uzaqlaşmağa da Allahın qəzəbi deyirlər.

Bəzi əməllər vardır ki, Allahın qəzəbini daha da fəal edər. Bu əməllər işə tanış olaq:

1. Allahdan ümidsiz olmaq. O əməl ki, bizi Allahdan uzaqlaşdırar, yəni Onu qəzəbləndirər, Allahın rəhmətindən ümidsiz olmağımızdır. İnsan deyər ki, mən günah etmişəm, ancaq Allah məni bağışlamaz. Allah rəhmət qapısını mənim üzümə bağlamışdır. Bu əməl Allahın qəzəbini şiddətləndirər.

2. Əhli-Beytin (ə) haqqını tanımamaq. Əhli-Beytin (ə) hər birimizin üzərində haqqı vardır. Hər birimiz bu haqları tanıyıb, vilayəti qəbul edən olmalıyıq. İnsan əgər bu haqlara qarşı etinasızlıq edərsə, Allahı qəzəbləndirər.

3. Pis əxlaq. Allahın qəzəbini şiddətləndirən əməllər – pis əxlaq nümayiş etdirməkdir. O cümlədən: qeybət etmək, söyüş söymək, söz gəzdirmək, töhmət atmaq, məsxərə etmək, qəzəblənmək...

İmam Kazım (ə) buyurur: “İki tayfa vardır ki, gərək onların barəsində qəzəblənməyəsən. Biri uşaqlardır, o birisi isə qadınlar. Çünki onlar kobudluğa dözə bilmirlər. Güllərin pər-pər olması kimidir ki, tufan istəməz. Onları nəvazişlə saxlamaq lazımdır”.

Beləliklə deyə bilərik ki, Allah heç bir zaman qəzəblənməz, çünki bu sifət Allahdan uzaqdır. Allah pak və pakizədir. Heç bir çirkinliyin Ona yolu yoxdur. Bu, insandır ki, Allahdan uzaqlaşır və bu yolla da Onun uzaqlığına və rəhmətindən məhrumluğuna səbəb olur. İnsan hər nə qədər çox günah edərsə, Allahdan bir o qədər də uzaq olar. Deməli, bir o qədər də Allahın qəzəbinə düçar olar.





/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930