Qəlbin dirilməsi və ölümü
Tələb olunan budur ki, qəlb diri saxlanılsın. Qəlbin ölümü insan üçün olduqca böyük fəlakətdir. Həzrət Əli (ə) İmam Həsənə (ə) vəsiyyətnaməsində qəlbin həm dirildilməsi, həm də öldürülməsini tapşırır: “Qəlbini moizə və nəsihətlə dirilt, zöhd və pəhrizlə öldür.”
Məgər qəlbin öldürülməsi də yaxşı bir iş ola bilərmi? Bəli, bəyənilməyən həyat tərzinin ölümü çox yaxşı işdir. İnsan qəlbi ikiüzlü sikkə kimidir. Onun bir üzünə baxmaq üçün o biri üzünü qapamalısan. Qəlbə aid olan meyl və istəklər həm ilahi ola bilər, həm də heyvani. İnsanı kamala aparan meyllər ilahi, onu alçaldan meyllər heyvanidir. Heyvani şəhvətlər, şeytani istəklər, insanı uçuruma sürükləyən əmmarə nəfs hökmən öldürülməlidir. Bu meyllərin öldürülməsinə, əmmarə nəfsin insana hakim olmasına yol verilməməlidir. Bu meyllər hökmən öldürülməlidir. Əks-təqdirdə insanın tərəqqisinin qarşısı alınacaqdır. Əslində həmin meylləri öldürmək yox, kamilləşmə istiqamətinə yönəltmək lazımdır. Onlardan təkamül məqsədi ilə istifadə olunmalıdır. Əgər insan öz heyvani istəklərini doyurmaq üçün ifrata varsa, bir çox başqa mənfi qüvvələr də canlanacaq, insanı oda çəkəcək. Ona görə də bu meyllər söndürülməlidir. Həzrət Əli (ə) “qəlbi öldür” deyərkən məqsədi qəlbdəki heyvani hisslərin öldürülməsi olmuşdur. Biz həyat dedikdə hərəkət və fəaliyyət nəzərdə tuturuq. Dirilik nəzərimizdə nəfəs almaq kimi canlanır. Bir canlı dayanıb, nəfəs dərmədikdə onu ölmüş hesab edirik. Amma qəlbin diriliyi dedikdə xüsusi bir fəallıq nəzərdə tuturuq. Demək, bə’zi fəaliyyətlər nəinki dirilik sayılmır, hətta həmin fəaliyyətlərə görə qəlb ölü hesab olunur. Yalnız insanın kamilliyinə xidmət edən fəaliyyətlər dirilik nişanəsidir. Şəhvət odundan hərəkətə gələn fəaliyyətlər isə hökmən buxovlanmalı, məhv edilməlidir. Oxşar xəbərlər
|