İmanın 3 həqiqəti bir insanda cəm olduqda, o, həqiqi möminlərdən olur
O kəslər ki, güman edirlər həqiqi iman bəsit bir şeydir, sadəcə bir qəlb həqiqətidir – bu gümanları yanlışdır.
İman Quranın buyurduğuna görə üç mürəkkəb həqiqətdən ibarətdir: 1. Kökləri olan etiqad və inanc. 2. Əməli həqiqətlər ki, vəzifələri yerinə yetirməklə nəticələnər. 3. Əxlaqi həsənələr ki, gözəl əxlaqi rəftarları ardınca gətirər. Həqiqi mömin o kəsdir ki, qəlbi düzgün inanc və etiqadla titrəyər, bədən üzvləri saleh əməllərlə, batini isə gözəl əxlaqla bəzənər. Qurani-Kərim imanın həqiqətini belə açıqlayır: “Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq – Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcə də öz malını, çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən – etiqad, əməl və əxlaqdan ibarətdir). (“Bəqərə” 177). Quran həqiqi möminlərin duası barəsində buyurur: «Ey Rəbbimiz! Həqiqətən biz «Rəbbinizə iman gətirin!» deyə imana dəvət edən bir çağırışçını(n dəvətini) eşitdik və iman gətirdik. Ey Rəbbimiz, buna görə də günahlarımızı bizə bağışla, pisliklərimizi bizdən təmizlə və bizi yaxşı əməl sahiblərinin sırasında öldür!». (“Ali-İmran” 193). Quranın nəzərinə görə həqiqi möminlər: “Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar). O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar. Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər. Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər. Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar”. (“Mominun” 1-5). Həzrət Peyğəmbər (s) həqiqi mömin barəsində buyurur: “Mömin – xalis faydadır. Əgər ona tərəf addım atsan – sənə fayda verər, əgər onunla məsləhətləşsən – sənə fayda verər. Əgər onunla şərik olsan – sənə fayda verər. Möminin hər bir işi xalis faydadır”. İmam Sadiq (ə) buyurur: “Mömin səbirlidir ki, cahillik etməz. Əgər ona cahillik etsələr, səbir edər və zülm etməz. Əgər ona zülm edilərsə, güzəşt edər və simiclik etməz. Əgər ona simiclik edilərsə, səbir göstərər”. O şəxs ki, dinin həqiqətləri ilə bəzənibdir, yer üzündə olan bütün varlıqlardan daha üstündür. Həmin mömin Allahın yer üzündə olan xəlifəsi və Allahın əminidir. Bu cür mömin mələkut aləmində mələklər, peyğəmbərlər (ə) və şəhidlərlə bir yerdə olmağa layiqdir. Həzrət Peyğəmbər (s) müdrik kəlamında dini belə tanıtmışdır: “Agah olun ki, bu din sabit böyüyən ağac kimidir. Kökləri – iman, budaqları – zəkat, suyu – namaz, damarları – oruc, yarpaqları – gözəl əxlaq, örtüyü – həya, meyvəsi – Allahın haramından çəkinməkdir. Necə ki, bir ağac pakizə meyvəsi ilə kamil olur, iman da Allahın haramlarından çəkinməklə kamil olur”. Beləliklə deyə bilərik ki, dininin əsasını iman təşkil edir və imanın üç həqiqəti vardır ki, əgər insanda bu üç həqiqət cəm olarsa, o zaman həqiqi mömin olar. Bu üç həqiqət etiqad, əməl və əxlaqdır. /Deyerler.org/ Oxşar xəbərlər
|