Sui-zənn və bədbinliklə mübrizə!
Əvvəlcə bu məsələ ilə bağlı bir iradı aradan qaldırmaq zəruri görünür. O da budur ki, “bədbinlik” hissi insanın ixtiyarından xaric olduğundan ondan çəkinmək mümkün deyildir. Məsələn, insan bir mənzərəni müşahidə etdikdə, yaxud bir söz eşitdikdə, yaxud bir məsələ və şəxsin mənfi tərəfi haqqında fikirləşdikdə, ixtiyarsız olaraq bədbinlik onun fikrinə yol tapır. Belə isə, necə ola bilər ki, onu qadağan və haram bilək? Bu şübhəni aradan qaldırmaq üçün müxtəlif izah və cavablar verilib: 1. Bəziləri bədbinliyin şüurda zatən qadağan olmadığını deyir və bunu sübut etmək üçün Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan məşhur bir hədisə istinad edirlər: ثَلاثٌ فِي الْمُؤْمِنِ لا يُسْتَحْسَنَّ وَلَهُ مِنْهُنَّ مَخْرَجٌ، فَمَخْرَجُهُ مِنْ سُوءِالظَّنِّ اَنْ لا يُحَقِّقَهُ... “Üç xislət möminə yaraşmır və onlardan qurtulmağın yolu vardır: bədbinlikdən qurtulmağın yolu odur ki, onu gerçəkləşdirməsin...” (“Biharul-ənvar”, 75-ci cild, səh.201.) 2. Bəzilərinin nəzərincə, bədbinliyin xarici və qəlbi təsiri qadağan edilib. Yəni insan birinə bədbin olduğu zaman nə ona qəlbində nifrət bəsləməli, nə də onunla zahirdə davranışını dəyişməlidir. Demək, bədbinliyin gerçəkləşməməsi dedikdə, onun geniş (zehni və xarici) mənası nəzərdə tutulur. Şübhəsiz, ayə və hədislərə nəzər yetirdikdə, bədbinlik zatən – istər xaricdə təsir göstərsin, istərsə də göstərməsin – qadağan edilir. Əlbəttə, (əqidə və imanın zehni məlumatdan fərqini nəzərə almaqla) qəlbi əqidələr insanda ixtiyari olduğu halda, nifrət və ikrah hissi isə belə deyildir. 3. Həqiqət odur ki, bədbinlik əvvəlcə qeyri-ixtiyari olsa da, onun davamı ixtiyari yön alır. Adətən, bu duyğu bir sıra gümanlardan baş qaldırır ki, nəhayət, tələsik şəxsi yürütmələrlə nəticələnir. Buna görə də, insan hər hansı məsələyə qarşı obyektiv yanaşmalı, müxtəlif doğru ehtimallarla yaranan şübhəni tez bir zamanda aradan qaldırmalıdır. Rəvayətlərdə də bu məsələ xüsusi olaraq vurğulanır. İmam Əli (ə) buyurur: وَ لا تَظُنَّنَّ بِكَلِمَةٍ خَرَجَتْ مِنْ اَخِيكَ سُوءاً وَاَنْتَ تَجِدُ لَها فِي الْخَيْرِ مَحْمِلاً “Qardaşından eşitdiyin (məs: hər hansı şübhəli) sözdən düzgün bir nəticə çıxarana qədər pis fikrə düşmə.” (“Kafi”, 2-ci cild, səh.362.) Demək, insanın ixtiyarından kənar məsələlər qəlbə nagahan daxil ola bilir, lakin sabit və davamlı bədbinlik isə ixtiyar üzündəndir. Bu məna ayə və rəvayətlərlə də zahirən tam uyğun gəlir. Amma onların zahirinə zidd çıxmağın heç bir dəlili yoxdur. İmam Sadiqin (ə) Məhəmməd ibn Fəzilə “Kəzzib səm`əkə və bəsərəkə ən əxikə!” (Müsəlman qardaşına qarşı gözünü və qulağını təkzib et!) – buyruğu da bu məsələni, yəni doğru ehtimallara əsaslanmağı və zehnə gələn ilkin düşüncələri aradan qaldırmağı bir daha təsdiq edir. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.98-100.) Oxşar xəbərlər
|