İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) ƏXLAQİ TÖVSİYƏLƏRİ
Mьəllif: admin1
Tarix: 9-12-2016, 10:35
İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) ƏXLAQİ TÖVSİYƏLƏRİ
İslam aləmi imamət və vilayət günəşinin 11-ci ulduzu imam Həsən Əskərinin (ə) matəmini yaşayır. Elə bir imam ki, gənc ikən, yəni 28 yaşında şəhadətə yetdi. Elə bir imam ki, gözəl və ibrətamiz kəlamları ilə hamıya hidayət və haqq yolunu göstərdi.

O həzrət öz tərəfdarlarına daim tövsiyə edirdi ki, gözəl əxlaqla bəzənsin, insanlarla gözəl rəftar etsin, onları haqqa, doğru yola dəvət etsinlər. Biz burada o həzrətin əxlaqi tövsiyələrindən üç nümunəyə xüsusi olaraq toxunacaq və sonda o həzrətdən nəql olunan ümumi bir tövsiyəni də tərcüməsi ilə yanaşı qeyd edəcəyik:

1. Gözəl əxlaq: İnsan ictimai varlıq olduğundan, ətrafına bir sıra insanlar toplayıb onlarla rabitə qurmaq və onların yanında sevimli olmaq istəyir. Odur ki, insan bu fitri ehtiyacını təmin etmək üçün, gözəl əxlaqla bəzənməlidir. Həqiqətdə, qəlbləri fəth və cəzb etməyin yolu məhz gözəl əxlaqa sahib olmaqdır. Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 159-cu ayəsində Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurur:

لَوْ كُنْتَ فَظًّا غَليظَ الْقَلْبِ‏ لاَنْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَ اسْتَغْفِرْ لَهُمْ؛

“...(Ya Rəsulum!) Əgər qaba, sərtürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə!...”

İnsanlar arasında etimad və ünsiyyətin yaranmasına səbəb olan mülayim rəftar, xoş danışıq, təbəssüm və imkan qədər maddi yardım gözəl əxlaqın nümunələrindəndir. İmam Həsən Əskəri (ə) daim şiələri və tərəfdarlarına bu əxlaqi fəzilətə sahib olmağı tövsiyə edər və buyurardı:

قُولُوا لِلنّاسِ حُسْناً، مُؤْمِنُهُمْ وَ مُخالِفُهُمْ، مَّا الْمُؤْمِنُونَ فَيَبْسِطُ لَهُمْ وَجْهَهُ، وَ مَّا الْمُخالِفُونَ فَيُكَلِّمُهُمْ بِالْمُداراةِ لاِجْتِذابِهِمْ إلَى الاْ يِمانِ

“İnsanlarla – istər dost olsun, istər müxalif, gözəl danışın və gözəl rəftar edin. Möminləri bir vəzifə olaraq həmişə gülərüzlə qarşılayın, müxalifləri də mülayim və gözəl danışıqla imana (İslam və islami hökmlərə) cəzb edin.” (“Biharul-ənvar”, 10-cu cild, səh.369.)

2. Yaxşı və mömin dostları qoruyub-saxlamaq: İnsan başqaları ilə rabitə qurduqda, ya insani dəyərlərə, ya da alçaq xüsusiyyətlərə yönəlir. Əgər onun rabitə qurduğu insan mömindirsə, onun gözəl xüsusiyyətlərini, yox, əgər alçaq və şər insandırsa, onun çirkin xüsusiyyətlərini mənimsəyə bilər. İmam Həsən Əskəri (ə) bu məsələyə xüsusi əhəmiyyətlə yanaşır və şiələrinə tövsiyə edir ki, yaxşı dostlarını qorumaqda ciddilik göstərsin, onlardan layiqincə bəhrələnsinlər. O həzrət bir hədisdə belə buyurur:

اللِّحاقُ بِمَنْ تَرْجُو خَيْرٌ مِنَ المُقامِ مَعَ مَنْ لا تَأْمَّنُ شَرَّهُ

“Xeyirxahlığına ümid bəslədiyin bir şəxslə dostluq əlaqəsi qurmaq şərindən amanda qalmayacağın şəxslə birgə olmağından daha xeyirlidir.” (“Biharul-ənvar”, 71-ci cild, səh.198.)

O həzrət başqa bir hədisdə də belə buyurur:

خَيْرُ إخْوانِكَ مَنْ نَسَبَ ذَنْبَكَ إلَيْهِ

“Sənin xəta və səhvlərini öz öhdəsinə götürən və özünü müqəssir bilən kəs sənin ən yaxşı qardaşın və dostundur.” (“Biharul-ənvar”, 71-ci cild, səh.188.)

3. Gizlində nəsihət etmək: İnsan xəta və günahdan uzaq qalmaq üçün öyüd-nəsihətə, moizəyə möhtacdır. Loğman Həkim öz oğluna nəsihət edərkən buyurur:

يا بُنَىَّ ... عَلَيكَ بِالمَوعِظَةِ فَاعمَل بِها فَإنَّها عِندَ العاقِلِ أَحلى مِنَ العَسَلِ الشَّهدِ

“Oğlum! Nəsihəti qəbul və ona əməl et ki, nəsihət ağıllı insanın nəzərində xalis baldan da şirindir.” (“İrşadul-qulub”, Şeyx Həsən Deyləmi, 1-ci cild, səh.73.)

Əlbəttə, xəlvətdə deyilən nəsihət daha təsirli, daha faydalıdır. Çünki başqalarının hüzurunda deyilən nəsihətamiz söz insanın ictimai şəxsiyyətini alçaldır, xarlığına şərait yaradır. İmam Həsən Əskəri (ə) insanların ictimai şəxsiyyəti və mövqeyinin qorunması ilə əlaqədar şərif bir hədisdə buyurur:

مَنْ وَعَظَ خاهُ سِرّاً فَقَدْ زانَهُ، وَمَنْ وَعَظَهُ عَلانِيَةً فَقَدْ شانَهُ

“Hər kim öz (din) qardaşına xəlvətdə nəsihət edərsə, həqiqətən, onu bəzəmiş, aşkarda nəsihət edərsə, həqiqətən, xar etmiş, alçaltmışdır.” (“Biharul-ənvar”, 71-ci cild, səh.166.)

İmam Həsən Əskəri (ə) bir hədisdə öz şiələrinə nəsihət edərkən buyurur:

أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاِْجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فاجِر وَ طُولُ السُّجُودِ وَ حُسْنِ الْجَوارِ. فَبِهذا جاءَ مُحَمَّدٌ(صلى الله عليه وآله وسلم) صَلُّوا فى عَشائِرِهِمْ وَ اشْهَدُوا جَنائِزَهُمْ وَ عُودُوا مَرْضاهُمْ وَ أَدُّوا حُقُوقَهُمْ، فَإِنَّ الرَّجُلَ مِنْكُمْ إِذا وَرَعَ فى دينِهِ وَ صَدَقَ فى حَديثِهِ وَ أَدَّى الاَْمانَةَ وَ حَسَّنَ خُلْقَهُ مَعَ النّاسِ قيلَ: هذا شيعِىٌ فَيَسُرُّنى ذلِكَ.

“Sizə tövsiyə edirəm ki, Allahdan qorxun, dininizdə təqvalı olun, Allaha xatir çalışın, doğru danışın, sizi əmanətdar bilənə qarşı əmanətdar olun – istər yaxşı insan olsun, istərsə də pis, səcdələrinizi uzadın və qonşularınızla yaxşı davranın ki, həzrət Muhəmməd (s) elə buna görə göndərilmişdir. Camaatla birgə namaz qılın, onların dəfn mərasimlərində iştirak edin, xəstələrinə baş çəkin, hüquqularını ödəyin. Çünki sizdən hər hansı biriniz dinində təqvalı, sözündə doğru və (əməlində) əmanətdar olub, camaatla gözəl rəftar edərsə, deyəcəklər ki, şiə belə olar! Bu işlər bizi sevindirir.”

إِتَّقُوا اللّهَ وَ كُونُوا زَيْنًا وَ لا تَكُونُوا شَيْنًا، جُرُّوا إِلَيْنا كُلَّ مَوَدَّة وَ ادْفَعُوا عَنّا كُلَّ قَبيح، فَإِنَّهُ ما قيلَ فينا مِنْ حَسَن فَنَحْنُ أَهْلُهُ وَ ما قيلَ فينا مِنْ سُوء فَما نَحْنُ كَذلِكَ

“Təqvalı olun, Allahdan qorxun, zinət olun, alçaqlığa səbəb olmayın, bütün sevgiləri bizə tərəf yönəldin, bütün çirkinlikləri isə bizdən uzaqlaşdırın. Çünki biz, haqqımızda deyinlən yaxşı sözlərə layiqik, haqqımızda deyilən pis sözlərdən isə uzağıq.”

أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ وَ الصَّلاةَ عَلَى النَّبِىِّ(صلى الله عليه وآله وسلم)فَإِنَّ الصَّلاةَ عَلى رَسُولِ اللّهِ عَشْرُ حَسَنات، إِحْفَظُواما وَصَّيْتُكُمْ بِهِ وَ أَسْتَوْدِعُكُمُ اللّهَ وَ أَقْرَأُ عَلَيْكُمْ السَّلامَ.

“Allahı və ölümü çox yad edin, Quranı çox oxuyun və Peyğəmbərə (s) çox salavat göndərin. Həqiqətən, Peyğəmbərə (s) salavat göndərməyin on savabı var. Tövsiyələrimi qoruyun (unutmayın). Sizi Allaha tapşırır və sizə salam göndərirəm!” (“Biharul-ənvar”, 75-ci cild, səh. 372, bölüm 29.)


Rza Şükürlü
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930