Peyğəmbərin (s) besəti olmasaydı, nə olardı?
Böyük hadisə olan besət Rəcəb ayının 27-də, Kəbə evinin yenidən inşa edilməsindən beş il sonra baş vermişdir. O zaman Peyğəmbərin (s) ömründən 40 il keçmişdi. Həzrət (s) qırx yaşına yaxınlaşdıqca, xəlvətə çəkilməyi sevirdi. Ona görə də ildə bir neçə dəfə Həra dağına gedir və orada ibadətlə məşğul olurdu. Gündüzləri oruc tutur və etikaf edirdi. Ruhu daha da təmizlənir və səfalı olurdu. İlahi vəhyi qəbul etmək üçün daha çox hazır olurdu. Tanınmış tarixçi Məsudi deyir: “Allah Təala Quranın 82-ci surəsini Peyğəmbərə (s) Məkkədə nazil etmişdir. Quranın qalan hissəsini isə Mədinədə nazil etmişdir. Məkkədə o Həzrətə ilk nazil olan surə “Ələq” surəsi idi. Cəbrayil (ə) bu surəni şənbə gecəsi və sonra da bazar günü gecəsi nazil etmişdir. Bazar ertəsi günü isə Həzrəti Rəsul deyə adlandırmışdır”. Həra dağı Quranın ilk nazil olduğu məkan idi. O zaman Həzrətə (s) bu surənin beş ayəsi nazil olur və qalan ayələr isə sonradan nazil olurlar. Həzrət Peyğəmbər (s) oxumağı və yazmağı bilmirdi və Allah bu ayənin vasitəsilə Ona deyir ki: “Oxu”. O, bu nurani kəlamı eşidən zaman təəccüb edir ki, axı mən necə oxuyum? Axı indiyə qədər heç bir yazını oxuya bilməmişəm? Allah yenə əmr edir və Həzrət (s) oxumağa başlayır. Əgər besət olmasaydı, nə olardı? “(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün işlərində) hikmət sahibidir”. (“Nisa” 165). Bu ayədən də göründüyü kimi, əgər Peyğəmbər (s) məbus olmasaydı, insanlar Qiyamət günü Allaha haqqı tanımadıqları üçün etiraz edərdilər. Deyərdilər: “Allahım, Sən bilirsən ki, ağılın işi məhduddur. Tək halda əhkam və maarif mövzularını dərk edə bilmir. Bəs bizi niyə bundan agah etməmisən?”. Bəli, bu etiraz - məntiqli bir etirazdır. Allah Özü də bu mövzunu təsdiq edib buyurur: “(Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir)”. (“Bəqərə” 151). Yəni, əgər Allah vəhy yolu ilə bizə həqiqətləri çatdırmasaydı, biz heç bir zaman vəzifələrimizi tanımayacaqdıq. Lakin Allah Müdrik və Aqildir. Ona görə də hikmətinə görə bu işi əməli etdi və etiraz üçün yer qoymadı. Əmirəl-möminin (ə) buyurur: “Allah Peyğəmbərin (s) dili ilə sizə xəbər verdi ki, hansı işləri sevir və hansı işlərə nifrət edir. Hansı əməllərə əmr etmişdir və hansı əməlləri qadağan etmişdir”. İmam Əli (ə) yenə buyurur: “Sizə üzr üçün yer qoymadı və hüccəti tamam etdi”. Ona görə də əgər kimsə bilərəkdən gözlərini bu həqiqətə yumarsa və Allahın müraciətini eşitməməzliyə vurarsa özü təqsirkar olar. Qiyamət günü bəhanəsi olmayacaqdır. Beləliklə, deyə bilərik ki, Peyğəmbər (s) ona görə məbus oldu ki, Allahın kəlamlarını bizə çatdırsın. Ondan sonra bu müraciəti çatdırmaq vəzifəsi İmamlara (ə) keçmişdir. Bu vəzifə Qiyamət gününə qədər də davam edəcəkdir. Bu, bizik ki, gərək bütün varlığımızla dinimizin qədrini bilək və ona sahib çıxaq. /Deyerler.org/ Oxşar xəbərlər
|