DÜNYA İLƏ AXİRƏT ARASINDA OLAN ƏLAQƏ
Axirət aləmində həqiqətlər zahir olarkən şəxs filan haram yeməyin batini aləmi atəş olduğunu görəcək Əksər hallarda zehndə şərti rabitənin cilvələnməsinə baxmayaraq çoxlu Quran ayələrindən məlum olur ki, insanın əməlləri ilə axirət savabı və ya cəzası arasında şərti əlaqədən daha geniş bir əlaqə vardır. Qeyd olunan birinci sözdən («əcr») (Quranda “əcr” sözü 90 dəfə, “cəza” sözü isə 100 dəfədən artıq işlənmişdir.) istifadə məsələnin asan olub daha artıq başa düşülməsi, camaatın bu məfhumlarla tanış olması və onların əksəriyyətinin vəziyyətini nəzərə almaqdan ötrüdür. Həmçinin, şərif rəvayətlərdə də bu barədə dəlillər gözə dəyir. Onlar göstərir ki, insanın ixtiyari əməlləri müxtəlif mələkuti (batini) surətlərə malikdir ki, bərzəx aləmində və qiyamətdə zahir olacaqdır. İndi insanın əməlləri ilə onun axirət nəticələri arasındakı rabitənin varlığına dəlalət edən ayələrdən bir neçəsini nümunə olaraq göstəririk: «Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər şeyi Allah yanında tapacaqsınız.» (“Bəqərə” surəsi, ayə:110, “Müzzəmmil” surəsi, ayə:20.) «O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir, çünki Allah (Öz bəndələrinə) mərhəmətlidir.» (“Ali-İmran” surəsi, ayə:30.) «O gündə insan öz əlləri ilə göndərdiyi şeylərə baxacaqdır.» (“Nəbə” surəsi, ayə:40.) «Hər kəs zərrə qədər yaxşılıq etsə, onu görəcək və hər kəs zərrə qədər pislik etsə, onu da görəcəkdir.» (“Nəml” surəsi, ayə:40, “Qəsəs” surəsi, ayə:84.) «Görəsən, sizə verilən cəza (əvəz) dünyada etdiyiniz əməllərdən başqa bir şeydən ibarətdirmi?!» (“Zilzal” surəsi, ayə:7, 8.) «Həqiqətən, yetimlərin mal-dövlətlərini zülmlə mənimsəyənlər öz qarınlarına od daxil edirlər.» (“Nisa” surəsi, ayə:10.) Aydındır ki, insanın qiyamətdə özünün bu dünyadakı əməllərinin sadəcə olaraq nəticəsini “görməsi” onun cəza və ya mükafatı olmayacaq, əksinə, nemət və ya müxtəlif əzablar formasında görünən şey məhz əməllərin mələkuti surətləridir ki, zahir olacaq və şəxs onların vasitəsilə nemətə, yaxud əzaba düçar olacaqdır. Sonuncu ayədən məlum olduğu kimi, yetim malını mənimsəməyin batini surəti cəhənnəm odu yeməkdir. Axirət aləmində həqiqətlər zahir olarkən şəxs filan haram yeməyin batini aləmi atəş olduğunu görəcək. Bunun nəticəsində daxilindəki yanğını hiss edəcək və ona deyiləcəkdir: «Bu cəhənnəm odu yediyin haram maldan başqa bir şeydirmi?!» Oxşar xəbərlər
|