Ümmətül-vəsət kimlərdir?
Mьəllif: admin1
Tarix: 24-02-2019, 10:43
Ümmətül-vəsət kimlərdir?
“(Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun.

Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsi geri dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəli elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün (qiblə) təyin etməmişdik. Hərçənd ki, bu hökm Allahın hidayət etdiyi şəxslərdən başqası üçün çətin və ağır idi.

Allah sizin imanınızı (keçmiş etiqadlarınızın, yaxud əvvəlki qibləyə üz tutub etdiyiniz ibadətlərin savabını) zay etmək istəmir. Həqiqətən, Allah insanlara qarşı olduqca şəfqətli və mehribandır”.
(“Bəqərə” 143).

Hədislərin buyurduğuna görə ümmətül-vəsət Məsum İmamlardır (ə). Çünki onlar bütün elmdən agahdırlar. İkincisi isə ədalətləri vardır.

Belə ki, Allah Təala bu ayədə buyurur: “Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir”. (”Əhzab” 33).

Bu ayədən də göründüyü kimi, Əhli-beyt (ə) ismət və ədalət nümunəsidirlər.

Təfsirçilərin nəzərinə görə ümmətül-vəsət nə ifrat əhlidirlər, nə də təfrit. Göründüyü kimi, ümmətül-vəsət adi insanlar deyildirlər, onlar xüsusi insanlardır.

Qurani-Kərim ümmətül-vəsəti əməllərə şahid olan kimi tanıtmışdır. Qiyamət günü insanların əməlinə şəhadət verəcəklər. Şahid olmaq üçün elmə və ədalətə ehtiyac vardır. İnsanların hamısının elmi və ədaləti yoxdur.

Başqa bir ayədə oxuyuruq: “Və de: «İstədiyinizi edin ki, tezliklə əməlinizi Allah, Onun Peyğəmbəri və möminlər (əməllərinizin dünyadakı şahidləri) görəcəklər və tezliklə gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə, O sizi (dünyada) etdiklərinizdən xəbərdar edəcəkdir»”. (“Tövbə” 105).

Bu ayənin təfsirində də məqsəd Əhli-beyt (ə) olduğu bəyan edilmişdir.

İmam Sadiq (ə) buyurur: “Məgər belə ola bilərmi ki, o ümmətin ki, bəzi insanları dünya məhkəməsində bir neçə xurma üçün şəhadət verməyə layiq olmasın, lakin Qiyamət günü bu qədər insana şəhadət vermək ləyaqətinə malik olsun?”.

Hər bir halda Qiyamət günü bütün insanlara görə şəhadət vermək ləyaqətinə Məsum İmamlar (ə) malikdirlər. Bəs niyə Allah Təala burada bəzi insanlara işarə etmək əvəzinə, ümmət adını çəkmişdir.

Cavabında deməliyik ki, Allah Təala Quranda hətta bir nəfəri belə ümmət adlandırır. “Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi”. (“Nəhl” 120).

Məsumlardan (ə) gələn hədisdə oxuyuruq: “Biz orta ümmətik. Biz Allahın xəlqə olan şahidiyik. Yer üzündə hüccətiyik. Biz insanlara şahidik, gərək bizə tərəf qayıdasınız. Təqsirkarlar gərək səhlənkarlıqlarını buraxsınlar və bizə qoşulsunlar”.

Bu ayələrdən çıxartdığımız nəticələr:

- İlahi Övlilayar, bizim əməllərimizə nəzarət edərlər.

- Qiyamət günü silsilə mərhələlər vardır ki, məhkəmədə ilk olaraq, Məsum İmamlar (ə) insanlara şahidlik edərlər. Sonra isə Peyğəmbər (s) İmamlara (ə) şəhadət verər.

- İmtahan - İlahi sünnətdir. Allah bəzən də əmrini dəyişərək, insanları imtahan edər.

- Dini göstərişlərə əməl etmək inkişaf mənbəyidir. Ona itaətsizlik etmək isə süqut etməkdir.

- Təslim məqamı adi insanlar üçün ağırdır. Bu məqama ancaq o kəslər malik olar ki, İlahi hidayət onlara şamil olar.

- Bütün dəyişikliklər (qiblənin dəyişməsi kimi) Allahın rəhmətindən qaynaqlanır.


Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930