Günahkar bəndə gərək Allahın rəhmətindən ümidini üzməsin
Dünya - hər bir bəndə üçün kamala çatmaq fürsətidir. Yaxşı əməl sahibləri gözəl əməlləri ilə və günahkarlar da tövbə edərək ali məqamlara çata bilərlər. Allah Təala həmişə bəndələrinin xeyirini istəmişdir. Belə ki, günahkar insanlar tövbə edərək aqibətlərini xeyirli edə bilərlər.
Allah Təala Qurani-Kərimdə Həzrət Peyğəmbərə (s) buyurur: “De: «Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!”. (“Zumər” 53). İmam Səccad (ə) duasında buyurur: “Öz əfvinə tərəf qapını açmısan və adını tövbə qoymusan və buyurmusan ki, Allaha tərəf qayıdın və tövbə edin. Xalis tövbə. Bəs o zamana qədər ki, bu qapı açıqdır, ondan qafil olanların üzrü necə olacaqdır?”. Varlıq aləmində yaşayan mələklər daima Allaha itaət edərlər və onlar heç bir zaman bu yolda yorulmazlar, lakin onların bu itaəti iradəvi deyildir. Varlıq aləmində elə bir ali varlıq vardır ki, öz iradəsi ilə Allaha itaət edər. Ona görə də Fəyyaz bu məxluqu şərəfli məxluqu hesab etmiş və fitrətinə gözəl sifətlər qoymuşdur. Belə ki, Həzrət Yusif (ə) Züleyxanın tələsinə düşmür, Həzrət İbrahim (ə) övladına sevgi bəsləməsinə baxmayaraq, itaətsizlik etmir... Allahın yaradılışı həmişə eybsiz və nöqsansız olmuşdur. Allah kiçik bir toxumdan böyük və güclü bir ağac xəlq edir. Günahkar insan da tövbə edərək insanlığın ali məqamına çata bilir. Əgər bu toxum inkişaf etməzsə, təqsirkar O, deyildir, deməli bunun üçün lazım olan şərait olmamışdır. Lakin günahkar insan üçün belə deyildir. İnsanın ali məqama çata bilməsi - vəzifələrini yerinə yetirməsindən asılıdır. Allah da heç bir bəndəsinə gücü çatmayan vəzifə vermir. Hər kim bu yolda süstlük edərsə, təqsirkar özüdür. Eyni zamanda bu vəzifələr bizim təkamülə çatmağımız üçün zəruridir. Allahın bizim ibadətimizə və itaətimizə ehtiyacı yoxdur. Onlar həqiqətdə bizə təlim verən dərslərdir. Bəzi ölkələrdə savad öyrənmək məcburidir. Bu zaman belə bir sual yarana bilər ki, buna nə ehtiyac var ki? Cavab verilər ki, bu, elə bir işdir ki, gərək yerinə yetirilsin. Nəticəsi həmin insanların özünə fayda verəcəkdir. Bir müəllim bilir ki, sinifində oxuyanların hansı güclü və hansı zəifdir. Lakin zəifləri təhsildən məhrum etmir. Allah da bilir ki, hansı bəndəsi itaətkar və hansı günahkardır, onların hər ikisini də təkamülə çatmaq fürsətindən məhrum etmir. Cavanların ruhu lətif və pakdır. Cavanlıq dövrünə qədəm basan zaman mənəviyyata olan ehtiyac öz-özündən büruzə olar. Mənəviyyatı gözəlləşdirmək zahirini gözəlləşdirmək kimi onlar üçün əhəmiyyətli olar. Cavanlar fitri olaraq bir çox əxlaq fəzilətlərinə meyl edərlər. Onlar düz danışmağı, səxavəti, əhdə vəfa etməyi, əmanətdarlığı, izzəti-nəfsi, insanlara xidmət etməyi və fədakar olmağı sevərlər. Yalandan, töhmətdən, əhdə xəyanət etməkdən qəzəblənərlər. Onların pak qəlbi həmişə onları yaxşılıqlara tərəf çəkər. İnsan hər nə qədər cavanlıq dövründən uzaqlaşarsa, qəlbi daşlaşar və dəyişməyi sevməz. Bu, onu göstərir ki, cavanlıq dövrü hidayət olmaq üçün ən münasib zaman və fürsətdir. Ona görə də bu fürsəti dəyərləndirin və onu boş şeylərə xərcləməyin. Oxşar xəbərlər
|