“Heç bir zaman Quranı elə oxumayın ki, surəni tez tamamlamaq istəyəsiniz” – Qurani-Kərimin dərdlərə dərman olması barədə
Allah Təala – insanın Xaliqidir. İnsanı fitrətinə uyğun olaraq hidayət edər. Allah insanı Quran yolu ilə hidayət edər. Allah Təala Quranda peyğəmbərlərin (ə) risalətinin dörd hədəf üzərində olduğunu vurğulayır. Bu hədəflər ibarətdir: Allahın ayələrini insanlara oxumaq, onları tərbiyə etmək, Allahın Kitabını öyrətmək, onlara hikməti təlim vermək. (Tebyan)
“Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər”. (“Ali-İmran” 164). Bu ayədən də göründüyü kimi, peyğəmbərlərin (ə) risalətinin ilk işi tilavət olmuşdur. Quran ayələrini tilavət etmək – Allah Kitabını və hikməti təlim verməkdən başqa bir şeydir. Quran ayələrini oxuyaraq, Peyğəmbər (s) öz tərbiyə olunanlarını bu ayələrin nuru ilə nurlandırmışdır. Çünki Quran ayələrini oxumaq insan qəlbini nurani edər və paklayar. Ona görə də tərbiyə üsullarında tilavətdən istifadə olunmalıdır. Quranı tilavət etmək – Allahın nişanələrinə tamaşa etməyin bir növüdür. Həzrət Peyğəmbər (s) bir insanı tərbiyə etməmişdən əvvəl, adət üzrə Quran ayəsini tilavət edərdi. Ola bilsin ki, bu yolla insan fitrətini hidayət olmaq üçün hazır edərdi ki, tərbiyə olunmağa tutumu olsun. İnsan varlıq baxımından çox mürəkkəbdir. Nə zaman bir həkim sizə bir dərman yazmaq istəsə, siz ona demirsiniz ki, mən əvvəl bu dərmanın bədənə təsirini görmək istəyirəm. Siz yaxşı bilirsiniz ki, əgər həkim bu dərmanı yazıbsa, yəqin ki, bir bildiyi vardır. İnsanın bədəni bu qədər mürəkkəbdirsə, gör onun ruhu necədir? İnsan ruhu bədənindən də mürəkkəbdir. Əgər Allah buyurursa ki, Quranı tilavət edin, yəqin ki, Allahın da bir bildiyi vardır və bizim bilmədiyimiz bir çox şeyləri bilir. Biz o zaman özümüzü müalicə edə bilərik ki, dərdimizin nə olduğunu bilək. Ancaq Allah Təala buyurur ki, Quran sizin üçün bir şəfadır. Quran insanın ruhi xəsətliklərinin dərmanıdır. Onu bil ki, Quran sənin fitrətinlə tanışdır və ona görə də onu tilavət et. Ruhunu bu ayələrin nuru ilə nurlandır. Quran özü yaxşı bilir ki, sənin ruhunu necə müalicə edəcəkdir. Gəlin, özümüzü Qurana təslim edək. Quran bizi hidayət edəcəkdir. Vəhy yolu bağlanandan sonra Həzrət Zəhra (s.ə) çox məyus olur və taqətsizlik edirdi. Allah bu səhnəni görən zaman Cəbrayili (ə) ona tərəf göndərir və buyurur ki, Quran oxumaqdan heç bir zaman yorulmayın. Quran ayələri, sizin ağrılarınızın və əziyyətlərinizin tək mərhəmdir. Quran ayələrinin yanında aram şəkildə əyləşin. Əmirəl-möminin (ə) buyurur: “Heç bir zaman Quranı elə oxumayın ki, surəni tez tamamlamaq istəyəsiniz”. Allah Təala buyurur ki, biz Quranı nazil etmişik, ancaq yağışı nazil etdiyimiz kimi deyil. Biz yağışı yerə atarıq, ancaq Quranı Peyğəmbərin (s) qəlbinə asmışıq. Ona görə də o insan ki, Quranla rabitə qurur – əslində Allahla rabitə qurmuş olur. İnsan bu yolla dərəcəsini artırıb, İlahi qürbə nail olar bilər. Əgər insan oxuduğu ayələrin mənasını dərk edərsə, o zaman dərəcəsi daha da yüksələr. Qurana qarşı biganə olmayaq ki, o, bizim ruhumuzun tək dərmanıdır. /Deyerler.org/ Oxşar xəbərlər
|