BÖYÜKLƏRƏ HÖRMƏT
Möminlərin mövlası imam Əli ibn Əbu Talib (ə) ata və övladlar arasında qarşılıqlı hörmətlərlə bağlı buyurur:
بِرّوا آبائکم یَبرُّکم ابنائکم “Atalarınıza hörmət və yaxşılıq edin ki, övladlarınız da sizə hörmət və yaxşılıq etsinlər.” بر الوالدين اكبر فريضة “Valideynə hörmət və yaxşılıq ən böyük dini fərizə və vacibdir.” Ailə və tayfanın ağsaqqal və ağbirçəklərinin ehtiramını saxlamaq, böyüklərin nəsihət və tövsiyələrinə qulaq asmaq, böyüklərlə ədəb-ərkanla danışmaq bizim qədim və milli adət-ənənələrimizdən, ən ali və ülvi dəyərlərimizdəndir. Böyüklərimizdən bizə mənəvi irs olaraq gəlib çatan bu milli dəyər həm də Allah-Taalanın və dini rəhbərlərin təkidlə tövsiyə etdiyi mənəvi və əxlaqi bir göstərişdir. Allah-Taalanın və məsumların (ə) nurlu kəlamlarında böyüklərin haqqını tanımaq, ata və babaların övladlar üçün çəkdiyi zəhmətlərin qədirini bilmək, ehtiramını qorumaq və onlara təşəkkür etmək hər bir fərdin “əqli” inkişafı və “emosional” hisslərinin kamala çatmasının göstəricisidir. Məsumların (ə) hədislərində valideynlərə və böyüklərə qarşı ədəbli davranış uzun və sağlam ömrün, ruzi çoxluğunun və duaların qəbulunun əsas təsirli amili və Allah qarşısında ən gözəl ibadət kimi göstərilmişdir. Buna görə də, valideynlər özləri böyüklərin hörmətini saxlamaqla bu böyük dini və milli irsi gələcək nəslə də ötürməlidir. Övladlara uşaq ikən öyrədilən ədəb pak yerə saf su ilə əkilmiş bir fidanı xatırlayır ki, yaxın gələcəkdə öz gözəl töhfəsini verəcəkdir. Bəzən ədəb dil vasitəilə öyrədilir, amma ən təsirlisi bütün sahələrdə olduğu kimi dolayı yol ilə, yəni əməllə öyrədilən ədəbdir. Valideynlər ədəb toxumunu uşaqların ürəyində öz əməlləri ilə əkməlidirlər. Əgər ana övladın qarşısında atanın hörmətini saxlayarsa, uşaq da bu əməli təkrar edəcək və böyüdükcə ataya hörmət onun vücudunun bir hissəsinə çevriləcəkdir. Həmçinin ata da uşaqların gözü önündə öz ata, ana, baba, nənə, əmi, dayı və böyük qardaşının hörmətini saxlamlı və onları heç vaxt öz uşağı yanında aşağılamamalıdır ki, uşaqlar da bu tərbiyə ilə böyüsün, gələcəkdə hər bir işdə böyüklərlə məsləhətləşsin və onların tövsiyələrinə qulaq assın. Valideynin ölzərindən böyüklərin önündə özbaşınalıq etməsi, onların məsləhət və nəsihətlərinə qulaq asmaması səbəb olur ki, övlad da özbaşınalığı öyrənsin və elə çox yaxın gələcəkdə görəcəyi işlər barədə valideyni ilə məsləhətləşməyi özünə borc bilməsin. Hətta onları qədimilik və zəif düşüncədə ittiham edərək, “uzun ömrün tərcübəsindən istifadə” kimi dəyərli bir gövhəri öz cavanlıq hissinin alovlarında yandırsın. Əgər uşaqlarınızın gələcəyi sizi narahat edirsə, gələcəkdə özbaşınalıq və təkbaşınalıq nəticəsində uçuruma düşəcəyi sizi nigaran edirsə və onların gələcəkdə yaxşı övlad olmasını istəyirsinizsə, ÖZÜNÜZ DƏ YAXŞI ÖVLAD OLUN! Mirməhəmməd Bəşir (Maide.az) İstifadə edilimiş hədis ədəbiyyatı: 1. "Gürərul-hikəm və dürərül-kəlim", 3-cü cild, səh.267; 2. "Şərhi Ğürərul-hikəm", Ağacamal Xansari, 3-cü cild, səh.267, hədis 4448-4449; 3. "Əz-zöhd", Hüseyn ibn Səid Əhvazi, səh.33, bölüm 5, hədis: 96-112. 4. "Əl-cəfəriyyat", Məhəmməd ibn Əşəs, səh.186. Oxşar xəbərlər
|