Əhli-Beytlə (ə) dostluğun və onlara sevginin sirri
“De: «Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm»”. (“Şura” 23).
Bu mübarək ayədə Peyğəmbər (s) Əhli-Beytinin (ə) fəzilət və məqamının ucalığı aydın şəkildə özünü göstərir. Əslində bu Allahdır ki, Peyğəmbərdən (s) bu cür deməsini istəyir. Peyğəmbərin (s) İslam yolunda çəkdiyi bütün əziyyət və zəhmətləri ümmətinə hədiyyə edir və qarşılığında muzd olaraq sadəcə Əhli-Beytinə (ə) məhəbbət və dostluğu istəyir. Bəs nə üçün muzd olaraq məhz bunu istəyir? Bu, elə bir sirdir ki, insanlığın xilas yolu ondan asılıdır. Bu sir sayəsində insan kamal qalasını fəth edə bilir. (Erfan) İmam Əli (ə) buyurur: “Bizim məhəbbətimizlə düşmənlərimizin məhəbbəti bir qəlbdə sığmaz. Çünki Allah heç kəs üçün iki qəlb qərar verməmişdir ki, biri ilə bir qövmü sevsin və o birisi ilə düşmənlərini sevsin”. Bəli, Əhli-Beyt (ə) ilə dostluq və sevginin sirri məhz budur. İnsan Əhli-Beytin (ə) məhəbbət və dostluğunu qəlbində qərar verərək, get-gedə onlarla həmrəy və həmrəng olur. Onların hədəfi onun hədəfidir, onların yolu onun yoludur. Hər nə qədər bu sevgi artarsa, o yerə gəlib çatar ki, Məsumlar (ə) kimi düşünər, onlar kimi yol gedər, onlar kimi yaşayar. Bu yolu o qədər qət edər ki, sanki uzun illər Əli (ə) və övladları ilə həmsəfər olmuşdur. Meysəm Təmmar kimi, Salman Farsi kimi, Əbuzər Ğəffari kimi. İmam Əlinin (ə) sözlərindən savayı söz, dillərində səslənməzdi. Hədislərimiz buyurur ki, İmam Hüseyni (ə) sevmək və onun müsibətinə qəmlənmək – cəhənnəm atəşindən xilas yoludur. Çünki Əba Abdullahı (ə) sevmək və onunla həmdərd olmaq onun yolunun yolçusu olmağa səbəb olur. İnsanın ruhuna o qədər işləyir ki, İmam (ə) kimi düşünür və İmam (ə) kimi yaşamağa çalışır. Ona görə də Peyğəmbərin (s) bu muzdunu vermək istəyənlərin qəlbində sadəcə bir məhəbbət olmalıdır, o, da Əhli-Beytin (ə) məhəbbəti. /Deyerler.org/ Oxşar xəbərlər
|