ƏMƏLİSALEH AİLƏDƏN QIZ ALIN!
Mьəllif: admin1
Tarix: 2-01-2023, 11:35
ƏMƏLİSALEH AİLƏDƏN QIZ ALIN!
Yalan, aldatmaq və hiyləgərlik təravətli və yaşıl həyat ağacını içdən və çöldən yeyən ağ qarışqa kimidir. Ağ qarışqa ağacı yedikcə onun ortası boşalır, çürüyüb tökülür və yüngül külək zamanı dibindən qopub düşür.

Yalan, hiyləgərlik və ikiüzlülük də belədir; həyatı süst, çürük və etibarsız edir, ailələri dağıdır, insanları qaranlığa sürükləyir və həyat öz mənasını itirir. Buna görə də, həyatın bütün sahələrində, xüsusilə də, ailə həyatında yalan, hiylə və fırıldaqlıqdan uzaq olmaq lazımdır.

Heç vaxt özünüzü olmadığınız kimi göstərməyə çalışmayın, xüsusilə də, evlənmək istədiyiniz və elçiliyə getmək istədiyiniz zaman yalan və hiylə işlətməyin.

Çünki yalan və hiylənin ömrü az olur, ailə həyatında bu, tez aşkara çıxır. Ailə həyatında yalan üzə çıxdığı zaman, aldadılan tərəfdə yalan deyənə qarşı nifrət hissləri oyanır, məhəbbət işığı sönür və yalan danışan tərəf (qız, ya oğlan) onun gözündə alçalır. Bir fikirləş ki, kim onu aldadan bir kəslə səmimi, mehriban və gözəl həyat yaşaya bilər?

Evlənən gənclər elə birinci gündən həyatın gözəl və təravətli şaxəsini düzlük, sədaqət və vəfadarlıqla möhkəmləndirməlidirlər ki, sədaqət və doğruluq bütün yaxşılıqların köküdür. Düzlük və doğruluğa sahib ola bilən kəs cənnətin ən ətirli güllərinə sahibdir.

Abdullah bin Ömər deyir: “Bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi: Ey Allahın Rəsulu (s)! Cənnət əhlinin əməli nədir (yəni cənnəti hansı əməllə qazanmaq olar”?

Peyğəmbər (s) buyurdu:

الصِّدْقُ إِذَا صَدَقَ الْعَبْدُ بَرَّ وَ إِذَا بَرَّ آمَنَ وَ إِذَا آمَنَ دَخَلَ الْجَنَّةَ

“Sədaqət və doğruluq. Sadiq olan yaxşılıq etmişdir, yaxşılıq edən iman gətirmişdir, iman gətirən isə cənnətə daxil olacaqdır.”

Həmin şəxs yenə soruşdu: “Cəhənnəm əhlinin əməli nədir (yəni hansı əməlin sahibi cəhənnəmə gedəcəkdir)?”

Peyğəmbər (s) buyurdu:

الْكَذِبُ إِذَا كَذَب ‏الْعَبْدُ فَجَرَ وَ إِذَا فَجَرَ كَفَرَ وَ إِذَا كَفَرَ دَخَلَ النَّار

“Yalan. Yalan deyən insan aşkar günah etmiş və aşkar günah edən küfr etmişdir. Küfr edən isə cəhənnəmə daxil olacaqdır.”[1]

Həyatın ləzzət və səfasını dadmaq istəyən hər kəsə lazımdır ki, mömin, mötəbər və sədaqət əhli olan ailələrdən qız alıb qohum olsunlar. Çünki sədaqət və düzlük inkişafın, faydalı işlərin səbəb və mənbəyidir. Bir hədisdə buyurulur:

الصِّدْقُ صَلَاحُ كُلِّ شَيء

‏”Düzlük hər şeyin həllidir.”[2]

Məktubdan bir hissəni sizə oxuyuram:

* “...Səmimi, sədaqətli, sevməyi bacaran bir qızla evlənmək istəyirdim. Çünki yalan və hiyləyə nifrət edirəm. Hal-hazırdakı həyat yoldaşımla evlənmək istədiyim zaman qohum-qardaş hərəsi bir tərəfdən dedilər: “Məgər bilmirsən ki, atası fılan işdə işləyir? Məgər görmürsən ki, nə gündə yaşayırlar?

Sən elə bir qızla evlənməlisən ki, əsil-nəcabətli ailədən olsun. Sən heyifsən ki, gedib bunlara kürəkən olasan.”

Amma mən bilirdim ki, onların əsil-nəcabət ifadəsində məqsədləri qızın ailəsinin pullu, varlı, villalı və son model maşınlı olmasıdır.

Ona görə də, sözümün üstündə möhkəm dayanıb anamın və öz israrımla həmin qızla evləndim. Çünki o qızın ailəsində səmimiyyət, sədaqət və məhəbbət görmüşdüm.

Allaha-Təalaya şükürlər olsun ki, mənə çox gözəl, mehriban, xoşəxlaqlı və sədaqətli bir həyat yoldaşı qismət edib. O, eyibsiz, xoşrəftar, sədaqətli, anlayışlı və təvazökardır...”

?Bəli, həqiqətən, o kəs ən doğrusunu və ən gözəlini seçib ki:

1. Qadının özü və ailəsinin maddi vəziyyəti və ictimai mövqeyini nəzərə almamışdır;

2. Qadın və ailəsi ilə uzun müddət tanış olmuş və onların səciyyəvi xüsusiyyətlərini öyrənmişdir;

3. Evlənmək üçün nümunə və ölçüləri iman, əxlaq, ismət, iffət, məhəbbət, sədaqət və səmimiyyət olmuşdur.

Əlbəttə, bu seçim o vaxt insanı səadətə çatdırır ki, bu səciyyələr həm kişi, həm də qadında olsun. Doğrudan da, sədaqət, səmimiyyət ən bahalı cavahirdir.[3]

Nə çox insanlar var ki, onları evlənəcəkləri şəxsin yalnız zahiri gözəlliyi, mal-dövləti və gətirəcəyi cehiz maraqlandırır və yaxud zahiri ibadəti, getdiyi həcc ziyarəti onların gözünü bağlayır və həqiqəti görə bilmədən qohum olurlar.

Amma bir az keçdikdən və yeni qohumların içi aşkar olduqdan sonra, təzə yuxudan ayılırlar ki, bunlar biz deyən ailə deyilmiş, səhv etmişik! Onlar bu səhvə, dinimizin buyurduğu həqiqi ölçü və ülgüləri yaddan çıxartdıqlarına görə düçar olurlar.

Sevimli Peyğəmbərimiz (s) buyurmuşdur: “Məbada, insanların oruc və namazlarının zahiri və gecə namazları sizi aldatsın. Mümkündür ki, bu işlər onların adəti olsun, həqiqi mahiyyət və çöhrələri yox.

Əgər insanların həqiqi sifətlərini və xeyirxahlıqlarının hansı niyyətlə olmasını bilmək istəyirsinizsə, onların sədaqət və əmanətdarlıqlarına diqqət edin.”[4]

Mühüm bir tövsiyə və məsləhət:

Evlənmək istədiyiniz qızın özü və ailəsi ilə yaxından tanış olmaq üçün, mütləq onun yaxınlarından (qardaş, bacı və s...) biri ilə dost olun. Bu dostluğun və səmimiliyin nəticəsində onların ailəvi əxlaqı və rəftarlarını gözəl biləcək və bu zaman düzgün ceçim edəcəksiniz. Həzrət Peyğəmbər (s) buyurub:

تخيروا لنطفكم ، فان النساء يلدن أشباه إخوانهن وأخواتهن

“Qadın seçdiyiniz zaman, onun qardaş və bacılarının əxlaq və davranışları ilə maraqlanın, çünki qadınlar uşaqları qardaş və bacılarına oxşar olaraq dünyaya gətirirlər.”[5]

O həzrətdən nəql olunan başqa bir hədisdə belə buyurulur:

تَزَوَّجُوا فِي الْحُجْزِ الصَّالِحِ فَإِنَّ الْعِرْقَ دَسَّاس

“Əməlisaleh ailələrdən qız alın, çünki gen öz təsirini göstərir.”[6]

Yəni ata-ana və əcdadların yaxşılıq və pislikləri övladlara irs olaraq keçir və onların əxlaqi səciyyələri və rəftarlarının mənşəyi hesab olunur.

Bəli, hər insanın müvəffəqiyyəti bundadır ki, bəsirətli, diqqətli olsun və həyatda həqiqi dəyərlərə üstünlük verə bilsin. İlahi övliyaların hikmətli kəlamlarını həyat yolunda mayak etsin ki, həyatda səhvə və uçurumlara uğramasın.

Bu zaman gözəl, günəşli, parlaq, xoşbəxt və əzabsız bir həyat onun yolunu gözləyir. Bu həyat həmişəlik olaraq onu Allah-Taala və bəndələri yanında üzüağ, alnıaçıq və başıuca edəcəkdir.[7]

Mirməhəmməd Bəşir (Maide.az)

[1] "İrşadul-qulub", Şeyx Həsən Deyləmi (v:841 hq.), 1/187.

[2] "Təsnifu-ğürərul-hikəm", Əbdülvahid Təmimii (v:550 h.q.), səh.217, hədis 427– 435.

[3] Yenə orada.

[4] "Biharul-ənvar", Əllamə Məclisi, 71/2-9.

[5] "Nəhcul-fəsahə", Əbulqasim Payəndə, səh.381, hədis 1131;"Kənzul-ummal", Müttəqi Hindi, hədis 44557 və 44559; "Cameul-əhadis", Cəlaluddin Siyuti, hədis:10653; "Mərifətus-səhabə", Əbu Nəim İsfəhani, hədis 6766 - (hədisi-şərifdə qardaş və bacılarda məqsəd ananın qardaş və bacıları da ola bilər, yəni qızın dayı və xalaları).

[6] "Məkarimul-əxlaq", Təbərsi (v: 6-cı əsr h.q.), səh.197; "Şəhabul-əxbar", Qazı Əbu-Əbdullah Məğribi (v:454 h.q.), səh. 309, fəsl 4, hədis:456; "Nəhcul-fəsahə", Payəndə, səh. 266, hədis 564; "Əl-hədis", Fəlsəfi, 3/359.

[7] "Əxlaq dər xanevade", Seyid Əliəkbər Hüseyni, səh.43.


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031