Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Mьəllif: admin1
Tarix: 15-05-2023, 10:47
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bəzən elə olur ki, qohumlarımız bizimlə eyni əqidədə olmurlar. Bəzən hətta bizə əziyyət belə edirlər. Biz onlarla necə rəftar etməliyik?

İmam Sadiq (ə) buyurur: “Sileyi-rəhm əxlaqı gözəl, əli bağışlayan, qəlbi və canı xoş edər. Ruzini artırar, əcəli və ölümü təxirə salar”.

Əhli-Beyt (ə) davamçılarından biri İmam Sadiqdən (ə) soruşur: “Bəzi qohumlarımın təfəkkürü başqadır. Mənim fikirlərimdən qeyrisinə malikdirlər. Onların mənim üzərimdə haqları vardırmı?”.

İmam (ə) buyurur: “Bəli, qohumluq haqqını heç bir şey qət etməz. Əgər səninlə eyni əqidədə olsalar, sənin üzərində iki haqları olar: biri qohumluq haqqıdır, o birisi isə İslam və müsəlmanlıq”.

Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Ya Rəsulallah! Mənim qohumlarım vardır ki, mən onlarla rabitə qururam, ancaq onlar mənə əziyyət verirlər. Qərara almışam ki, onları tərk edəm”.

Həzrət (s) buyurur: “O zaman Allah da səni tərk edər”.

Deyir: “Bəs nə edim?”.

Həzrət (s) buyurur: “Səni məhrum edənə əta et, səninlə əlaqəsini kəsənlə rabitə qur, sənə zülm edənə güzəşt et. Nə zaman belə etsən, Allah sənin arxan olar”.

Bir gün İmam Kazım (ə) şagirdi Əli ibni Əbu Həmzəyə buyurur: “Tezliklə qərb insanlarından bir şəxs səninlə görüşəcəkdir və səndən mənim barəmdə soruşacaqdır.

Cavabında de: “O, bizim İmamımızdır ki, İmam Sadiq (ə) onu özündən sonra imam təyin etmişdir”. Halal və haramdan soruşacaqdır, onun məsələlərinin cavabını ver”.

Əbu Həmzə soruşur: “Bəs o şəxsin nişanəsi nədir?”.

İmam (ə) buyurur: “O, uzunboy və güclüdür. Adı Yəqub ibni Yəziddir ki, öz qövmünün rəhbəridir. Əgər mənim yanıma gəlmək istəsə, onu mənim yanıma gətir”.

Əbu Həmzə nəql edir: “Kəbənin yanına getdim və təvaf etməklə məşğul oldum. Anidən ucaboylu və güclü bir kişi mənim yanıma gəldi və dedi: “Sənin sahibin barəsində sənə sual vermək istəyirəm”.

Dedim: “Hansı sahibim barəsində?”.

Dedi: “Musa ibni Cəfər (ə) barəsində”.

Dedim: “Adın nədir?”.

Dedi: “Yəqub ibni Yəzid”.

Dedim: “Haradansan?”.

Dedi: “Qərb əhlindənəm”.

Dedim: “Məni necə tanıdın?”.

Dedi: “Yuxu aləmində görmüşəm, bir nəfər mənə dedi: “Əli ibni Əbu Həmzə ilə görüş, nə istəsən, ondan soruş”.

Səni axtardım və nəhayət burada tapdım”.

Dedim: “Bir qədər burada əyləş ki, mən təvafımı sona çatdırım, sonra sənin yanına gələrəm”.

Təvafı sona çatdırdım və Yəqubun yanına gəldim.

Onunla söhbət etdim və başa düşdüm ki, ağıllı bir insandır. Məndən istədi ki, onu İmamın (ə) yanına aparım. Onu İmamın (ə) yanına apardım.

İmam Kazım (ə) onu görən kimi buyurdu: “Ey Yəqub ibni Yəzid! Dünən gəlmisən və filan yerdə səninlə qardaşın arasında dava düşübdür. Bir-birinizə söyüş söymüsünüz. Bu cür rəftar mənim dinimin və ardıcıllarımın yolu deyildir. Biz heç bir davamçılarımıza deməmişik ki, rəftarları belə olsun.

Allahdan qorx, sizin aranızda tezliklə ölümə görə ayrılıq düşəcəkdir. Qardaşın bu səfərdə vətənə çatmazdan əvvəl öləcəkdir. Sən də etdiklərindən peşman olacaqsan. Siz qohumluq əlaqəsini kəsmisiniz və küsmüsünüz. Allah ömrünüzü qısaldıbdır”.

Yəqub dedi: “Ey Allahın Rəsulunun oğlu! Mənim vəzifəm nədir, mənim ölümüm nə zaman olacaqdır?”.

İmam (ə) buyurur: “Sənin də ölümün gəlib çatmışdır, ancaq sən filan mənzildə bibimi sileyi-rəhm etmisən, Allah da sənin ömrünün 20 həccini (ilini) təxirə salmışdır”.

Əbu Həmzə deyir: “Sonrakı ili Yəqubu Məkkədə gördüm və mənə xəbər verdi ki, qardaşı vətənə çatmazdan əvvəl vəfat etdi və elə yoldaca onu dəfn etdi”.

Beləliklə deyə bilərik ki, qohumlarımız bizim üzərində haqları olan insanlardırlar. Hər nə qədər əqidələri bizdən fərqli olsa da, hər nə qədər bizə qarşı yersiz rəftarlar göstərsələr də, yenə də onlarla əlaqəni kəsmək olmaz. Çünki qohumluq əlaqəsini kəsmək – Allahın bəyənmədiyi və ona görə cəza verdiyi bir əməldir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930