CÜMƏ NAMAZININ ƏHƏMİYYƏTİ
İslam peyğəmbəri (s) cümə namazını günahların bağışlanmasına səbəb hesab edir
Müsəlmanların həftə ərzində bir dəfə toplu şəkildə həyata keçirməli olduqları ibadətlərdən biri olan cümə namazı böyük əhəmiyyətə malikdir. Bu, bir ibadət olmaqla yanaşı, həm də müsəlmanların əzəmət və vəhdətinin bariz nümunəsidir. Qurani-kərimdə Cümə namazı haqqında oxuyuruq: “Ey iman gətirənlər, elə ki cümə namazına çağırılırdınız, Allahı yad etməyə tərəf tələsin və alış-verişi tərk edin”. (“Cümə”, 9.) Cümə namazı ən azı beş nəfərdən ibarət bir toplu şəklində təşkil edilir. Bu namazın imamı müsəlmanların dini hakimi olmalı və yaxud dini rəhbər tərəfindən bu mənsəbə təyin edilməlidir. Cümə namazında ilk olaraq iki xütbə oxunur. Prinsip etibarilə birinci xütbə moizə əhəmiyyəti daşıyır, ikinci xütbədə isə gündəmdə olan siyasi-ictimai və s. məsələlərdən söz açılır. Bu ibadətin necə böyük əhəmiyyətə malik olmasını bilmək üçün Allah rəsulundan (s) nəql edilən bir neçə hədisi nəzərinizə çatdırırıq. O Həzrət (s) buyurur: “Cümə namazı kasıbların həccidir”. (“Biharul-ənvar”, c. 89, səh. 199.) Başqa rəvayətlərdə isə İslam peyğəmbəri (s) cümə namazını günahların bağışlanmasına səbəb hesab edir. Bəzi vaxtlar möminlər Cümə namazını çox da ciddi olmayan işlərin arxasınca getməklə tərk edir və bu ilahi-siaysi ibadətə olduqca az əhəmiyyət verirlər. Qurani-kərim belə şəxslər haqqında buyurur: “Onlar (möminlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular. (Ya Peyğəmbər!) De: "Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!". (“Cümə”, 11.) “Nur əs-səqəleyn” təfsir əsərində bu ayənin izahında oxuyuruq: “Yoxsulluq Mədinəni bürümüşdü. Aclıq insanlara möhkəm təzyiq göstərirdi. Təbii ki, belə bir şəraitdə əgər bir ərzaq karvanı şəhərə daxil olsa hamı ona tərəf qaçıb, bir şey almaq istəyər. Cümə günü Mədinə əhli məscidə toplaşmış və İslam peyğəmbəri (s) Cümə namazının xütbələrini oxuyurdu. Bu zaman xəbər yaydılar ki, Mədinəyə ərzaq karvanı gəlmişdir. Müsəlmanlar un, arpa almaq üçün məscidi tərk etdilər. Yalnız Peyğəmbərlə (s) səkkiz və ya qırx nəfər qaldılar. Bunu görən Peyğəmbər buyurdu: “And olsun əcəlim ixtiyarında olan Allaha, əgər siz də bu məscdən gedib, burda heç kəs qalmasaydı atəş (Allahın əzabı) bütün bu biyabanı bürüyər və sizi həlak edərdi. (“Nur əs-səqəleyn”, 329/5.) Oxşar xəbərlər
|