Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
6-cı hicri ilində qəhətlik ili idi və insanların işi çətinləşmişdi. İnsanlar Peyğəmbərin (s) yanına gəlib şikayət etdilər.
Həzrət (s) buyurdu ki, ey insanlar! Üç gün oruc tutun və sədəqə verin. Gündüz insanlar şəhərdən çıxsınlar ki, yağış üçün dua edək. Həzrət Peyğəmbərin (s) mövlud günündə Mədinə əhli səhraya getdi və yağış namazı qıldılar. Hələ namaz və dua tamam olmamışdı ki, şəhər İlahi rəhmət yağışına büründü və yeddi gecə-gündüz yağış yağdı. Yağış insanların evini xarab etməyə başlamışdı. Ona görə də Həzrətin (s) yanına gəlib, yağışın kəsilməsi üçün dua etməsini istədilər. Həzrət (s) də təbəssüm edib, əlini dua üçün qaldırdı və buyurdu: “Allahım, bizim ətrafımıza yağ, bizə yağdırma”. Bu duadan sonra Mədinənin üzərində olan buludlar dağılmağa başladı və Mədinənin kənar şəhərlərində yağış yağmağa başladı. Bəli, bütün bunlar duanın bərəkətindən idi. Bu, elə bir dua idi ki, insanları Allaha yaxınlaşdırmışdı. İmam Sadiq (ə) buyurur: “Siz, dua kimi heç bir vasitə ilə Allaha yaxınlaşa bilməzsiniz”. Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Çoxlu dua edin, çünki müsəlman hacətinin yerinə yetməsi üçün duadan daha yaxşı vasitə tapa bilməyəcəkdir. Ona görə də elə şey istəyin ki, Allah ona icazə vermişdir. Allahın dəvətinə “Ləbbeyk!” deyin ki, İlahi əzabdan nicat tapasınız və xilas olasınız”. Dua elə bir silahdır ki, hər bir mömin onun vasitəsilə Allahdan hacətini istəyər və Ona yaxınlaşar. Ən üstün ibadət hesab olunar. Belə ki, İmam Baqirdən (ə) soruşurlar ki, ən üstün ibadət hansıdır? Buyurur: “Heç bir şey Allah Təaladan hacət istəmək qədər üstün deyildir”. İnsan əgər dua edərsə, Allah ona üz çevirər. Dua elə bir inayətdir ki, hətta Quran oxumaqdan belə fəzilətli hesab olunmuşdur. /Deyerler.org/ Oxşar xəbərlər
|