KOR QƏLB “KOR OCAĞA” BƏNZƏYİR!
Mьəllif: admin1
Tarix: 14-01-2017, 11:30
KOR QƏLB “KOR OCAĞA” BƏNZƏYİR!
El arasında sönmüş ocağa “kor ocaq” deyirlər. Əgər ocaq kor olarsa, ona ən yaxşı və ən quru odun atsan da alışmayacaq, həm də xam bir məhsulu bişirə biləməyəcək!

“Kor ocaq” ifadəsini başqa bir yerdə də işlədirlər. Belə ki, doğmaq bacarığı olmayan, başqa sözlə, sonsuz qadına da el arasında “onun ocağı kordur” deyirlər. Amma “kor ocaq”la bağlı ən gözəl təbiri qəlbləri kor olan zümrələr barəsində işlətmək olar. Soruşa bilərsiniz nə üçün? Sualın cavabını bilmək üçün bizimlə birgə olun…

Qurani-Kərimdə qəlb “fuad” ifadəsi ilə işlədilir. “Fuad” isə “ocaq” mənasını daşıyır; yəni kor qəlb kor ocaq kimidir. Belə bir qəlb odunları əvəz edən sözləri eşitməklə, səhnələri görməklə əsla isinmir, alovlanmır, işıq vermir.

Daha aydın desək, dünyada baş verən hadisələr, görüb-eşitdiklərimiz, bütünlüklə ibrətdir. “İbrət” sözü də ötüb-keçmək mənasını daşıyan “übur” sözündən alınmışdır. İnsan bir şeyi gördükdə düşünüb-daşınmalı, onun kənarından ötüb-keçərkən həqiqətə çatmaq üçün çalışmalıdır. Gözündən heç bir şey yayınmayan, itibaxışlı böyük şair Saib Təbrizi kök atmış qədim bir ağacla rastlaşdıqda, gənc nəsildən daha çox dünyaya bağlanan “qoca və yaşlı bir insan”ı xatırlayır; yaxud hərisliklə odun parçalarını udaraq şölələnmiş bir atəşi gördükdə, aləmin bu qədər nemətləri ilə doymayan, hər nə əldə edirsə, bir az da artığına sahib olmaq istəyən insanın “hərisliyi və tamahkarlığı” haqqında düşünməyə başlayır; yaxud da ağaclara sarılıb ucalan, inkişaf edib böyümək və yaşamaq istəyən “sarmaşıq out”nu gördükdə, hər bəhanə ilə dünyaya bağlanan və onu könlündən çıxara bilməyən “qafillər” yadına düşür. (“Ba karvane-Hillə”, səh.296.)

Təkəbbürlü, münafiq və ikiüzlü insanlar, bu məsləkə aid olanlar bu sayaq həqiqətlərin dərkindən məhrumdur. Çünki qəlbləri kordur və qəlbin kor olması haqda Qurani-Kərimdə də məlumat verilir. Qurani-Kərimə əsasən, kor olmaq iki qismə bölünür: zahiri gözün kor olması və batini gözün kor olması. “Əbəsə” surəsinin 1 və 2-ci ayəsində buyurulur:

عَبَسَ وَ تَوَلَّی، أَنْ جاءَهُ الْأَعْمی

“(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi. Yanına kor bir şəxs gəldiyi üçün.”

Ayədə qeyd olunan “ə`ma” (kor adam) ifadəsi görmə nemətindən məhrum olan şəxs mənasında deyil, qəlb gözü kor olan şəxs barəsində işlənmişdir. “İsra” surəsinin 72-ci ayəsində buyurulur:

وَ مَنْ کانَ فی‏ هذِهِ أَعْمی‏ فَهُوَ فِی الْآخِرَةِ أَعْمی...

“Bu dünyada (Allahın dəlillərini, möcüzələrini görməyib qəlbi) kor olan axirətdə də kor olar…”

“Bəqərə” surəsinin 15-ci ayəsində münafiqlərin xüusiyyəti haqda belə buyurulur:

اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَ يَمُدُّهُمْ في‏ طُغْيانِهِمْ يَعْمَهُونَ

“Allah onlara (dünya və axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri içində kor-koranə (şaşqın və sərgərdan) qalarlar…”

Bu ayəyə əsasən, münafiqlər kordur, elə buna görə də, şaşqın və sərgərdandırlar, haqq-həqiqəti görüb dərk edə bilmirlər.

QƏLBİN KOR OLMAMASI ÜÇÜN NƏ ETMƏK LAZIM?

Həqiqətdə, insanın həqiqətləri görməsinə mane olan əsas amil günah və rəzil sifətlərdir, məxsusən, təkəbbürçülük və ikiüzlülükdür! Bu sifətlərə yoluxan insan haqq-həqiqət, ayə və möcüzələrlə rastlaşdıqda, onları inkar edir. Bu haqda “Əraf” surəsinin 146-cı ayəsində buyurulur:

سَأَصْرِفُ عَنْ آيَاتِيَ الَّذِينَ يَتَكَبَّرُونَ فِي الأَرْضِ بِغَيْرِ الْحَقِّ وَإِن يَرَوْاْ كُلَّ آيَةٍ لاَّ يُؤْمِنُواْ بِهَا وَإِن يَرَوْاْ سَبِيلَ الرُّشْدِ لاَ يَتَّخِذُوهُ سَبِيلاً وَإِن يَرَوْاْ سَبِيلَ الْغَيِّ يَتَّخِذُوهُ سَبِيلاً ذَلِكَ بِأَنَّهُمْ كَذَّبُواْ بِآيَاتِنَا وَكَانُواْ عَنْهَا غَافِلِينَ

“Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır.”

Qurani-Kərim bu tip insanları kor və diri ikən ölü adlandırır.

SON SÖZ

Göz əşyaları görmək üçündürsə, qəlb də həqiqəti dərk etmək üçündür. Əgər bir qəlb həqiqəti dərk etmirsə, demək, kordur, hətta dirilər içində dolanan bir ölüdür. Aşağıdakı ayələr bu mətləbi necə də gözəl bəyan edir:

“Hud” surəsinin 24-cü ayəsi:

مَثَلُ الْفَرِيقَيْنِ كَالأَعْمَى وَالأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ هَلْ يَسْتَوِيَانِ مَثَلاً أَفَلاَ تَذَكَّرُونَ

“Bu iki tayfanın (kafirlərlə möminlərin) vəziyyəti korla karın, görənlə eşidənin vəziyyəti kimidir. Onlar eyni ola bilərlərmi?! Nə üçün ibrət almırsınız?”

“Həcc” surəsinin 46-cı ayəsi:

أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَتَكُونَ لَهُمْ قُلُوبٌ يَعْقِلُونَ بِهَا أَوْ آذَانٌ يَسْمَعُونَ بِهَا فَإِنَّهَا لَا تَعْمَى الْأَبْصَارُ وَلَكِن تَعْمَى الْقُلُوبُ الَّتِي فِي الصُّدُورِ

“Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar.”

“Rum” surəsinin 52-ci ayəsi:

فَإِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَى وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاء إِذَا وَلَّوْا مُدْبِرِينَ

“Şübhəsiz ki, sən (haqqa) çağırışı nə ölülərə eşitdirə bilərsən, nə də dönüb gedən karlara eşitdirə bilərsən!”

Rza Şükürlü (Maide.az)
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930