Şayiə yayanlar üçün ağrılı əzab olacaq
“(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36).
Bu gün cəmiyyətdə ən çox rast gəldiyimiz bəlalardan biri də şayiə yaymaqdır. Bu bəla cəmiyyətə böyük ziyan vurur və insanların arasına nifaq salır. Şayiə yaymaq və yanlış məlumat çatdırmaq - xəbərin özü deyildir, çünki çox hissəsi yanlışdır. “Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz”. (“Nur” 19). Bu ayə Mədinədə şayiə yayan münafiqlərə işarə etmişdir. Bu münafiqlər Peyğəmbər (s) ailəsini insanların gözündən salmaq üçün şayiə yayırdılar və bu hadisə Əfək hadisəsi kimi məşhurdur. Əfək sözünün mənası yalan deməkdir. “Təfsiri-Nümunə”də bu ayə haqqında yazılır: “Bu ayədən belə görünür ki, günahsız insanı iffətsizlik əməlində ittiham ediblər. Bu şayiə cəmiyyətdə yayılır. Həmçinin bu ayə o insana işarə edir ki, o zaman cəmiyyətdə böyük nüfuzə malik idi”. Bu ayədə bir neçə mühüm nöqtə vardır ki, ona işarə edək: 1. Bir nəfərə iffətsizlik töhməti vurulmuşdur. 2. Bu şəxs cəmiyyətdə nüfuza malik idi. 3. Bu töhmət cəmiyyətdə yayılmışdır. 4. Şayiə yayanlar münafiqlər idilər. 5. Əfək o deməkdir ki, öz əsl mənasını dəyişmişdir. Əllamə Təbatəbai bu haqda buyurur: “Bu töhmətdə fitnə var idi və bu yalanı yonub ona şayiə paltarı geyindiriblər ki, Peyğəmbərin (s) paklığına ləkə vursunlar”. Mərhum Təbrizinin nəzərinə görə əfək hər bir yalana deyilmir, bəlkə böyük yalanlara şamil edilir ki, mövzunun əsl həqiqəti dəyişmişdir. Ona görə də əfək kəlməsi bu yalanın və töhmətin nə qədər əhəmiyyətli olduğunu bəyan edir. Allah Təala şayiə yaymaq və fitnə işlətmək kimi hadisələrə ibrətlə baxmağı tövsiyə edir və buyurur: “Güman etməyin ki, bu macəra sizin üçün şər idi, əksinə sizin üçün xeyir idi”. Belə ki, bu hadisə korürəkli və qara qəlbli insanların üzərindəki pərdəni götürdü və özlərini rüsvay etdilər. Onlar əgər tanılmaz qalsaydılar, gələcəkdə daha böyük zərbə endirə bilərdilər. Bir cəmiyyətin səadəti ondandır ki, fəsad əhli tanınmış olsun. Bu zaman cəmiyyət onlara qarşı bəsirətli olar və onların islah olunması üçün əlindən gələni edər. Bu hadisə xeyir gətirsə də, şayiə yayanlar üçün xeyir deyildir, belə ki, Allah onları ağır cəza ilə hədələyir. Yəni, hər kim əfək töhməti üçün şərait yaradıb və onu alovlandırıbsa, böyük bir əzaba düçar olacaqdır. Quran bu hadisəyə görə təsir altına düşən möminləri də məzəmmət edir və buyurur: “Niyə o zaman ki, bu töhməti eşitdiniz, imanlı kişilər və qadınlar, xeyir güman bəsləmədiniz və niyə demədiniz ki, bu, böyük və aşkar yalandır?!”. Yəni bu yalanı eşidən zaman niyə hüsnü-zənn bəsləmədiniz? Mömin gərək bir-birinə qarşı hüsnü-zənn bəsləsin və dəqiq məlumatı olmadan, bədgümanlıq etməsin. Mömin gərək qardaş və bacısını müdafiə etsin. Lakin onlar hüsnü-zənn etmək yerinə, susdular. Ona görə də deyə bilərik ki, şayiə yaymaq böyük günahlardandır və Allah bizi ona görə xəbərdar edir. Buyurur ki, möminlər haqqında eşitdiyiniz hər sözə inanmayın və onu araşdırmadan bədgüman olmayın. Bu yalan nəinki həmin insane, bəlkə bütün cəmiyyətə ziyan vurur. Çünki həmin şayiənin yayılmasına yol açır və insanlar arasında nifaq yaradır. /Deyerler.org/ Oxşar xəbərlər
|