“İmam Zaman (ə.f) yeni dinmi gətirəcək?”
“İmam Zaman (ə.f) yeni din və yeni şəriət gətirəcək” iddiasını səsləndirənlər bu hədislərə istinad edirlər:
1- Camaat onunla yeni bir iş əsasında beyət edərlər. 2- Qaim qiyam edəndə yeni işlə gələcək. 3- Öncəki zamanda olmayan bir işlə gələcək. 4- Qaim yeni işlə və yeni kitabla qiyam edər. 5- Yeni işlə və yeni qəzavətlə qiyam edər. 6- Bizim tərəfdən çağırış edən, peyğəmbər çağırış etdiyi kimi yeni çağırışla qiyam edəcək. Bu hədislər Biharul-Ənvar, Şeyx Mufidin əl-Əmali, əl-İrşad və sair hədis mənbələrində gəlib. Qeyd etmək lazımdır ki bu hədislərdə İmam Zamanın "yeni iş"lə gələcəyi daha çox qabardılır. Yeni iş yeni din demək deyil. Bu yeni hökumət sistemi, zühur etmədən öncəki qanun məcmularından fərqli olan yeni bir qanun məcmusu anlamında ola bilər. Onu da qeyd etmək lazımdır ki, hədislərdə açıq aşkar şəkildə “İmam Zaman yeni dinlə və yeni şəriətlə gələcək” deyilmir. Deyilən isə İmam Zamanın "yeni iş"lə gəlməsidir. Yuxarıdakı hədislərin birində “yeni kitab” ifadəsi də keçir. Bu nə mənada ola bilər? Burada yeni Quran deyilmir yeni kitab deyilir. Hətta Quran deyilsə belə bunun müvafiq anlamı var; Məsələn yeni Quran ki onun mətni hazırki quranın mətni ilə fərqli deyil, lakin ona düzgün şərhlər və təfsirlər əlavə edilmişdir. Belə bir Quranın vaxtilə hz Əli tərəfindən də yazıldığı, amma o təfsiri olan quranın hazırda imamların əlində olduğu bildirilir. Digər hədislərə də müraciət edək: Bu hədis yuxarıda səhv anlaşılan hədisləri bizim üçün daha yaxşı izah edəcək. Məhəmməd Peyğəmbər buyurub: “Mənim övladlarımdan olan Qaimın adı mənim adım, künyəsi mənim künyəm, zahiri forması mənim kimi, sünnəti mənim sünnətim kimidir. O camaatı mənim dinim və şəriətim əsasında ayağa qaldırar və onları mənim rəbbimin kitabına çağırar.” (Səduq, 411,1361 və Təbərsi, cild-2, səh-227) Peyğəmbər yenə buyurub: “Mənim Əhli-Beytimdən bir kişi çıxar, mənim sünnətimə əməl edər, Allah ona görə asimandan bərəkət nazil edər, o zaman yer də bərəkətini çıxarar. O yeri ədalərlə doldurar” (Məclisi, cild-51, 82) İmam Sadiq buyurub: “Qaim qiyam edəndə Allahın rəsulunun sirəsi və sünnəti ilə gedəcək” (Kurani, 1411, cild-3, səh319) Biz bu və əvvəldə deyilən hədisləri bir araya toplayanda mövzu barədə bir ziddiyyətin olmadığını açıq, aydın şəkildə görürük. Anlayırıq ki, İmam Zaman zühur edən zaman müsəlman ümməti həqiqi islam dinindən uzaq düşəcək, buna görədir ki, İmam Zaman gələndə yeni işlər, yəni həqiqi islamı və peyğəmbərin həqiqi sünnətini ehya edəcək. Bu o demək deyil ki, indi iyirmi birinci əsrdə bizim tutduğumuz islam yolu düzgün deyil. Hədislər diqqətlə araşdırıldıqdan sonra məlum olur ki, düşmənlər hər bir kəlmədən sui-istifadə edib, onu müxtəlif istiqamətlərə yozub, Quran və Əhli-beyt davaçmılarını azdırmaq niyyətindədirlər və onlar bunun üçün durmadan çalışırlar. Oxşar xəbərlər
|