O şey ki, İlahi niyyətlə infaq olunmaz – israfdır
Dinimizin nəzərində hidayətin ən mühüm amili – mötədillik və İlahi həddi qorumaqdır. İsraf – bu İlahi həddi aşmaqdır ki, Allah israf edənləri sevmir. “(Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir”. (“Əraf” 31). İsrafı məzəmmət edən çox sayda hədislərimiz vardır, o cümlədən: İmam Əli (ə) buyurur: “Şərafətlərin ən üstünü – həddi aşmaqdan və israfdan özünü saxlamaqdır”. İmam Əli (ə) buyurur: “Nəcibliyin nişanəsi odur ki, mötədil olsan və həddi aşmaqdan çəkinəsən”. İmam Əli (ə) buyurur: “(Mal və sərvətindən) yersiz bağışlamaq – həddi aşmaq və israfdır və o mal, bağışlayanı dünyada ucaldar, axirətdə isə aşağı çəkər”. İmam Sadiq (ə) buyurur: “Böyük Allah mötədilliyi sevir və israfa qəzəblənir, hətta xurmanın dənəsini atmağa belə, çünki istifadə oluna biləndir”. Bəli, bu hədislərdən də göründüyü kimi, israf və həddi aşmaq günahdır və Allahı qəzəbləndirən bir əməldir. İnsanların əksər hissəsinin axirətdə ən çox cəzalandırılmaqlarının səbəbi məhz israfa görə olacaqdır. Dinimizin nəzərinə görə hər bir əməl İlahi niyyətlə olarsa, dəyər əldə edər və savaba malik olar. Əks halda öz dəyərini itirər, əksinə - insanın cəzalanmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: “O kəs ki, bir şeyi Allaha qeyri-itaət yolunda infaq edər, israf edəndir. O kəs ki, Allah yolunda bir şeyi infaq edər, qənaətcildir”. Bu hədisdən də göründüyü kimi, əgər insan infaqı Allah niyyətilə etməzsə, bu mal israf sayılar. İnfaq o zaman dəyər əldə edər ki, Allaha itaət niyyətilə yerinə yetirilsin. Ona görə də Allahın bizə inayət etdiyi nemətlərdən gərək düzgün istifadə edək və onu israf etməyək, hədər verməyək. İsraf kəbirə günahlardan olub, insanı həm dünyada və həm də axirətdə bədbəxt edər. “Bizim qayıdışımız Allaha tərəfdir və israfçılar (bəndəlik həddini aşanlar) od əhlidirlər”. (“Ğafir” 43). Oxşar xəbərlər
|