Niyə Həzrət Yəqub (ə) duasını təxirə salır?
“Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim. (Dua etməyi özünə sığışdırmamaq ibadəti özünə sığışdırmamaq deməkdir və) əlbəttə, Mənə ibadət etməyi özünə sığışdırmayanlar tezliklə xar və xəcalətli şəkildə cəhənnəmə daxil olacaqlar»”. (“Ğafir” 60).
Dua – möminin silahıdır və əgər bu silahdan düzgün yerdə və düzgün zamanda istifadə edərsə, o zaman hədəfinə nail ola bilər. Dua ədəbini bizə Məsumlarımız (ə) və Quran öyrədir, həmçinin hansı zamanlarda duanın qəbul olmasını da bizə bəyan edirlər. Bir nəfər Həzrət Peyğəmbərdən (s) soruşur: “Niyə Yəqub (ə) istiğfar etməyi təxirə salmışdır?”. Həzrət (s) buyurur: “Təxirə salmaq (ona görə idi ki,) səhər çağı gəlib çatsın. Çünki səhər çağı edilən dualar qəbul olar”. “Mən lə yəhsərə fəqih” kitabında oxuyuruq ki, Muhəmməd ibni Müslim İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) “Dedi: «Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır»”. (“Yusif” 98) Ayəsinin təfsirində buyurmuşdur: “Bağışlanmaq istəyini cümə gününün səhər çağına qədər təxirə salır”. Əbu Bəsir İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Həqiqətən də ali məqamlı Allah hər cümə gecəsi ərşin yuxarısından səhərə qədər car çəkər: “Elə bir mömin bəndə yoxdurmu ki, Məni günəş çıxmazdan əvvəl dünya və axirəti üçün çağırsın, Mən də cavabını verəm? Elə bir mömin bəndə yoxdurmu ki, günahlarına görə günəş çıxmazdan əvvəl tövbə etsin və Mən də tövbəsini qəbul edəm? Elə bir mömin bəndə yoxdurmu ki, ruzi cəhətdən sıxıntıda olar və Məndən günəş çıxmazdan əvvəl çoxaltmağımı istəyər, Mən də artıraram? Elə bir xəstə mömin bəndə yoxdurmu ki, günəş çıxmazdan əvvəl şəfasını istəsin və Mən də şəfa verəm? Elə bir həbsdə olan mömin bəndə yoxdurmu ki, günəş çıxmazdan əvvəl həbsdən azad olmağını istəsin, Mən də onu azad edəm?””. İmam Baqir (ə) buyurur: “Bu nida günəş çıxana qədər belə davam edir”. Biz insanlar bu dünyaya bir dəfə gəlirik və ona görə də yaxşı olar ki, Allahın ixtiyarımıza qoyduğu fürsətlərdən istifadə etməyi bacaraq. Hələ ki, vaxtımız var – tövbə edək, ruzi istəyək, şəfa istəyək. Bu dualarımız üçün də münasib zaman seçək, necə ki, Həzrət Yəqub (ə) oğlanları üçün istiğfar etməyi cümə gecəsinə qədər təxirə salmışdı, biz də cümə gecəsinin qədrini bilək. Dualarımızı bu gecədə Allaha ərz edək və Ondan yardım istəyək. Şübhəsiz ki, əgər bu dualar bütün ədəblərinə riayət olunaraq, qəlb hüzuru ilə edilərsə, Allah onu qəbul edəcək və bəndələrinin istəyini yerinə yetirəcəkdir. İltimasi duamız vardır, xüsusən cümə gecələrində! /Deyerler.org/ Oxşar xəbərlər
|