GÖRƏSƏN, ALLAH BİZDƏN RAZIDIR?
Mьəllif: Ahlibeyt
Tarix: 26-02-2022, 21:21
GÖRƏSƏN, ALLAH BİZDƏN RAZIDIR?
Bir nəfər elə bu sualı imam Baqirdən (ə) soruşduqda, o həzrət sualın cavabında belə buyurdu: “Öz qəlbinə müraciət et, gör Allahın dostlarını sevirsənmi?

Əgər qəlbində Allah dostlarına yer ayırıbsansa, bil ki, Allah səni sevir və səndən razıdır.” (“Üsuli-kafi”, 2-ci cild, səh.126, “Hubbullah” bölümü.)

Ümumiyyətlə, “Allahın öz bəndələrinə sevgisinin əlaməti nədir?” – sualının cavabında deyə bilərik ki, Allahın Öz bəndələrinə sevgisinin çoxlu əlaməti ola bilər və onların ruhi-psixoloji halətləri ilahi sevginin göstəricisidir.

Həqiqət odur ki, biz insanların birinə məhəbbəti olmasa, həmin şəxsin görüşünə getmərik, onu qonaq çağırmarıq, onunla danışmaqdan çəkinərik, ona məktub yazmaz və telefon vasitəsilə əlaqə qurmarıq.

Bizim bu sayaq rəftarlarımız qarşı tərəfə daxili hisslərimizin göstəricisidir. Buna əsasən, bu kiçik müqayisə ilə Allahın bizə olan məhəbbət və sevgisini başa düşmək asanlaşır.

Qurani-Kərim – bu böyük ilahi məktub insandan başqası üçün nazil olubmu? Bəndənin ibadətə, məxsusən, namaz və oruca, özü də müəyyən olunmuş vaxtlarda dəvət olunması Allahın məhəbbətindən başqa bir məfhum kəsb edirmi?

Bizə şah damarımızdan da yaxın olan Allah deyilmi? Şair Sədinin belə bir şeri var:

دوست نزديكتر از من به من است وين عجبتر كه من از وي دورم

“Dost (Allah) mənə, mənim özümdən də yaxındır. Çox qəribədir ki, Ondan uzaq düşən mənəm!”

İmam Səccad (ə) “Əbu Həmzə Somali duası”nın bir neçə yerində Allah-Taalanın bütün aləmi əhatə edən məhəbbətindən söz açır və bir yerdə belə deyir:

وَالْحَمْدُ للهِِ الَّذي اُناديهِ كُلَّما شِئْتُ لِحاجَتي وَاَخْلوُ بِهِ حَيثُ شِئْتُ لِسِرِّي بِغَيرِ شَفيـع فَيقْضي لي حاجَتي... وَالْحَمْدُ للهِِ الَّذي تَحَبَّبَ اِلَي وَهُوَ غَنِي عَنّي

“Həmd-səna o Allaha məxsusdur ki, hər zaman Onu öz ehtiyacım üçün səslədikdə cavab verir və Onunla gizlində raz-niyaz etməyə nail olduqda, heç bir vasitəçi olmadan istəyimi yerinə yetirir... Həmd-səna o Allaha məxsusdur ki, məndən ehtiyacsız olduğu halda, mənə məhəbbət göstərir.”

Bütün bunlara rəğmən, “Allah-Taala məni sevirmi?” – sualının cavabı elə bizim qəlbimizdədir. Öz qəlbimizə müraciət edək: “Görəsən, mən necə, Onu sevirəmmi? Mənim üçün bəyəndiyini mən də bəyənirəmmi?

Məndən istədiyini mən də istəyirəmmi? Onunla birgə olmağa, Onunla raz-niyaz və münacat etməyə rəğbət göstərirəmmi? Əmrlərinə itaət edirəmmi? Qadağalarından çəkinirəmmi? Onun dostlarını dost, düşmənlərini düşmən bilirəmmi?

Allah bizdən o zaman razıdır ki, Onun bizə namaz, oruc, xüms, zəkat, həcc və bu kimi vacib buyurduğu əməlləri yerinə yetirək, haramlarından isə çəkinək!

İmam Baqirdən (ə) nəql olunan bir hədisdə bu haqda belə buyurulur: “Allah-Taala üç həqiqəti üç işdə gizləmişdir:

1. Razılığını itaətində gizləmişdir; elə isə, heç bir itaəti kəm tutma, ola bilər ki, Allahın razılığı elə həmin itaətdə olsun.

2. Qəzəbini günah işlərdə gizləmişdir; elə isə, günah işləri naçiz tutma, ola bilər ki, Allahın qəzbi elə həmin günahda olsun.

3. Öz dostlarını insanların arasında gizləmişdir; elə isə heç kimi təhqir etmə, ola bilər ki, həmin kəs Allahın dostu olsun!” (“Biharul-ənvar”, 75-ci cild, səh.187, hədis 27.)

Bir sözlə, insan yaxşı işlərini “qürbətən iləllah” (Allaha xatir) niyyəti ilə yerinə yetirdiyi zaman ilahi razılıq yolunda addımlayacaq, amma haram və qadağalarına əl uzatdıqda isə, sözsüz ki, ilahi razılıqdan uzaqlaşacaqdır.



(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031