Nemət verilmişlər, Allahın qəzəbinə gəlmişlər və yolunu azmışlar
“(Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!”. (“Fatihə” 7).
Bu ayə Siratül-müstəqim yolunu o kəslərin yolu adlandırır ki, İlahi nemətə nail olublar və bu insanlar ibarətdir: peyğəmbərlərdən, şəhidlərdən, alimlərdən, siddiqlərdən, sadiqlərdən... Bu ayənin ardınca oxuyuruq ki, bəndə Allahdan arzu edir ki, onu qəzəb olmuşların və yolunu azmışların yoluna hidayət etməsin. Quranın buyurduğu kimi, Bəni-İsrayil də Allah tərəfindən nemətə nail olmuşdular, ancaq naşükürlük sayəsində İlahi qəzəbə düçar oldular. Quranın nəzərinə görə insanlar üç dəstəyə bölünür: o kəslər ki, İlahi nemətə nail olublar və hidayət olublar. Bu yolda sabitqədəmdirlər. Qəzəb olmuşlar və yolunu azmışlar isə ikinci və üçüncü dəstə insanlardırlar. Allah Təala bu ayədə buyurur ki, baxmayaraq ki, bəndələrinin bəziləri nemətə çatıblar və hidayət olublar, ancaq onlar da belə, gərək Allahdan istəsinlər ki, onları qəzəb olmuşların və yolunu azmışların yolundan saxlasın. Məbada nemətə küfr edib, Bəni-İsrayil kimi Allahın gözündən düşərlər. Bəs Allahın qəzəbləndiyi insanlar kimlərdirlər? Əgər Qurana nəzər salsaq, görərik ki, Firon, Qarun, Əbu Ləhəb, Ad qövmü, Səmud qövmü, Bəni-İsrayil Allahın qəzəbinə gəlmiş insanlar və millətlər olmuşdular. Halbuki, bir zamanlar Bəni-İsrayil öz dövrlərinin insanlarından üstün məqamda qərar tuturdular. “Ey İsrail övladları, sizə bəxş etdiyim nemətlərimi və sizi (öz zamanınızda) aləmdəkilərdən üstün etməyimi yadınıza salın”. (“Bəqərə” 47). Lakin onlar bu nemətin qədrini bilmədilər. “Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər. Bu (küfr və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar”. (“Bəqərə” 61). Onlar öz rəftarları ilə öz talelərini dəyişdirirlər. Allahın qəzəbinə gələn başqa insanlar o tacirlər, zənginlərdir ki, Allahın haramına və sələmə üz tutublar. “Eləcə də, çəkindirilmələrinə baxmayaraq, sələm aldıqlarına və camaatın mallarını boş və nahaq yerə yemələrinə görə (həmin halal şeyləri onlara haram etdik). Biz onların kafirlərinə ağrılı bir əzab hazırlamışıq”. (“Nisa” 161). O kəslər ki, mücahidə dəvətinə “yox” cavabını veriblər. “Dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq»”. (“Maidə” 24). Biz hər gün Allahdan istəyirik ki, bizi qəzəb etdiyi kəslərdən etməsin, yəni o kəslərdən ki, haqqı buraxıb batilin sorağına gediblər, dinlərində ifrat və təfrit ediblər, nəfsani istəklərinin qulu olublar. Bəs kimlər yolunu azmışlardırlar? Quranın nəzərinə görə yolunu azmışlar bunlardırlar: imanlarını küfrə çevirənlər, müşriklər, kafirlər, üsyankarlar, kafirlərə itaət edən müsəlmanlar, insanları Allah yolundan saxlayanlar, Allahı və Peyğəmbəri (s) təhqir edənlər, haqqı gizlədənlər, İlahi rəhmətdən məyus olanlar... Quranın nəzərinə görə yolunu azmaq amilləri bunlardır: 1. Həvəslər. 2. Bütlər. 3. Günahlar. 4. Batil vilayəti qəbul etmək. 5. Cəhalət və nadanlıq. Beləliklə deyə bilərik ki, insan tərbiyə olan zaman örnək və nümunə insanlara ehtiyac duyur və nemət verilmiş insanlar buna bariz nümunə ola bilər. Allahdan insana çatan – nemətdir, qəzəb və qəhri biz insanlar öz əməllərimizlə yaradırıq. Deyerler.org Oxşar xəbərlər
|