Niyə Quranda “buzovu içdilər” deyilir?
Bəni-İsrayil o qövm idi ki, düşünməyə çox da meyil etmirdilər. Ona görə də onlarda hiss üzvləri daha güclü inkişaf etmişdi.
Onlar Musadan (ə) dəfərlərlə möcüzə göstərməsini də elə buna görə istəyirdilər. Çünki hiss orqanları ilə bu həqiqəti dərk etməyə çalışırdılar. Baxmayaraq ki, Musanın (ə) necə Nil çayını yardıqlarını görmüşdülər, ancaq Fironun əlindən xilas olduqdan sonra imanlarını əldən verir və buzova pərəstiş etməyə başlayırlar. Hisslərinə görə hərəkət etdikləri üçün peyğəmbərlərindən istəyirlər ki, bu dana kimi tanrını onlar üçün qərar versin. “Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Onlar öz bütlərinə (pərəstiş etməyə) üz tutmuş və(bütlərinin) ətrafına toplaşmış bir dəstəyə yetişdilər. (Onlar əsirlikdə olduqları vaxt fironçuların hissiyyata yaxın şeylərə meyil göstərmələrindən təsirləndikləri üçün) dedilər: «Ey Musa, onların məbudları olduğu kimi, sən də bizim üçün məbud düzəlt!». (Musa) dedi: «Doğrudan da siz nadanlıq edən bir dəstəsiniz”. (“Əraf” 138). Quranda bununla bağlı belə bir ayə də vardır: “Və (yadınıza salın) o zaman(ı) ki, sizdən əhd-peyman aldıq və Tur dağını başınız üzərinə qaldırdıq (və dedik): «(Tövratın ayələrindən) sizə verdiklərimizi ciddiyyətlə öyrənin, eşidin və qəbul edin». Onlar (dilləri ilə) «eşitdik», (qəlbləri ilə isə) «itaətsizlik etdik» dedilər və küfrlərinə görə buzovun məhəbbəti onların qəlblərində möhkəmləndi. De: «Əgər möminsinizsə (və buzova pərəstiş etməyi, peyğəmbərləri öldürməyi və təkzib etməyi sizə imanınız əmr edirsə), onda imanınızın sizə əmr etdiyi şey nə qədər də pisdir!»”. (“Bəqərə” 93). “Küfrlərinə görə buzovun məhəbbəti onların qəlblərində möhkəmləndi” – ayəsini belə tərcümə edirlər: “Qəlbləri küfrə görə buzovun (məhəbbətindən) sirab oldu”. Bəs niyə Quran sirab sözünü işlətmişdir, çünki sirab, mayeyə aid olan bir sözdür? Təfsirçilər deyir ki, bu ayədə bir metafora mövcuddur. Bəni-İsrayilin buzova olan şiddətli sevgisini göstərməyə çalışır. Sanki qəlbləri buzova olan sevgi ilə sulanır. İmam Baqir (ə) isə bu ayəni belə təfsir etmişdir: “Musa (ə) buzovunu (məhv etməyi) qəsd edir. Onu burnundan quyruğuna qədər kəsir. Sonra onu atəşdə yandırır və külünü dənizə atır. Bu zaman bəzi buzova pərəstiş edənlər suya daxil olurlar, halbuki suya ehtiyacları yox idi. Niyyətləri buzovun külü idi. Bu (suya qarışmış) külü içirlər və ona görə də Allah buyurur: “Qəlbləri küfrə görə buzovun (məhəbbətindən) sirab oldu”. Beləliklə deyə bilərik ki, buzovu içmək kimi nadan rəftarlar günümüzdə də rast gəlinməkdədir. O qədər maddi nemətlərə məftun oluruq ki, onlara sitayiş etməyə başlayırıq. Cah-calallı ev, bahalı maşin və ya təzə mobil telefon, təzə bahalı paltar və sair kimi. Ancaq unuduruq ki, bütün bunlar fani və maddidir, bir gün əldən gedəcəkdir. Sitayiş etməli olduğumuz uca varlıq isə yalnız Allahdır. /Deyerler.org/ Oxşar xəbərlər
|