İmam Baqirin (ə) nadan düşmənlə rəftarı
Şam əhlindən olan bir kişi Mədinədə yaşayırdı. O, nadanlıq üzündən imam Baqirlə (ə) düşmənlik edirdi. Bununla belə, imamın evinə get-gəl edir, onun sözlərinə qulaq asırdı. Bir gün yenə imamın evinə gəldi və ədəbsizliklə dedi: Yer üzündə heç kimə sənin və sənin ailən qədər kin və nifrətim yoxdur. Sənin evinə gəlməyim də sənin ədib, gözəl bəlağətin və xoş bəyanın olduğuna görədir. Onun düşmənliyinin nadanlıq üzündən olmasını bilən imam, onunla çox yaxşı davrandı və mülayim danışdı. Bir müddətdən sonra şamlı kişi bərk xəstələndi. Həkimlər onun sağalmasından məyus oldular. O, imama qarşı pis hərəkət etdiyini bilirdi. Ona görə də bir nəfəri həzrətin yanına göndərərək halallıq istədi və xahiş etdi ki, ona cənazə namazını imam Baqir (ə) özü qılsın. Şamlı kişinin xahişini çatdıran şəxs sübh namazı vaxtı imamı məsciddə tapdı və onun sifarişini həzrətə çatdırdı. İmam onun diri olmasını eşidəndə ayağa qalxdı, iki rəkət namaz qıldı, sonra səcdəyə getdi və gün çıxana qədər səcdədə qalıb dua etdi. Günəş çıxanda imam o kişinin evinə tərəf getdi. Həzrət onun yatağının yanında dayanıb səslədi. Şamlı kişi imama cavab verdi. Sonra imam onu yataqdan qaldırıb oturtdu və onun yaxınlarından xəstə üçün şərbət gətirmələrini istədi. Şərbət hazır olduqdan sonra imam öz əlləri ilə şərbəti xəstəyə içirtdi və onun qohumlarına buyurdu: “Ona soyuq xörəklər verin”. Sonra imam qayıtdı. Bir saat keçməmişdi ki, şamlı kişi şəfa tapdı. O, imam Baqirin (ə) yanına gələrək təşəkkür etdi və dedi: “Şəhadət verirəm ki, sən xalq arasında Allahın höccətisən”. İmamın bu güzəşti və mehribanlığı şamlı kişini hidayət etdi və onu həzrətin dostları sırasına daxil etdi. Oxşar xəbərlər
|