Ataya xidmətin mükafatı
“Nəql olunur ki, bir kişinin dörd oğlu var idi. Oğlanların atası ağır xəstə idi. Oğlanlardan biri o biri qardaşlarının yanına gedib dedi: “Mənim belə bir şərtim var: Ya siz atama baxın və ölümündən sonra mirasdan əl çəkin və ya mən özüm ona baxıb, mirasdan imtina edirəm.
Qardaşlar ona dedilər: “Yaxşısı budur ki, sən atamıza qulluq edəsən. Həmçinin ölümündən sonra sənə düşəcək mirasdan imtina edəsən. Oğlan razılaşıb atasını öz evinə apardı. Bir müddətdən sonra atası dünyasını dəyişdi. Günlərin birində bu oğlan atasını yuxuda görür. Atası ona deyir: Ey əziz oğlum! Filan yerdə bir dinar qoymuşam. Get onu götür və ehtiyacın olan şeyə xərclə. Allah-təalanın o bir dinara çoxlu bərəkət verəcəyinə və beləliklə də sənin var-dövlət sahibi olacağına ümidvaram. Bu vasitə ilə də mənimçün çəkdiyin zəhmətin bəhrəsini görərsən. Oğlan soruşdu: “Məgər o bir dinarda nə bərəkət var? “Bəli, bu bir dinarın bərəkəti çoxdur”- deyə atası cavab verdi. Oğlan yuxudan ayılandan sonra atasının qoyduğu bir dinarı götürüb bazara yollandı. Bazarda qarşısına bir balıq satan çıxır. O, əlində tutmuş iki balığı göstərərək müştəri səsləyirdi. Oğlan yaxınlaşıb balıqların qiymətini soruşdu. Balıqsatan dedi: “İkisini bir dinara satıram. O həmin bir dinarı verib, balıqların ikisini də aldı. Balıqların içindən iki dənə cəvahir çıxdı. O, beləsini heç yerdə görməmişdi. Bu xəbər padşahın qulağına çatanda onları çox baha qiymətə oğlandan aldı. Beləliklə də oğlan dövrünün tanınmış var-dövlət sahiblərindən oldu. Oxşar xəbərlər
|