İntizarın mahiyyəti və onun müsbət təsirləri
Görəsən, imam Mehdinin (ə) zühuruna inamın (zülm və haqsızlığın köklərini məhv edən cahanşümul proqramları nəzərə almaqla) nə kimi müsbət və tərbiyəvi tə’sirləri vardır?
Görəsən, bu inam insanı qafil, yaxud hər şeyə təslim olmağa vadar etmirmi? Yoxsa bu əqidə müsbət mə’nada bir növ fərdi və ictimai qiyama də’vət deyildirmi? İnsanı tərəqqiyə doğru aparmırmı? İnsanda məs’uliyyət hissi yaratmırmı? Bir sözlə, bu inam viranedicidir, yoxsa islahedici və qurucu? Bu sualları araşdırmazdan öncə, bilməliyik ki, müsbət fikir və ideyalar həmişə nadanların, yaxud mənafe güdənlərin əli ilə təhrifə mə’ruz qalır, əsl məqsəddən yayındırılır. Tarixdə belə nümunələr həddən artıq çoxdur və “intizar” da təsirlərdən amanda qalmamışdır. Belə məsələlərdə təhrif və xətadan uzaq olmaq üçün, necə deyərlər, suyu bulağın gözündən götürmək lazımdır. Burada “intizar”ı düzgün başa düşmək üçün İslamın təməl prinsiplərinə müraciət etməli və bunu rəvayətlərin dili ilə araşdırmalıyıq. Aşağıdakı rəvayətlər bu məsələyə aydınlıq gətirir: Bir nəfər imam Sadiqdən (ə) soruşdu: “Haqq hökumətin intizarını çəkdiyi halda dünyadan gedən şəxs haqqında nəzəriniz nədir?” İmam buyurdu: “O, Qaimin xeyməsində (ordusunda) hazır olan şəxs kimidir. (Həzrət bir az sükut etdikdən sonra buyurdu:) O, İslam peyğəmbəri ilə birgə mübarizələrdə iştirak edən şəxs kimidir!” (Buna bənzər rəvayətlər çoxdur.) Bə’zi rəvayətlərdə deyilir: “O, Allah yolunda qılınc çəkən şəxs kimidir!” “O, Peyğəmbərin hüzurunda qılıncla düşmən başına zərbə endirən şəxs kimidir!” “O, Qaimin bayrağı altında olan şəxs kimidir!” “O, Peyğəmbərin hüzurunda cihad edən şəxs kimidir!” “O, Peyğəmbərlə şəhid olan şəxs kimidir!” (İmam Mehdinin (ə) zühurunun intizarı ilə əlaqədar bu təşbeh və bənzətmələr düşmənlə mübarizəyə və cihada daha artıq şövq yaradır.) Bir çox rəvayətlərdə isə belə bir hökumətin intizarını çəkmək ən böyük və ən fəzilətli ibadət sayılmışdır. Bunları biz həm Peyğəmbəri-əkrəmdən (s), həm də imam Əlidən (ə) nəql olunan hədislərdə görə bilərik. Bir hədisdə Peyğəmbəri-əkrəm (s) belə buyurmuşdur: اَفْضَلُ الْاَعْمالِ اُمَّتِى اِنْتِظارُ الْفَرَجِ مِنَ اللهِ عَزَّوَجَلَّ: “Mənim ümmətimin ən fəzilətli əməli Allahın və’d etdiyi zühurun intizarını çəkməkdir!” O həzrət başqa bir hədisdə belə buyurmuşdur: اَفْضَلُ العِبادَةِ اِنْتِظارُ الْفَرَجِ: “Ən fəzilətli əməl zühur intizarı çəkməkdir!” Buradakı “intizar” sözü istər ümumi, istərsə də xüsusi mə’nada dünyanın böyük islahatçısının zühur intizarını bildirsə də, “intizar”ın böyük əhəmiyyət daşıdığını göstərir. Bütün bunlar böyük bir cihadla yanaşıdır. Bunu nəzərə aldıqda yekun nəticə üçün zəmin yaranır. Kitabın adı: İmamət haqqın dili ilə Müəllif: Ayətullahül-üzma Nasir Məkarim Şirazi Oxşar xəbərlər
|