XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə) ƏN ÇOX SEVDİYİ ÜÇ ƏMƏL NƏDİR?
Mьəllif: admin1
Tarix: 18-02-2022, 23:09
XANIM FATİMEYİ-ZƏHRANIN (S.Ə) ƏN ÇOX SEVDİYİ ÜÇ ƏMƏL NƏDİR?
Əgər insan səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və həyatında gerçəkləşdirməlidir.

Həmin nümunəvi insanlardan biri də Peyğəmbəri-Əkrəmin (s) sevimli qızı, xanımlar xanımı və analar anası həzrət Fatimeyi-Zəhradır (s.ə.). Bir xanım ki, bəşəriyyətə hərtərəfli örnək və nümunədr.

O xanımın doğum günü Cəmadius-sani ayının 20-i, yəni Martın 19-na təsadüf edir. Elə bu münasibətlə Əhli-beyt (ə) tərəfdarlarını təbrik edirik və bu fürsətdən istifadə edərək, xanım Fatimeyi-Zəhranın (s.ə.) dəyərli kəlamlarından birini diqqətinizə çatdırırıq.

Ümid edirik ki, Əhli-beytin (ə) kəlam və göstərişlərinə əməl etməklə həyatımızın uğur və müvəffəqiyyətini günbəgün daha da artıracağıq!

Xanım Fatimeyi-Zəhra (s.ə.) bir hədisdə buyurur:

حُبِّبَ إلَىَّ من دُنیاكُم ثَلاثٌ: تِلاوَةُ كِتابِ اللّه ِ و النَّظَرُ فی وَجهِ رَسولِ اللّه ِ و الإنفاقُ فی سَبیلِ اللّه


“Sizin dünyanızdan üç əməl mənim üçün sevimlidir: 1. Allahın kitabı Qurani-Kərimi tilavət etmək; 2. Allah Rəsulunun üzünə tamaşa etmək; 3. Allah yolunda infaq etmək (xərc çəkmək).” (“Nəhcül-həyat”, səh.164.)

Nə yaxşı olar ki, biz də xanım Fatimeyi-Zəhranın (s.ə.) ən çox sevdiyi bu üç əmələ rəğbət bəsləyək və ona əməl etməklə həyatımızı ilahi rəngə boyayaq!

1. QURANİ-KƏRİMİ TİLAVƏT ETMƏK:

Təəssüflər olsun ki, müsəlman camiəsi Qurani-Kərimə diqqətsiz, etinasız yanaşır. Zahirdə Qurani-Kərimi bərli-bəzəkli çap etsələr də, tilavət və əməldə süstlük göstərir, onun ruhu və həqiqətindən uzaqdırlar. Bir halda ki, Allah-Taala “Yunis” surəsinin 57-58-ci ayələrində Quran haqda belə buyurur:

یَا أَیُّهَا النَّاسُ قَدْ جَاءَتْکُمْ مَوْعِظَةٌ مِنْ رَبِّکُمْ وَشِفَاءٌ لِمَا فِی الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِینَ. قُلْ بِفَضْلِ اللَّهِ وَبِرَحْمَتِهِ فَبِذَلِکَ فَلْیَفْرَحُوا هُوَ خَیْرٌ مِمَّا یَجْمَعُونَ


“(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, sinələrdə olana (cəhalət, azğınlıq, küfr, şəkk-şübhə və nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir! (Ya Rəsulum!) De: “Allahın fəzli və mərhəməti ilə – ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından daha xeyirlidir!”

Sözsüz ki, bəndə ilə Xaliqi arasında ən yaxşı munis Qurani-Kərimi tilavət etmək və oxumaqdır. Qurani-Kərimin bizə ərməğan gətirdiyi başqa bir imtiyaz nur və bərəkətdir. Rəvayətdə buyurulur ki, evlərinizi Quran tilavəti ilə işıqlandırın; Quranın tilavət olunduğu evin xeyir-bərəkəti artar...! (“Üsuli-kafi”, 2-ci cild, səh.610.)

Bunlarla yanaşı, dini mətnlərimizdə Qurani-Kərimi tilavət etməyin digər dünya və axirət təsirləri və faydaları haqda çox danışılmışdır.

O cümlədən: imanın artması, qəlbin saflığı, günahların bağışlanması, ruhi-psixoloji xəstəliklərin dərmanı, qəm-qüssənin aradan qalxması, gözün işıqlanması, tənhalıq zamanı munis, bərəkətli ömür, duaların qəbul olunması, behiştin yüksək mərtəbəsində qərar tutmaq, ata-ananın qəbir əzabının aradan qaldırılması və s.

2. ALLAHIN RƏSULUNUN ÜZÜNƏ BAXMAQ:


Xanim Fatimeyi-Zəhranın (s.ə.) bizim dünyamızdan bəyənib seçdiyi ikinci əməl Allah Rəsulunun (s) üzünə baxmaqdır və bunun bir neçə səbəbi var: Birinci səbəb odur ki, Allah Rəsulu (s) onun atasıdır və atanın üzünə məhəbbət gözü ilə baxmaq ibadətdir.

İkincisi, Allah Rəsulu (s) böyük alimdir və alimin üzünə baxmaq ibadətdir. Üçüncüsü isə, o həzrət Allahın rəsulu və peyğəmbəridir.

Biz yaşadığımız zamanda Allah Rəsulunun (s) hüzurundan məhrum olduğumuzdan, atalarımıza məhəbbət gözü ilə baxmaq və ona yaxşılıq etmək fürsətini əldən verməyək!

3. ALLAH YOLUNDA İNFAQ:

“İnfaq”, yəni insanın öz ixtiyarında olduğundan başqalarına əta etmək və bağışlamaq. Bu isə həm elm ola bilər, həm də mal-dövlət və hətta başqalarına sevgi və onların dərdinə şərik olmaq.

Allah-Taala Qurani-Kərimdə infaqın əhəmiyyət və dəyərini bəyan etmək üçün onu namazla yanaşı qeyd edir.

“Elə bir əməl var ki, onun vasitəsilə bir çox yaxşılıqlar əldə olunsun?” – sualı haqda düşünən insan onun cavabını “Ali-İmran” surəsinin 92-ci ayəsində tapa bilər. Həmin ayədə buyurulur:

لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ وَمَا تُنفِقُواْ مِن شَيْءٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ


“Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmarsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!”

Möhtərəm oxucular! Artıq Novruz bayramı ərəfəsindəyik. Novruz günlərində təbiət dəyişilib çiçəkləndiyi kimi, biz də özümüzdə dəyişiklik yaradaq, ruhumuzu və mənəviyyatımızı dəyişək, çiçəkləndirək. Nəfsi istəklərimiz uğrunda deyil, Allaha xatir iş görək! Bu günlərdə Allahdan belə istəyək:

Ya muqəllibəl-qulubi vəl-əbsar,

Ya mudəbbirəl-ləyli vən-nəhar,

Ya muhəvviləl-həvli vəl-əhval,

Həvvil haləna ila əhsənil-hal!

“Ey qəlbləri və gözləri dəyişən! Ey gecə və gündüzü idarə edən! Ey ili və halları dəyişən! Bizim halımızı ən gözəl halla dəyiş!” Amin!


(Maide.az)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031