Əzrayil (ə) Həzrət Musanın (ə) canını necə aldı?
Bir gün Əzrayil (ə) Həzrət Musanın (ə) yanına gəlir.
Musa (ə) soruşur: “Ziyarətim üçün gəlmisən, yoxsa ruhumu qəbz etmək üçün?”. Əzrayil (ə) deyir: “Ruhunu qəbz etmək üçün”. Musa (ə): “Mənə bir saat möhlət ver, övladlarımla xudahafizləşim”. Əzrayil (ə): “Möhlət yoxdur”. Musa (ə) səcdəyə düşür və Allaha yalvarır ki, ona övladları ilə xudahafizləşmək üçün möhlət versin. Allah Təala Əzrayilə (ə) xitab edir: “Musaya (ə) möhlət ver!”. Əzrayil (ə) də möhlət verir və Musa (ə) anasının yanına gəlir və deyir: “Qarşıda səfərim vardır”. Anası deyir: “Nə səfərdir?”. Musa: “Axirət səfəridir”. Anası bu sözlərdən ağlayır. Musa (ə) həyat yoldaşının yanına gəlir və uşaqlarını onun yanında görür. Onlarla xudafizləşir. Uşaqları atasının ətəyindən yapışıb, ağlayırlar və Musanın (ə) qəlbi də yanır, o da ağlayır. Allah Musaya (ə) vəhy edir: “Ey Musa! Sən bizim dərgahımıza gəlirsən! Bu ağlamağın nə üçündür?”. Musa (ə): “Ürəyim uşaqlarımın halına yanır”. Allah: “Ey Musa! Onlardan ürəyini qopart. Mən onların qayğısına qalacağam və onları məhəbbət qucağımda böyüdəcəyəm”. Musanın (ə) qəlbi sakitləşir və Əzrayilə (ə) deyir: “Canımı hansı üzvümdən alacaqsan?”. Əzrayil (ə): “Ağzından”. Musa (ə): “Vasitəsiz olaraq Allahı zikr etdiyim ağzımdan canımı alacaqsan?”. Əzrayil (ə): “Əlindən”. Musa (ə): “Tövratı tutduğum əlimdən?”. Əzrayil (ə): “Ayağından”. Musa (ə): “Allaha münacat üçün Tur dağına getdiyim ayaqlarımdan?”. Əzrayil (ə) Musaya (ə) gözəl ətirli bir narıngi verir və Musa (ə) onu iyləyib can verir. Mələklər Musaya (ə) deyirlər: “Ey o kəs ki, peyğəmbərlər arasında ən rahat can vermişdir! Ölümü necə gördün?”. Musa (ə) deyir: “Ölümü, qoyunun diri-diri dərisini soyan kimi gördüm”. /Deyerler.org/ Oxşar xəbərlər
|