Təcrübə olunmuş bəzi dualar haqqında
Bu dualar Rəziyəddin Seyid ibni Tavusun yazdığı "Muhcud-dəəvat” və "Muctəni” kitablarından seçilmiş və iqtibas edilmişdir:
1. İmam Musa ibni Cəfərdən (ə) nəql olunmuşdur ki, Hz. Peyğəmbər (s) Əmirəl-möminin Əliyə (ə) buyurdu: "Hər vaxt bir çətinliyə düçar olsan, bu duanı oxu: İlahi, Səndən Məhəmməd və Məhəmmədin Əhli-beytinin xatirinə Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam göndərmək və məni də qəm-qüssədən qurtarmağını istəyirəm! 2. Həzrət Fatimənin (s.ə) duası: Bağışlayan və mehriban Allahın adı ilə! Ey diri, ey əbədi! Rəhmətinə yalvarıb-yaxarıram ki, mənim fəryadıma yetəsən, məni bir göz qırpımı belə özbaşına buraxmayasan və bütün işlərimi sahmana salasan! 3. İmam Zeynəlabidinin (ə) duası: Bağışlayan və mehriban Allahın adı ilə! Allahın adı və Allahın köməyi ilə! Cin, insan, şeytan, cadugər, Allahın dərgahından qovulmuş cin və insanlar, padşahlar və onlardan əzizlər əzizi və böyüklər böyüyü Allaha pənah aparan hər bir kəsin ağzını bağladım. Zahir, batin, gizli və xəzinədə saxlanılan, göyləri və yeri bərpa edən və ərşi Öz hökmü altına alan Allahın adı ilə! Bağışlaya və mehriban Allahın adı ilə! Etdikləri zülm üzündən onlara deyilən söz yerinə yetər (vəd olunduqları əzab və müsibət başlarına gələr). Onlar heç danışa da bilməzlər! (Allah) buyurar: "Orada zəlil (məyus) vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! (O gün) üzlər (bütün insanlar) əzəli, əbədi olan Allaha təslim olub zəlil bir görkəm alar. Zülmə yüklənən ziyana düşüb mətləbinə yetişməz (ümidsizliyə uğrayar). Rəhmanın (əzəməti, heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən! (Quranı) anlamasınlar deyə, onların qəlblərinə pərdə çəkib qulaqlarına əngəl qoyduq (kar etdik). Sən Quranda Rəbbini bir tək tanrı olaraq andığın zaman onlar nifrət əlaməti olaraq arxalarını çevirib gedərlər. (Ey Rəsulum!) Sən Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasına görünməz bir pərdə çəkərik (onlar səni görməz və sənə heç bir xətər yetirə bilməzlər). Biz onların önlərinə və arxalarına sədd çəkib (gözlərini) bağlamışıq. Buna görə də (Allahın qüdrətinə dəlalət edən əlamətləri) görmürlər. (Kafirlərin qəlb gözü kor edilmiş, bütün iman yolları üzlərinə bağlanmışdır. Onlar zahirən görsələr də, mənən kordurlar). Bu gün onların ağızlarını möhürləyirik. Etdikləri əməllər (qazandıqları günahlar) barəsində onların əlləri Bizimlə danışar. Onlar heç danışa da bilməzlər! Onların ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir. Allahın salamı olsun Məhəmməd və onun pak-pakizə Əhli-beytinə! 4. İmam Sadiqin (ə) duası: Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Ey məxluqatı yaradan, ey ruzini artıran, ey toxumu yaran! Ey nəfəs alanları vücuda gətirən, ölüləri dirildən, diriləri öldürən, həmişə bərpa olan və bitkiləri cücərdən! Sənə layiq olduğu kimi mənimlə rəftar et və mənə layiq olduğu kimi mənimlə rəftar etmə! Sən təqva və məğfirət əhlisən. 5. İmam Kazimın (ə) duası: Əli ibni Yəqtindən nəql olunmuşdur ki, o deyir: "Musa ibni Cəfər (ə)-ı Musa ibni Mehdinin çirkin məqsədindən və pis niyyətindən xəbərdar etdilər. Həzrət, üzünü yanında olanlara tutub buyurdu: "Sizin bu haqda fikriniz nədir?” Onlar dedilər: "Bizim fikrimiz budur ki, sən özünü ondan gizlət və qoru, əks təqdirdə onun şərrindən amanda qalmazsan.” Bundan sonra Həzrət təbəssüm edib, Kəb ibni Malikin şeirini oxudu: Səxinə Rəbbinə qalib olduğunu güman etdi. Amma Allahın bütün qalib olanların çarxına qalib olacağı labüddür! Sonra əllərini göyə qaldırıb dedi: İlahi, bıçağını mənim üçün itiləyən, onu mənim üstümə çəkən, öldürücü zəhərlərlə qarışdıran və pusquda əyləşib məni izləmək üçün yatmayan nə çox düşmənim var! Sən mənim çətinliklər müqabilində zəifliyimi və ağır hadisələr müqabilində çarəsizliyimi gördükdə, onu (düşməni) mənim güc və qüdrətimlə yox, əksinə Öz güc və qüdrətinlə məndən kənarlaşdırdın, mənim üçün qazdığı quyuya atdın və o, dünyada arzusuna çatmaqda naümid oldu və axirətə ümid bəslədiyindən də uzaqlaşdı. Elə isə Sənə layiq olan qədər həmd olsun Sənə, ey mövlam! İlahi, onu Öz izzətinlə tut, Öz qüdrətinlə mənim üçün (hazırladığı) iti silahını kütləşdir, onu öz yanındakılarla məşğul və fəryad etdiklərində (düşmənçiliyində) aciz et! İlahi, məni tez bir zamanda ona qalib və hakim et ki, qəzəbim sönsün və qeyzimdən amanda qalsın! İlahi, duamı qəbul et, şikayətimi dağınıqdan çıxarıb tənzimlə, zülmkarlara vəd etdiyini (qorxu və təhdidi) tezliklə ona, çarəsizləri qəbul etməklə bağlı verdiyin müjdəni isə mənə göstər! Həqiqətən, Sən böyük mərhəmət və kəramətli minnət (nemət) sahibisən. O deyir: "Ondan sonra camaat o həzrətin yanından dağıldılar və Musa ibni Mehdinin ölüm xəbərini eşidib, yenə də bir yerə yığışdılar.” 6. İmam Rzanın (ə) bir vərəqə yazıb cibinə qoyduğu dua: Məmunun xadimi Yasirdən nəql olunmuşdur ki, o deyir: İmam Əli ibni Musa Rzanın (ə) Həmid ibni Qəhtəbənin evinə daxil olub, paltarını əynindən çıxartdı və Həmidə verdi. Həmid də onu yumaq üçün öz kənizinə verdi. Bir az keçməmişdi ki, kəniz qayıdıb, yazılmış bir vərəqi Həmidə verdi və dedi: «Bu vərəqi Əbulhəsən (ə)-ın köynəyinin boynundan tapdım.» Sonra Həmid Həzrətə dedi: «Sənə fəda olum, bu kəniz sənin köynəyinin boynundan bir vərəq tapmışdır, o nədir?» Həzrət buyurdu: «Həmişə özümlə gəzdirdiyim duadır.» Həmid dedi: «Bizi ondan agah edə bilərsənmi?» Həzrət buyurdu: «Hər kəs bu duanı öz boynundan assa (və ya özü ilə gəzdirsə) bəlalar ondan uzaq olar və o, Allahın dərgahından qovulmuş Şeytanın şərrindən uzaq qalmaq üçün bir amannamədir.» Sonra həmin duanı Həmidə öyrətdi və o dua belədir: Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Mən səndən bağışlayan Allaha pənah aparıram. Pəhrizkar olsan da, olmasan da, eşidən və görən Allahın vasitəsilə sənin gözünü bağladım ki, mənə, qulağıma, gözümə, tükümə, dərimə, ətimə, qanıma, beynimə, damarıma, sümüyümə, malıma və Rəbbimin mənə ruzi verdiklərinə hakim olmayasan! Özümlə sənin aranda peyğəmbərlik örtüyü ilə fasilə saldım; belə ki, Allahın peyğəmbərləri özlərini həmin örtüklə zülmkar hakim və fironların hücumlarından qorudular. Cəbrail sağ, Mikayıl sol, İsrafil arxa və Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə) ön tərəfdən (onları qorudular). Allah da mənim işlərimdən xəbərdardır. Səni və şeytanı məndən uzaqlaşdırsın. İlahi, onun nadanlığı Sənin hövsələnə qalib gəlməsin, yoxsa, məni narahat və xar edəcək! İlahi, Sənə pənah aparıram! İlahi, Sənə pənah aparıram! Bu dua haqqında Əbus Səlt Hərəvidən qəribə bir hekayə nəql olunmuşdur ki, o deyir: "Günlərin birində mənim mövlam İmam Əli ibni Musa Rza (ə) öz evində olduğu halda Məmunun elçisi o həzrətin hüzuruna gedib dedi: "Əmir səni çağırır. İmam ayağa qalxıb, mənə dedi: "Məmun çətin və ağır işlə üzləşdiyinə görə, məni çağırır. Allaha and olsun, mənimlə heç vaxt pis rəftar edə bilməz, çünki cəddim Peyğəmbərdən gəlib çatan bu kəlmələr (dua) mənim üstümdədir.” Əbussəlt deyir: «İmam (ə)-la birgə çölə çıxıb, Məmunun yanına getdik. İmamın gözü Məmuna sataşdıqda, bu duanı axıra kimi oxudu. Sonra o həzrət Məmunun qarşısında durdu və Məmun o həzrətə baxıb dedi: «Ey Əbəlhəsən! Əmr etmişəm ki, sənə yüz min dirhəm pul versinlər və hər bir hacət və istəyin varsa, yazılı şəkildə yazıb istəyə bilərsən. İmam Məmuna arxa çevirdikdə, o, İmamın başının arxasına nəzər salıb dedi: «Mən də iradə etmişəm, Allah da! Lakin Allahın iradə və istəyi daha üstündür.» 7. İmam Cavadın (ə) duası: Ey nur, ey aydın dəlil, ey aşkar edən, ey işıqlandıran! Ey Rəbbim, pisliklər və ruzigarın zərərlərində mənə yetərli ol! Səndən "sur” çalındığı gün (qiyamət günü) qurtuluş diləyirəm. 8. İmam Əli Nəqinin (ə) duası: Bağışlayanvə mehriban Allahın adı ilə başlayıram! Ey izzət sahibi olan əziz, Öz izzətində necə də əzizdir izzət sahibi olan əziz! Ey əziz, Öz izzətinlə mənə izzət ver, Öz yardımınla mənə yardım et, şeytanın vəsvəsələrini məndən sovuşdur, Öz müdafiənlə məndən dəf et, Öz işinlə məndən uzaqlaşdır və məni ən yaxşı bəndələrindən qərar ver! Ey yeganə, ey bir, ey tək, ey ehtiyacsız Allah! 9. İmam Həsən Əskərinin (ə) duası: Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Ey çətinliklər zamanı ehtiyatım, ey ağrı-acılar zamanı fəryadıma yetən və ey tənhalıqda munisim! Məni yatmayan gözünlə qoru və əlçatmaz (yenilməz) qüdrətinlə Öz pənahında saxla! 10. İmam Zamanın (ə.c) duası: Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Ey canların sahibi və ey dəstələri pərakəndə edən! Ey qapıları açan və ey səbəblərin səbəbkarı! "Allahdan başqa heç bir tanrı yoxdur və Məhəmməd (Allahın salamı olsun ona və Əhli-beytinə – onların hamısına) Allahın rəsuludur!” – kəlamının xatirinə bizim üçün heç vaxt əldə edə bilmədiyimiz bir səbəb hazırla! 11. İmam Hüseynin (ə) qunutda oxuduğu dua: İlahi! Hamı özünə sığınacaq axtarır və mənim də sığınacağım Sənsən. Hamı özünə pənahgah axtarır və mənim də pənahgahım Sənsən. İlahi! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənim fəryadımı eşit, duamı qəbul et, dönüş yerimi və məskənimi Öz yanında qərar ver. Məni imtahan etdiyin zaman imtahanın fitnələri və şeytanın (mənə) toxunmasından qoru! Sənə and verirəm kimsənin tamahı, yaxud fitnəsi, yaxud da yaxşı xatirələr və bədgümanlıqla qarışmayan, sevinc və şadlığa yaxınlaşmayan əzəmət və böyüklüyünü! Məni müttəhim, müqəssir, bədgüman və şübhəli halda yox, əksinə iradə və istəyinlə Özünə doğru qaytar ki, həqiqətən, Sən mehribanların ən mehribanısan! Müəllif deyir: "Seyid ibni Tavus imamların namaz qılarkən qunutda oxuduqları dualarını özünün "Muhcud-dəəvat” kitabında bir yerə yığmışdır. Həmin duaların həcmi çox olduğu üçün qeyd etdiyimiz bu, bir dua ilə kifayətlənirəm.” 12. Cinlərin və insanların şərrindən amanda qalmaq üçün həzrət Peyğəmbərin (s) duası: Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Allahdan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir. Allahın istədiyi mütləq baş verir və istəmədiyi də baş vermir. Şəhadət verirəm ki, həqiqətən, Allah hər bir şeyə qadir və elmi hər bir şeyi əhatə etmişdir. İlahi, öz nəfsimin və ixtiyarı Sənin qüdrət əlində olan bütün heyvanların (canlıların) şərindən Sənə pənah aparıram! Şübhəsiz, mənim Rəbbim doğru yoldadır. 13. Bu dua təcrübə olunmuşdur. Ənəsdən rəvayət olunmuşdur ki, Hz. Peyğəmbər (s) belə buyurdu: "Hər kim bu duanı hər sübh və axşam oxusa, Allah taala ona dörd (ön, arxa, sağ və sol) tərəfdən yetişəcək ağır hadisələrdən qoruyub saxlamaq üçün dörd mələk göndərər və həmin şəxs həmişə Allahın amanında qalar. İnsanlar və cinlər ona zərər yetirə bilməzlər. Həmin dua belədir: Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Allahın ən yaxşı adları ilə başlayıram! Yerin və göyün Rəbbi olan Allahın adi ilə başlayıram! Allahın o adı ilə başlayıram ki, Onun adı ilə zəhər və dərd əsla ziyan yetirməz! Allahın adı ilə sübhə çıxdım və Allaha təvəkkül etdim. Qəlbim və nəfsimə sahib olan Allahın adı ilə başlayıram! Dinim və əqlimə sahib olan Allahın adı ilə başlayıram! Əhli-əyalım və malıma sahib olan Allahın adı ilə başlayıram! Rəbbimin mənə əta etdiklərinə sahib olan Allahın adı ilə başlayıram! Allahın o adı ilə başlayıram ki, Onun adı ilə yerdə və göydə heç bir şey ziyan görməz. O, eşidən və biləndir. Mənim Rəbbim Allahdır və mən Ona heç bir şeyi şərik qoşmaram. Allah böyükdür. Allah böyükdür. O, bizim qorxub-çəkindiklərimizdən olduqca qüdrətli və ucadır. Sənə pənah aparan əziz, Sənin tərifin böyük və Səndən başqa heç bir tanrı yoxdur. İlahi, mən öz nəfsimin, bütün qəddar soltanların, asi şeytanların, inadkar hakimlərin, acınacaqlı hadisələrin və ixtiyarı Sənin qüdrət əlində olan heyvanların (canlıların) şərindən Sənə pənah aparıram! Şübhəsiz, mənim Rəbbim doğru yoldadır və Sən hər bir şeyin gözətçisisən. Mənim sahibim Quranı nazil edən Allahdır və O, salehlərin sahibidir. "Əgər onlar (Sənə iman gətirməkdən, əmrlərinə itaət etməkdən) üz döndərsələr, de: Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Mən Ona təvəkkül etdim və O, böyük ərşin sahibidir! (O, bütün kainatın xaliqi və ixtiyar sahibidir!)” 14. Həzrət Peyğəmbər (s)-in duası: İlahi! Sənin qəni olmağınla yoxsul olmaqdan, yaxud doğru yola yönəltdiyin halda zəlalətə uğramaqdan, yaxud izzət sahibi olduğun halda xar olmaqdan, yaxud səltənət sahibi olduğun halda mənə zülm olunmaqdan və yaxud hər bir iş Sənin ixtiyarında olduğu halda ayaqlar altında əzilməkdən Sənə pənah aparıram. İlahi! Yalan danışmaqdan, yaxud fəsad və çirkinliyə bulaşmaqdan və yaxud Sənin güzəştinlə məğrur olmaqdan Sənə pənah aparıram. 15. İmam Məhəmməd Baqirin (ə) göstəriş verdiyi dua: Əbu Həmzeyi-Sumalidən nəql olunmuşdur ki, o deyir: "İmam Baqirin (ə) hüzuruna getdim. O həzrət dodaqları hərəkət etdiyi halda, evdən çıxdı və buyurdu: "Mənim nə dediyimi başa düşdünmü?” Dedim: «Sənə qurban olun, bəli!» Buyurdu: "Elə bir sözlər deyirdim ki, hər kəs həmin sözləri demişdirsə, Allah taala onun dünya və axirətlə əlaqədar olan mühüm işlərini həll etmişdir.” Dedim: «Sənə qurban olum, məni həmin duadan agah edə bilərsənmi?» Buyurdu: «Bəli, hər kəs evdən çölə çıxdığı halda bu sözləri oxusa, bütün işlər ona asan olar: Bağışlayan və mehriban Allahın adı ilə başlayıram! Allah mənə yetər. Mən Allaha təvəkkül etdim. İlahi, Səndən bütün işlərimin xeyrini istəyir, dünya rüsvayçılığı və axirət əzabından Sənə pənah aparıram! 16. "Əl vəsailu iləl məsail” kitabında deyilir: İmam Məhəmməd Təqi (ə)-ın xidmətçisi Məhəmməd ibni Haris Nofəlidən belə nəql olunmuşdur: Məmun öz qızını İmam Məhəmməd Təqi ilə (ə) evləndirdiyi zaman, o həzrət ona belə yazdı: Hər bir qadının kişi tərəfindən mehriyyəsi olmalıdır və Allah taala sizə bu dünyada mal-dövlət verdiyi kimi, bizim də mal-dövlətimizi axirətdə zəxirə etmişdir. Mən sənin qızına mehriyyə olaraq "Əl-vəsailu iləl məsail” duasını verirəm və o, atamdan mənə, Musa ibni Cəfərdən də atama, ona da atası Cəfərdən, ona da atası Məhəmməddən, ona da atası Əli ibni Hüseyndən, ona da atası Hüseyndən, ona da qardaşı Həsəndən, ona da atası Əmirəl-möminin Əli ibni Əbi Talib (əleyhimus-salam)-dan, ona da Allahın Rəsulundan çatdığı bir münacat və duadır ki, o həzrətə də Cəbrail (ə) verib demişdir: Ya Məhəmməd! Allah sənə salam göndərir və buyurur: «Bu dua, dünya və axirət xəzinələrinin açarıdır, öz məqsədinə nail olmaq üçün onu vəsilə qərar ver. Bu, on münacatdan ibarətdir, onun vasitəsilə səmanın qapıları sənin üzünə açıq olar və bütün hacətlərin qəbul olar. Kitabın adı: Məfatihul Cinan Oxşar xəbərlər
|