İLAHİ BƏNDƏLƏR KİMLƏRDİR?
“İlahi bəndələr dedikdə, nə nəzərdə tutulur? Kimlər Allahın bəndələri adlanır?” Bu sualda bir neçə nöqtə diqqəti cəlb edir:
1. “Allahın bəndələri” (ibadur-Rəhman) ifadəsi Qurani-Kərimdə iki dəfə işlənib: –Biri “Furqan” surəsinin 63-cü ayəsində: Həmin ayədə belə buyurulur: وَعِبَادُ الرَّحْمَنِ الَّذِينَ يَمْشُونَ عَلَى الْأَرْضِ هَوْنًا... “Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də təmkin və təvazökarlıqla yol gedənlərdir...” Ümumiyyətlə, “Furqan” surəsinin 63-cü ayəsində başlayaraq surənin sonuna qədər Rəhman Allahın həqiqi bəndələrinin on dörd xüsusiyyətindən söz açılır: 1. təvazökarlıq; 2. nadanlarla mülayim rəftar; 3. gecə ibadətləri, xüsusilə, gecə namazı; 4. Allahdan və əzabından qorxu; 5. ifrat və təfritlə mübarizə; 6. hər növ şirkdən uzaqlıq; 7. insanın canı və qanının möhtərəmliyi; 8. iffətsizlik və zinadan çəkinmə; 9. dinə yad məclislərdən uzaqlıq; 10. yersiz işlərdən çəkinmə; 11. təhqiq və təfəkkür; 12. övlad tərbiyəsi; 13. başqalarına örnək olma; 14. həyatın çətinliklərində səbir və dözümlülük. –Digəri isə “Zuxruf” surəsinin 19-cu ayəsində. Həmin ayədə belə buyurulur: وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَنِ إِنَاثًا “Rəhman Allahın (xüsusi) bəndələri olan mələkləri qızlar sandılar...” Rəhman Allah bu ayədə mələkləri Allahın bəndələri adlandırmışdır. Hər iki ayəni yanaşı qoyarkən ilahi bəndələrin mələklərə tay olduğu məlum olur. Demək, bu xüsusiyyətləri əldə edərək rəhman Allahın mələklərinin cərgəsinə qatılmaq böyük səadətdir! 2. Allaha bəndəliyi başa düşmək üçün öncə “übudiyyət” və bəndəçiliyin həqiqi mənasını bilmək lazımdır. Bunu Allaha həqiqi bəndə olub, bəndəliyi tam vücudu ilə hiss edənlər yaxşı şərh edə bilər! Odur ki, məsum imamlara üz tutur və həmin ifadənin şərhini onlardan öyrənirik. Rəhman Allahın həqiqi bəndəsi imam Sadiq (ə) diqqəti cəlb edən bir hədisdə qeyd edilmiş sualı belə cavablandırır: “(Bəndəliyin ilk əlaməti odur ki,) fərd özünü Allahın ona əta etdiklərinə malik bilməsin (bunu heç vaxt yaddaşından silməsin və qəlbən inansın ki, həqiqi malik Allahdır və bizə verdikləri neçə günlük əmanətdir). Çünki (ilahi) bəndələr heç nəyi öz mülkiyyəti hesab etmirlər, mal-dövləti Allahın töhfəsi sanaraq onları Onun bəyəndiyi yerdə sərf edirlər. (Bəndəliyin ikinci əlaməti odur ki,) fərd işlərində özünü tədbir sahibi bilməsin (qadir Allahı bütün işlərə hakim sansın və hər şeyin Onun qüdrətli əlində olduğuna inansın). (Bəndəliyin üçüncü əlaməti odur ki,) fərd ömrü boyu Rəbbinin ona əmr və qadağa etdiklərinə itaət etsin (və Onun razılığından başqa bir şey haqda düşünməsin).” İmam Sadiq (ə) bu üç əlaməti bəyan etdikdən sonra buyurur: “Bunlar təqvalıların ilk dərəcəsidir.”[1] Bəndəliyin daha yüksək dərəcələri də vardır ki, onlara ibadət və raz-niyazla çatmaq mümkündür. 3. Qurani-Kərimdə həqiqi übudiyyət və bəndəliyə dair bir sıra əlamət və xüsusiyyətlər açıqlanır ki, burada onların üçünü qeyd etməklə kifayətlənirik: a) “Hicr” surəsinin 42-ci ayəsində belə buyurulur: إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ “Şübhəsiz, sənin (şeytan) Mənim bəndələrim üzərində heç bir hökmranlığın yoxdur...” Bu ayəyə əsasən, şeytanın təsiri altına düşməmək bəndəliyin nişanələrindən sayılır. Bəzən bir sıra ayələrdə şeytanın Allahın xüsusi bəndələrinə vəsvəsəsi nəticəsində cüzi büdrəyişləri qeyd olunur ki, bu heç də şeytanın onlara hakimliyi deyil. Yaxşı iş, ibadət və raz-niyazdan uzaq olanlar həqiqətdə şeytanın hakimiyyəti altındadırlar. Onlar Allahın bəndələri deyillər! Şeytanın çəngindən qurtulub Allahın lütf və mərhəmət vadisinə daxil olmaq üçün çalışmaq lazımdır. Allah elə bəndələrini bu məqsəd üçün yaratmışdır. b) “Fəcr” surəsinin son ayələrində belə buyurulur: يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ. ارْجِعِي إِلَى رَبِّكِ رَاضِيَةً مَّرْضِيَّةً. فَادْخُلِي فِي عِبَادِي. وَادْخُلِي جَنَّتِي “Ey (təqvanın sayəsində kamala yetən) arxayın nəfs, dön Rəbbinə tərəf! Həm sən Ondan razı, həm də O səndən! Mənim bəndələrimin zümrəsinə, cənnətimə daxil ol!” Bu ayələrə əsasən, insan nəfsin “əmmarə” (əmr edən) və “ləvvamə” (qınayan) mərhələsini müvəffəqiyyətlə arxada qoyaraq bəndəlik məqamını, “mütməinnə” (arxayın) dərəcəsini əldə edir, ruhu asayiş tapır və şeytanın cilovunu birdəfəlik qırır. c) “İsra” surəsinin 53-cü ayəsində belə məlumat verilir: وَقُل لِّعِبَادِي يَقُولُواْ الَّتِي هِيَ أَحْسَنُ إِنَّ الشَّيْطَانَ يَنزَغُ بَيْنَهُمْ إِنَّ الشَّيْطَانَ كَانَ لِلإِنْسَانِ عَدُوًّا مُّبِينًا “Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər məqam üçün sözün ən münasib və gözəlini seçsinlər). Həqiqətdə şeytan (fəsad yaradan sözlər vasitəsilə) onların arasını vurur. Çünki şeytan insana açıq-aşkar düşməndir.” Həqiqi bəndəliyin nişanələrindən biri də dili qorumaqdır. Sözü harada deyib, harada susmağı bacarmayanlar rəhman Allahın bəndələri zümrəsindən kənardır. Rza Şükürlü (Maide.az) [1] “Mizanul-hikmət”, 7-ci cild, səh.12, fəsil: 2451, hədis: 11761. Oxşar xəbərlər
|